Ekoloji problemlərin aradan qaldırılmasına diqqət artırılır

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ətraf mühitin və ekoloji tarazlığın qorunması ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, dövlət başçısı elə bir tədbir yoxdur ki, orada ekologiyanın qorunması, ətraf mühitin sağlamlaşdırılması məsələlərinə toxunmasın, bununla bağlı lazımi tövsiyə və tapşırıqlarını verməsin.

Dövlət başçısı Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu vacib məsələdən bəhs edərək demişdir: “Mən ekoloji vəziyyətlə bağlı dəfələrlə məsələ qaldırıram və şadam ki, Bakıda ekoloji vəziyyət yaxşılaşır. Son mühüm nailiyyət Böyükşor gölü ilə bağlıdır. Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində yuxarıdan çəkiliş aparılarkən biz Böyükşor gölünün mənzərəsini də görürdük. Görürdük ki, bu, indi şəffaf, gözəl bir göldür. Vaxtilə bu, ekoloji fəlakət gölü idi... Böyükşor gölünün ikinci hissəsinin təmizlənməsi davam etməlidir. Bu il və gələn il bu məqsədlər üçün vəsait ayrılmalıdır. Beləliklə, şəhərdə gözəl göl yaranacaq... Zığ gölünün təmizlənməsi prosesi də bu il başlamalıdır. Bu məqsədlər üçün də büdcədən vəsait tapın və biz bunu da yubatmayaq”. Bununla yanaşı, Prezident İlham Əliyev Bakıda vaxtilə ekoloji fəlakət zonası sayılan ərazidə yaradılan Ağ Şəhər bulvarının genişləndirilməsi ilə bağlı konkret tapşırıqlarını vermişdir.

Ətraf mühitin qorunmasına mühüm töhfələr verən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) də bu istiqamətdə  reallaşdırılan dövlət proqramları çərçivəsində təxirəsalınmaz işlər görür. SOCAR-ın nəzdində müasir standartlara uyğun Tullantıların İdarə Edilməsi Mərkəzinin yaradılması layihəsi ilə bağlı həyata keçirilən tədbirlər bu baxımdan diqqəti cəlb edir. Xatırladaq ki, bu mərkəzdə neft-qaz və neft-kimya sənayesində istehsalat zamanı formalaşan təhlükəli tullantıların ekoloji cəhətdən təhlükəsiz emalı və utilizasiyası həyata keçiriləcəkdir.  Yeri gəlmişkən, bir neçə il bundan əvvəl şirkət tərəfindən  ölkəmizdə yaradılmış ilk “Ekoloji park” ətraf mühitin, ekoloji tarazlığın  qorunmasına verilən yüksək dəyərin bariz nümunəsi idi.  Xatırladaq ki, parkda müasir tipli şitilxananın salınması, burada rekultivasiya olunmuş torpaqlarda toxum və şitillərdən ağac tinglərinin yetişdirilməsi üçün bioseleksiya işlərinin aparılması və Abşeron yarımadasının nadir, nəsli kəsilməkdə olan kol və ağac bitkilərinin çoxaldılması, suya və enerjiyə, resurslara qənaət etməyə imkan verən damcı suvarma sisteminin tətbiqi ekologiya sahəsində reallaşdırılan nadir layihələr sırasına aid edilə bilər.  “Ekoloji park”da diqqəti çəkən daha bir məqam elektrik enerji təchizatının alternativ enerji mənbələri hesabına ödənilməsidir. Bu sahədə böyük işlər görülmüş, parkda külək generatorları və günəş panelləri quraşdırılmışdır.

SOCAR-ın “Azneft” İstehsalat Birliyində də cari ilin ötən aylarında bu sahədə mühüm nailiyyətlər qazanılmışdır. Belə ki, ilin əvvəlindən birliyin hasilat sahələrində formalaşan tullantıların emalının təşkili, ərazilərin təmizlənməsi, infrastruktur layihələrinin həyata keçirilməsi üçün əlverişli ekoloji şəraitin yaradılması, yaşıllıq zolaqlarının salınması işləri uğurla davam etdirilmişdir. Lay sularının qapalı sistemdə idarə olunması məqsədilə neft və qazçıxarma idarələrində neftlə birlikdə hasil olunan 3 milyon 268 min kubmetr lay suyundan 2 milyon 799,4 min kubmetri utilizasiya edilmiş, qalan hissəsi isə texniki məqsədlər üçün (quyuların əsaslı və cari təmirində) istifadə olunmuşdur. Bununla yanaşı, quyularda aparılan təmir işləri zamanı ətraf mühitin qorunması məqsədilə yeddi qapalı yuma qurğusu hazırlanıb istifadəyə verilmişdir. Nəticədə dənizdəki neft və qazçıxarma idarələrində belə qurğuların sayı 35-ə çatdırılmışdır.

Cari ilin ötən dövründə Azərbaycan dəniz neftçıxarma sənayesinin beşiyi sayılan Neft Daşları adasında  lay sularının qapalı sistemdə utilizasiyası məqsədilə “Neft Daşları” NQÇİ-nin 2a saylı iriləşdirilmiş neftyığma məntəqəsində quraşdırılacaq müvafiq avadanlığın layihəsi verilmiş, dizaynı tərtib olunmuş, avadanlıq sifariş edilmişdir. Hazırda qurğunun tikinti-quraşdırma işləri davam etdirilir. Bu ilin əvvəlindən birliyin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində də ekoloji sahədə mühüm işlər görülmüşdür. Xatırladaq ki, idarənin  “Zirə” sahəsində formalaşan lay suları hazırda uducu quyularda utilizasiya olunur. “Qala” sahəsində isə lay sularının tam utilizasiyası üçün seçilmiş quyulara xətlər çəkilmişdir. Cari ilin sonuna kimi həmin sahədə lay sularının qapalı sistemdə utilizasiyası təmin olunacaqdır.

Neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində də işlər getdikcə intensivləşdirilir. Bu ilin ötən yeddi ayı ərzində 8,6 hektar sahədə mexaniki rekultivasiya və abadlıq işləri aparılmış, yeni yaşıllaşdırma sahələrində 15701 ədəd müxtəlif növ ağac və gül kolları əkilmişdir. 2015-ci ilin yanvar-iyul aylarında “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində formalaşmış 1385,2 ton müxtəlif növ tullantılar aidiyyəti qurumlara təhvil verilmişdir. Ətraf mühitə atılan bərk məişət tullantılarının qarşısının alınması məqsədilə Çilov adasında və “Neft Daşları” NQÇİ-də quraşdırılmış A 2600 HF tipli sobada 86,5 ton bərk məişət və mətbəx tullantıları yandırılaraq zərərsizləşdirilmişdir.

Birliyin ayrı-ayrı əmək kollektivlərində çalışan neftçilərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına da diqqət getdikcə artırılır. Bu baxımdan dənizdə çalışan neftçilərin su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər diqqəti daha çox cəlb edir. Bu ilin ötən dövründə  “28 May”, “Neft Daşları” və “Abşeronneft” NQÇİ-lərdə quraşdırılmış “Əks Osmos” qurğuları vasitəsilə 171,1 min kubmetr həcmində dəniz suyu şirinləşdirilmişdir.

Ekoloji problemlərin həllinə xüsusi diqqət yetirildiyi “Azneft” İstehsalat Birliyinin idarə və müəssisələrində ilin əvvəlindən132 monitorinq keçirilmiş, aşkarlanmış ekoloji pozuntular dərhal aradan qaldırılmış, ətraf mühitin mühafizəsinə dair təbliğat və maarifləndirmə işləri aparılmışdır. Bu  sahədə işlərin ilin sonunadək daha intensiv şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında