Əkilən ümidlər, cücərən pöhrələr Ekologiya

Dünya şöhrətli alim Həsən Əliyev yazırdı ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın təbiəti son dərəcə füsunkardır. Zahirən nə qədər quru və çılpaq görünsə də, daxilən bir o qədər zəngin və rəngarəngdir. Geniş ərazisi, münbit torpağı, saf suyu, təmiz havası, bol Günəş şüası və qüdrətli insan qüvvəsi! Bütün bunlar təbii zənginlik deyilmi?

Ata-babalarımız təbiətin bizə bəxş etdiyi bu əvəzsiz sərvətdən nəinki istifadə etmiş, bu gözəlliklər səltənətinin qayğısına qalmış, ulu yurdun  qoynunda yaşıllaşdırma tədbirləri həyata keçirmişlər. Axı, qədim zamanlardan bağ salmaq, gül əkmək, yaşıllıqlar yaratmaq, ata-babalarımızın ən xoş niyyəti, adəti olub. Ulularımız yaşıllığa bir həyat mənbəyi kimi baxıb, ağac əkib-becərməyi, onu nəsildən-nəslə ərməğan etməyi müqəddəs əməl sayıblar. Ulularımızın “Ağacı arx qırağında ək ki, yıxılanda el-obaya körpü olsun”, “Ağacı çox olan yurdun məzarı az olar”... kimi müdrik kəlamları da elə buradan yaranıb.

Həyatımız və sağlamlığımız üçün ən gərəkli, ən faydalı olan bu sərvət-yaşıllıq torpaqların münbitliyinin qorunmasında, erroziyanın, şoranlaşmanın, səhralaşmanın qarşısının alınmasında, su və atmosfer mühitində balansın tənzimlənməsində, xəstəliklərin qarşısının alınmasında mühüm rol oynadığı kimi, həm də bütün canlıların yaşam təminatçısıdır. Bu sərvətə sahib çıxan ölkələr dünyanın inkişaf etmiş ölkələri sayılır. Tarixçilər bir çox mədəniyyətlərin yer üzündən silinməsini meşələrin məhvi ilə əlaqələndirirlər. Çünki yaşıllıq sənayenin və iqtisadiyyatın yüksəldilməsində həlledici rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “neft tükənən sərvətdir, yaşıllıq isə daimidir”.

Etiraf etməliyik ki, muxtar respublikamızın zəngin bitki örtüyü Azərbaycan florasının 62,4 faizini təşkil etsə də, burada meşələr azlıq təşkil edir. Ata-babalarımız bu torpaqlarda əsasən üzüm və meyvə bağları salmışlar. Ordubadın Dəstə kəndindəki ərik bağları, Sabir, Əndəmic kəndlərindəki şaftalı, ərik, armud, badam bağları, Tivi kəndindəki alma bağı və Bistdəki “Güney bağ”, Culfa rayonunun Dizə kəndindəki badam bağı, Şahbuz rayonundakı ərik, badam və alma bağları və başqa ləzzətli meyvələriylə şöhrət qazanmışdır. Muxtar respublikamızın ərazisi həm də süfrə üzümlərinin yetişdirilməsi ilə məşhur olmuşdur.

Ürək ağrısı ilə qeyd edə bilərik ki, 80-ci illərin sonuna yaxın bu bağlar baxımsızlıq ucbatından məhv olmuşdur. Onu da qeyd edim ki, bu bağların əksəriyyəti dağ çaylarının suları ilə qidalanırdı. Muxtar respublika ərazisində su anbarlarının olmaması ucbatından yaşıllıqların artırılması və mühafizəsinə o qədər də ciddi fikir verilmirdi. Ona görə də ötən əsrin 50-60-cı illərində diyarımızın yaşıl örtüyü 0,6 faiz təşkil edirdi.  O illərin acınacaqlı və ürək ağrıdan mənzərəsini gözlərimiz önünə gətiririk: Naxçıvan şəhərindən başlamış Sədərəyə qədər uzanan yollarda tək-tük görünən ağaclarla birlikdə əsas diqqəti cəlb edən dəvədabanı tikanı idi. Şahbuzda ancaq Kolanı və Batabatda nəzərə çarpan yaşıllıq zolaqları, Ordubad zonasında isə, bəzi meyvə bağları diqqəti cəlb edirdi. Culfa ərazisində də yaşıllıq çox az idi. Naxçıvan şəhərində isə “Böyük bağ” və “Sabir bağı”ndan başqa bir yaşıllıq sahəsi gözə dəymirdi. İnsanlar qızmar yay günlərində sərinləməyə, kölgəsində dincəlməyə yer axtarırdı.

Bəlkə elə buna görə idi ki, akademik Həsən Əliyev özünün yazdığı “Həyəcan təbili” kitabında təbiətin qorunması, zənginləşdirilməsi problemlərindən söhbət açır, gözümüz görə-görə əldən gedən gözəlliyin halına acıyır, ətraf mühitə münasibətdə laqeyd olanlara tənə ilə faciəni  xatırladır, son nəticədə insanı öz beşiyini qorumağa çağırırdı. Böyük təbiət alimi deyirdi: “Bir düzənlikdəki münbit torpağın əmələ gəlməsi üçün min ildən artıq vaxt keçir. Onun yararsız hala düşməsi üçün isə ”əmək" sərf etmək lazım gəlmir. Belə hadisələr azmı olur? Gözümüzün önündəcə əsrlərin övladı olan gözəl bir meşə qurşağı insan ömründən də az bir müddətdə ölümə məruz qalır”.

Müdrik bir xalq məsəli var. Deyərlər ki, “Meşə sudur, su məhsuldur, məhsul isə həyatdır”. Günəş enerjisini planetimizdə üzvi maddəyə çevirən  bitkilər, meşələrdir. Onların məhv edilməsi, bulaqların, çayların qurumasına səbəb ola bilər. Bir el ağsaqqalı söyləyir ki, təbiətin yaxın dostu Həsən Əliyev muxtar respublikamızın təbiətinin qorunmasının əsl keşikçisi olub. 1975-ci ildə muxtar respublikanın rəhbərliyi Batabat suyunun Naxçıvana gətirilməsi təşəbbüsündə olanda, Həsən Əliyev sinəsini qabağa verib, bu faydasız təşəbbüsə öz iradını bildirib. Deyib ki, ana təbiət nə qədər əliaçıq və səxavətlidirsə, onun həm də üzü bozdur, kinlidir, qısqancdır. Onunla hesablaşmayana, ona vurulan zərbəyə qarşı birə beş qüvvətli cavab verir.

Əgər Batabatın suyu Naxçıvana gətirilərsə, bu təbiət muzeyinin fauna və florasından əsər-əlamət də qalmaz. Görkəmli alimin bu haqlı iradından sonra belə bir təşəbbüsün həyata keçirilməsinə son qoyulur. Əvəzində yeni bir layihə həyata vəsiqə alır. Həmin illərdə Naxçıvanda olan görkəmli alim Həsən Əliyevin təşəbbüsü ilə Culfa rayonunun Dizə kəndində 4-5 hektar ərazini əhatə edən “Sarı zəmi” deyilən yerdə “Badam” bağı salınır. Bağı suvarmaq üçün artezian vurulur, göl yaradılır. 10 ildən çox bol məhsul verən bu bağ da 80-ci illərin sonuna yaxın baxımsızlıq ucbatından quruyub, yararsız hala düşür və məhv olur.

Təbii sərvətlərimizi, təbiətimizi və onun gözəlliyini qorumaq ümummilli liderimiz Heydər Əliyevə nəsib oldu. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli və təbiətin zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanmışdır.

Dahi rəhbərin təşəbbüsü ilə 1969-1982-ci illərdə ölkəmizin hər yerində, eləcə də muxtar respublikamızda keçirilən iməciliklər yolu ilə geniş yaşıllıq sahələri yaradıldı. Ərazilərdə körpə fidanlar əkildi. Onların qayğısına qalındı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin qorunması diqqət mərkəzində saxlanıldı. 1969-cu ildə Ordubad Dövlət Yasaqlığı yaradıldı.

Ata-babalarımızın su ilə bağlı arzuları gözündə qalmadı. Ulu öndərin Naxçıvana qayğısı sayəsində Araz dəryaçası yaradıldı. Şərur rayonunda möhtəşəm bir tikintinin əsası qoyuldu. İllərlə boş-boşuna axıb gedən Arpaçay bəndə salındı. Çayın səmti dəyişdirildi. Qranit dağların altından geniş yol salındı. Neçə minillik dağ çayı tunelə sığışdırıldı. Sonradan nəhəng bənd ucaldıldı. Bu çayın suyu min hektarlarla torpağa həyat verdi. Yol kənarlarına əkilən ağaclar göz oxşadı. Muxtar respublikamızın iqtisadiyyatı yüksəldi. Onun iqtisadi bölgələr sırasında xüsusi çəkisi artdı. Atalar demişkən, “Bağa baxarsan bağ olar, baxmazsan dağ olar”, “Nə əkərsən, onu da biçərsən”.

Ancaq haradan bilərdik ki, çox keçməyəcək, bədnam qonşularımızın çirkin niyyəti sayəsində Naxçıvan blokadaya salınacaq, işığı, qazı kəsiləcək. Əhalisi qışın sərt şaxtası ilə üz-üzə qalacaq. Bəzən də körpəsinin soyuqdan donduğunu görən ata onu xilas etmək üçün bir zamanlar kölgəsində əyləndiyi, meyvəsini dərdiyi ağaclarla yanaşı, yol kənarlarındakı daldalanacaq olan ağaclara belə balta çaldı. Atanın istəyi bu idi ki, təki, sobası yansın, beşikdəki körpəsi soyuqdan donmasın, onun yeri isti olsun.

Bəli, 1991-ci ildən 1992-ci ilə keçən qış çox sərt gəldi. Günlərlə elektrik enerjisinə möhtac qalan, təbii qazı çoxdan kəsilən bir məmləkətdə təbiətin də halı insanlar kimi acınacaqlı idi. Hər tərəfdən blokadaya alınan Naxçıvanda həyat iflic olmuşdu. O zaman yenicə vəzifə səlahiyyətinə başlayan Heydər Əliyev də Naxçıvanın sərt qışı ilə üz-üzə dayanmışdı. Bu qışla döyüşdə qalib gəlmək, əhalini qışdan salamat çıxarmaq başlıca məqsəd idi. Günlərlə bu idrak sahibi çıxış yolu axtarırdı: Necə etməli? Kimə müraciət etməli, çıxış yolu nədədir və bu varsa, onu nəyin hesabına etmək olardı? Görürdü ki, daha meşələrdə ağac qalmayıb. Yol kənarlarında bütün ağaclar qırılıb. Artıq adamlar öz həyətlərindəki meyvə ağaclarına qıyırlar. Cavabı məlum sualı verənlərə onun cavabı bir idi: - Dəyməyin, qoyun bu qışdan camaat birtəhər çıxsın. Erkən yazda əvəzlərinə yenilərini əkərik, – deyirdi.

Ulu öndərimiz bu günləri sonralar belə xatırlayırdı: “Mən Şərura gedirdim. Vaxtilə yol boyunca gözəl ağaclar əkilmişdi. Qar dizə qədər idi. Gördüm ki, qadınlar əllərində mişar ağacları mişarlayır, kəsirlər. Gəldim bunların yanına, dedim ay bacılar, axı nə edirsiniz? Bu ağaclar sizə lazımdır. Dedilər ki, bilirik bizə lazımdır. Biz soyuğa dözürük, amma uşaqlarımız donur. Burada nə qədər uşaq soyuqdan donub öldü. Bax, belə ağır şəraitdə biz yaşadıq. Yaşadıq, amma Naxçıvan əyilmədi. Naxçıvan öz iradəsindən dönmədi. Naxçıvan yaşadı və bu günlərə çıxdı”.

“Çətin günün ömrü az olar”–, deyib atalar. O çətin günlər naxçıvanlıların iradəsini qıra bilmədi. Naxçıvan bu ağır və çətin imtahandan üzüağ və alnıaçıq çıxdı. İradə və dözüm, bir də muxtar respublika vətəndaşlarının öz rəhbərinə yüksək inam hissi hər şeyə qalib gəldi. “Erkən yazda əvəzlərinə yenilərini əkərik”, – deyən ümummilli liderimizin təşəbbüsü ilə iməciliklər keçirildi. Kəsilmiş ağaclar yeniləri ilə əvəz olundu. Ümummilli liderimizin məqsədi təkcə yaşıllıqları artırmaq deyil, həm də ekoloji mühitin qorunub saxlanılması idi.

Ekoloji mühitin qorunmasının ilkin şərtlərindən biri elektrik enerjisinin nəqlinə  nail olmaq idi. Həmin illərdə Heydər Əliyevin müdrikliyi nəinki əhalini sonrakı illərdə qışın şaxtasından qorudu, həm də yaşıllıqların məhv edilməsinin qarşısını aldı. Ulu öndər  həmin günləri xatırlayaraq deyirdi:  “O vaxt bizə kömək edən kimlər olublar? Türkiyə və İran. Elektrik enerjisi yox idi. Fikirləşdik, haradan alaq? Yenə də Türkiyə köməyimizə gəldi, elektrik xətləri çəkdilər. Xatirimdədir, o elektrik xətlərini çəkən türkiyəli adamlar 40 dərəcə şaxtada dirəklərin üstündə durub əlləri dona-dona bu xətləri çəkirdilər. Çünki bizi xilas etmək lazım idi. Mən onlardan xahiş etdim, elektrik xətti çəkdilər, bizə bir az elektrik enerjisi verdilər... Mən sonra İrana getdim. İrandan Naxçıvana elektrik xətti çəkdik. O iş də çətin vəziyyətdə oldu. Biz Naxçıvana Türkiyədən, İrandan elektrik xətləri çəkib gətirdik, çətin vəziyyətdən bir az çıxdıq”.

Ulu öndərimiz  siyasi hakimiyyətə qayıtdıqdan sonra da təbiətin mühafizəsi, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması məqsədilə səmərəli istifadə olunması istiqamətində hüquqi aktlar qəbul etmiş, qanunvericilik bazası təkmilləşdirilmişdir. “Ekoloji təhlükəsizlik haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Azərbaycan Respublikası Meşə Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunları ekoloji mühitin sağlamlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Ümummilli liderimizin yaşıllıqla bağlı qəbul etdiyi qərarlar muxtar respublika vətəndaşlarının da ürəyindən xəbər verir.

1996-cı ilin yazından başlanan yaşıllaşdırma və abadlaşdırma tədbirləri vətəndaşlarımızı böyük həvəslə çöllərə çıxardı. Bu hərəkat Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə başladı. Muxtar respublikamızın şəhər və rayonları, qəsəbə və kəndlərində, yol kənarlarında on minlərlə ting basdırıldı, minlərlə yaşıllıq zolaqları yaradıldı. Onların becərilməsi və qayğısına qalmaq ümumxalq işinə, ümumxalq qayğısına çevrildi. İdarə, müəssisə və təşkilatların kollektivləri yaz-payız mövsümündə bu nəcib və xeyirxah işə cəlb olundu. Çox keçmədi ki, Naxçıvan başdan-başa yaşıllığa, gül-çiçəyə büründü.

Ata-babalarımızın bir müdrik kəlamı var: - Ağac əkmək, bağ salmaq hünər deyil. Gərək onu qoruyub saxlamağı bacarasan. Bir ağac kötüyünü qorusan, 5-6 pöhrə verər. Bu gün muxtar respublikamızda yaşıllıqlara göstərilən qayğı belədir. Əkmisən, çox yaxşı, becər, əkdiyin tutsun, ağacların cərgəsinə qoşulsun. Yoxsa təkcə əkməklə iş bitmir. Təbiəti sevmək, onu qorumaq bu gün muxtar respublika vətəndaşlarının amalına çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxışlarının birində təbii sərvətlərin mühafizəsi və onların artırılması barədə danışarkən demişdir: “Təbii sərvətlərin mühafizəsi və onların artırılmasını insanın mənafeyi tələb edir. Hər hansı bir yenilik, tərəqqi, ilk növbədə, insanın rifahının yaxşılaşdırılmasına, sağlamlığının möhkəmlənməsinə xidmət etməlidir. İnsanın sağlamlığı isə onu əhatə edən təbii mühitdən asılıdır. Mühit çirkli və zəhərli olarsa, insanı heç bir qida ilə təmin edə bilməz”.

 Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikasında yaşıllaşdırma, təmizlik və abadlıq aylığının keçirilməsi haqqında” 1 mart 2001-ci il tarixli sərəncamını xüsusilə qeyd etmək yerinə düşər. Həmin sərəncamdan sonra muxtar respublikada hər ilin yaz-payız aylarında yaşıllaşdırma, təmizlik və abadlıq aylığı elan olunmuş, iməciliklərin keçirilməsi ənənə halını almışdır.

Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, sürətlə inkişaf etməsin. Təbii ki, sürətli inkişaf istər-istəməz ətraf mühitə təsir göstərə bilir. Bu da, öz növbəsində, ekoloji tədbirlərin geniş şəkildə həyata keçirilməsini tələb edir. Ona görə də bu məsələ dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş, 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan olunmuşdu.

Bu istiqamətdə muxtar respublikamızın coğrafi mövqeyi, relyefi, təbii iqlim və torpaq xüsusiyyətləri, su potensialı nəzərə alınmış, meşəsalma və meşəbərpa tədbirlərinə xüsusi əhəmiyyət verilmişdir. Son illər ərzində muxtar respublika ərazisində 12 min hektardan çox sahədə yeni yaşıllıqlar salınmış, meşə fondu torpaqlarında, şəxsi mülkiyyətdə, bələdiyyə mülkiyyətində olan təbiət ərazilərində təbii bərpa nəticəsində yaşıllıqların həcmi dəfələrlə artmışdır. Təkcə ötən ildə 440 mindən çox ağac əkilmiş, yaşıllıq sahələri genişləndirilmişdir.

Sürüşməyə meyilli ərazilərdə meşə massivləri və meyvə bağları salınmışdır. Naxçıvançay, Gilançay, Əlincəçay vadilərində, xüsusilə mühafizə olunan təbiət ərazilərində, Darıdağ ərazisində, İşgəsu massivində, “Əshabi-Kəhf” ziyarətgahına gedən yolun sağ və sol hissələrində, ziyarətgah ətrafında, Didivar kəndi ərazisində mövcud təpələrdə terras üsulu ilə, Duzdağ Fizioterapiya Mərkəzi ətrafında, Naxçıvan-Sədərək, Naxçıvan-Şahbuz-Batabat və Naxçıvan-Ordubad magistral avtomobil yolları boyunca Arpaçay sol sahil kanalının aşağı sahillərində, Vəlidağ ətrafında yaşıllıq və meşə-meliorativ tədbirləri həyata keçirilmişdir. Bu tədbirə təkan verən amillərdən biri muxtar respublikamızda Heydər Əliyev su anbarının tikilməsi olmuşdur. Nəticədə muxtar respublikamızın yaşıllıq örtüyü ümumi ərazinin 12 faizini təşkil edib.

Son 20 il ərzində Naxçıvanda bu istiqamətdə aparılan işlər muxtar diyarımızı gözəlliklər məskəninə çevirib. Gözəlliyin isə əsas atributu, simvolu təmizlikdir. Əvvəllər Naxçıvanda bir anlığa külək əsəndə adam daldalanmaq üçün yer axtarırdı. İndi isə Naxçıvan şəhəri kimi rayonlarımızın hər birində təmizlik yaradılan gözəlliklər kimi  adamı valeh edir. Bu gün gülzara çevrilən, abadlaşdırılan küçələr, park və xiyabanlar göz oxşayır, hər bir naxçıvanlını sevindirir, zəhmətə həvəsini artırır.

Ali Məclis sədrinin bir-birinin ardınca verdiyi sərəncamların və qəbul olunan dövlət proqramlarının icrası bu gün muxtar respublikamızı yaşıl bir diyara çevirib. Şahbuz Dövlət Təbiət Qoruğu, “Arazboyu” və “Arpaçay” Dövlət Təbiət yasaqlıqları və ölkə Prezidentinin sərəncamı ilə yaradılan akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı diyarımızın əsl rahatlıq və istirahət guşələrinə çevrilib. Qədim diyarımıza gələn turistlər bu təbiət muzeylərinin onlara bəxş etdiyi təmiz havadan və saf sudan könülxoşluğu, ürəkaçıqlığı ilə danışırlar. İran İslam Respublikasından diyarımıza gələn və Naxçıvanla yaxından tanış olan turistlərdən biri deyir:

– Mən Naxçıvanda ilk dəfə 1994-cü ilin yayında olmuşam.

O zaman istəyim “Əshabi-Kəhf”i ziyarət etmək idi. Buna nail oldum. Amma deyim ki, Culfa şəhərindən ziyarətgaha —

“Əshabi-Kəhf”ə qədər uzanan yol nəinki daşlı, toz-torpaqlı idi, heç yaşıllıq da gözə dəymirdi. Maşınımızın şüşələrini bərk-bərk bağlamışdıq ki, içəriyə toz-torpaq dolmasın. Ziyarətgahı ikinci dəfə 2014-cü ildə yenidən ziyarət etdim. Bu dəfə heyranedici bir mənzərə ilə qarşılaşdım. Burada hər şey dəyişmişdi. “Əshabi-Kəhf” abidəsinin içərisində bərpa işləri aparılmış, yollar hamarlanmışdır. Sevindirici hal o idi ki, yol kənarlarında səliqə ilə əkilən ağaclar yaşıl bir tuneli xatırladırdı. Siz sabahkı nəslə böyük sərvət bəxş etmisiniz.

 Həmçinin, Şahbuz rayonunun “Batabat” yaylağına elə həmin illərdə gedən jurnalist həmkarım indi o yollar haqqında fikirlərini açıqlayaraq bildirdi ki, 90-cı illərdə Batabata doğru uzanan yollar o qədər dar, çılpaq və yöndəmsiz idi ki, adam yaylağa çatana kimi bezirdi gördüklərindən. Amma bu gün istərdim ki, o yol o qədər uzun olsun ki, saatlar günlərə qovuşsun. Çünki   yolboyu heyrətamiz bir yaşıllıq, təmizlik, səliqə-sahman adamın könlünü oxşayır.

Bəli, bu gün muxtar respublikamıza gələn turistlərin hamısı diyarımız haqqında xoş sözlər söyləyir, bu gözəlliyə olan məftunluğunu gizlətmirlər.

Bu gün iftixar hissi ilə deyə bilərik ki, ata-babalarımızın arzuları çin olub. Onların bir vaxtlar həsrətini çəkdiyi yaşıllıqlarla bağlı ümidləri göyərib. Cücərən pöhrələr–yaşıllıqlar muxtar respublikamızı öz ağuşuna alıb. Diyarımız, sözün həqiqi mənasında, gülüstana dönüb.

Torpağa sevgidən boy atıb  

yurdum,

Şöhrəti yayılıb indi hər yana.

Sevinclə, qürurla söyləyir

hər kəs,

Naxçıvan dönübdür bir

gülüstana.

Rövşən HÜSEYNOV,
Naxçıvan Mətbuat
Şurasının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında