Ekologiya və ətraf mühitin mühafizəsi dövrün qlobal problemidir

Bu gün  qloballaşan dünyanın  ekologiya problemlərinin həllində əksər  dövlətlər öz  səylərini birləşdirməkdədir.  Nüfuzlu beynəlxalq  təşkilatlar  bu sahədə irimiqyaslı  layihələr həyata keçirir, baş verə biləcək  ekoloji  fəlakətlərin  qarşısını almaq  üçün  yollar axtarırlar. Dünya birliyində  özünə layiqli yer tutan  Azərbaycan Respublikası da  ekoloji  problemlərin həllində beynəlxalq  əlaqələrini  genişləndirir.

Mövcud problemlərin həll edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən beynəlxalq təşkilatlarla, donor ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Belə ki, BMT-nin İnkişaf ,  Ətraf Mühit, Sənayenin İnkişafı proqramları, NATO, ATƏT, Qlobal Ekoloji Fond, Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Bankı, Asiya Bankı, Ümumdünya Vəhşi Təbiət  Fondu və s. təşkilatlarla əməkdaşlıq davam etdirilir. Bununla bərabər müvafiq sazişlər əsasında inkişaf etmiş ölkələrlə ikitərəfli əməkdaşlıq əlaqələri qurulur.

Ətraf mühit sahəsində beynəlxalq müqavilələrə qoşulmağa da böyük diqqət yetirilir. Belə ki, Azərbaycan Respublikası bu günə kimi 20-dən artıq   konvensiyaya qoşulmuş, müvafiq protokollar imzalamışdır.  

 Bu müddət  ərzində  Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistanın işğalçı siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsi xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəlikdə duran əsas mövzu olmuşdur. Azərbaycanın səyi nəticəsində BMT-nin “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”sı (ESPOO) çərçivəsində Ermənistan ərazisində yeni nüvə reaktorunun tikilməsi ilə əlaqədar Ermənistan Respublikasının

ESPOO Konvensiyası” üzrə öhdəliyini pozduğuna dair qərar qəbul edilmişdir.  Məlum olduğu kimi, konvensiyanın icraiyyə komitəsinə məsələnin nəzarətdə saxlanılması, eləcə də aidiyyəti üzrə monitorinq edilməsi barədə mandat verilmişdir.

Azərbaycanda həyata keçirilən neft və qaz layihələrinin icrası ilə əlaqədar Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı qaldırılmış iddia əsassız hesab edilərək Azərbaycan tərəfinin öz öhdəliklərini pozmadığı haqqında Espoo Konvensiyası üzrə qərar qəbul edilmişdir. Ətraf mühitin mühafizəsi ilə bağlı  bir sıra ölkələrlə  müqavilələr imzalanmışdır.

Ötən il  fevralın 20-də  Bakı şəhərində “Azərbaycan Respublikası hökuməti ilə Bolqarıstan Respublikası hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanması  bu sahədə mühüm addımlardan idi.

Digər mühüm addım isə ölkə rəhbərliyinin İran İslam Respublikasına səfəri çərçivəsində “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərin İnkişafı Nazirliyi arasında meteorologiya və əlaqədar məsələlərə dair” imzalanmış  Anlaşma Memorandumudur.

Ötən il Azərbaycanın  Beynəlxalq Təbiəti Mühafizə İttifaqına (IUCN) qoşulması  beynəlxalq əlaqələrin inkişafında mühüm addım kimi  qiymətləndirilməlidir. Bakı şəhərində “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional komissiya”nın 3-cü iclası keçirilmişdir. Elə həmin  il  Həştərxanda keçirilən Xəzəryanı Ölkələrin Dövlət Başçılarının IV Sammiti çərçivəsində  həmin dövlətlərin müvafiq nazirlikləri tərəfindən  imzalanmış  “Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq Sazişi”  mühüm əhəmiyyətə malikdir:

2014-cü ildə “Bakı Ekspo Mərkəzi”ndə ətraf mühitin mühafizəsi üzrə 5-ci beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” (“CTE 2014") sərgisi keçirilmişdir. Bu sərgi 5 il ərzində Xəzəryanı və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən mühüm tədbir statusu qazanmışdır. Bu illər ərzində 323 şirkət ekologiya üzrə ən yeni məhsullarını nümayiş etdirib. “CTE” yubiley sərgisində 11 ölkəni, o cümlədən Azərbaycan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İtaliya, İsveç, Rusiya, Türkiyəni və digər ölkələri təmsil edən 77 şirkət iştirak etmişdir. Eyni zamanda, Aşqabadda keçirilmiş “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın 5-ci Tərəflər Konfransı zamanı Konvensiya Katibliyinin 2015-ci ildən Azərbaycanda yerləşdirilməsi qərara alınmışdır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında