Qlobal iqlim dəyişikliyi ekoloji balansı pozur

XX əsrin sonlarından etibarən dünya alimlərini, ekoloqları və ətraf mühiti mühafizə işçilərini ciddi şəkildə narahat edən əsas problemlərdən biri qlobal iqlim dəyişikliyidir. Qlobal iqlim dəyişikliyi nədir? Bu proses Yer kürəsində necə baş verir? Onu törədən başlıca amillər hansılardır?  Bu sualların cavabı son 30 ildə dünya alimlərini daha çox düşünməyə vadar edir.

Çünki ardı-arası kəsilməyən təbii fəlakətlər və yaxud da son illər qış və yay fəsillərində ekstremal iqlim şəraitinin hökm sürməsi diqqətdən yayınmır. Anomal iqlim dəyişikliyi nəticəsində yaranan  təbii fəlakətlərin miqyası isə ildən-ilə artmaqda davam edir. Qlobal istiləşmə səbəbindən dünyanın müxtəlif yerlərində qasırğa, sel və daşqınların şiddəti və sıxlığı artdığı halda, bəzi bölgələrdə uzunmüddətli quraqlıq və səhralaşma baş verir. Qışda istilik artır, yaz erkən gəlir, payız mövsümü gecikir, heyvanların köç dövrləri dəyişir. Yəni, bir sözlə, nəinki iqlim, ana təbiət dəyişir. Bunun nəticəsində dəyişikliklərə dözə bilməyən bitki aləmi və heyvan növləri ya tamamilə yox olur, ya da azalır.

Qlobal iqlim dəyişikliyi Yer kürəsində ekoloji tarazlığın və enerji balansının pozulmasına səbəb olur ki, bu da ətraf mühitə təsirsiz ötüşmür. Alimlərin fikrincə, Günəşdən Yer kürəsinə nə qədər enerji daxil olursa, bir o qədər də enerji planetimizin səthindən qayıtmalıdır. Əgər enerji qayıtmırsa, bu, ekoloji balansın
açıq-aşkar pozulduğunu göstərir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) son illər iqlim dəyişikliyi ilə mübarizəyə həsr etdiyi hesabatlarında da göstərilir ki, son 150 ildə 2007-ci il  ən isti il olmuşdur. Yer kürəsinin temperaturu isə son 150 ildə 1 dərəcə yüksəlmişdir. Bu yüksəlişin 50 faizi son 25 ilə təsadüf edir. Mütəxəssislərin fikrincə, Yer kürəsində temperatur bu sürətlə yüksəlməkdə davam edərsə, 2050-ci ilə qədər hərarət  2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. Bu isə yaxın 100 ildə planetimizdə suda və quruda yaşayan bir sıra canlıların tamamilə yox olmasına gətirib çıxarar. Dediklərimiz bir daha ona işarədir ki, artıq ətraf mühitin qorunması üçün bəşər övladı bütün gücünü səfərbər etməlidir. Çünki iqlim dəyşikliyi nəinki insanların, hətta bütün canlıların varlığı üçün real təhlükədir. Bunu son bir neçə ayda dünyanın bir çox yerlərində, o cümlədən Yaponiya və Hindistanda anomal istilər səbəbindən minlərlə insanın həyatını itirməsi faktı da sübut edir.

Qeyd edək ki, artıq ötən əsrdən başlayaraq bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilməyə başlanıb. Belə ki, 1990-cı ildə Nobel mükafatı laureatı olan qırx doqquz alim hələ o zaman bəyan etmişdi ki, “qlobal istiləşmə XXI yüzilliyin ən ciddi ekoloji təhlükəsidir və biz gələcək nəsillərin bu təhlükə ilə üzləşməyəcəklərinə əmin olmaq üçün indidən ölçü götürməliyik”.

1997-ci ilin dekabrında isə Yaponiyanın Kioto şəhərində BMT-nin iqlimin dəyişməsi üzrə üçüncü konfransı keçirilib. Həmin konfransda dünyanın 171 ölkəsinin dövlət nümayəndələri Yer kürəsinin temperaturunun və iqlimin dəyişməsinə səbəb olan karbon qazı və digər çirkli məişət tullantılarının azaldılması üzrə saziş (Kioto protokolu) imzalayıblar. Həmin sazişə görə, dünyanın sənaye cəhətdən inkişaf etmiş 38 ölkəsi atmosferə karbon qazı buraxılmasını əhəmiyyətli dərəcədə azaltmaq barədə qərar qəbul ediblər.

Xatırladaq ki, 2000-ci ilin noyabr ayında Haaqa şəhərində BMT və Ümumdünya  Səhiyyə Təşkilatı tərəfindən təşkil olunmuş İqlim Dəyişikliyi üzrə Beynəlxalq Konfransda istixana effekti probleminə toxunularaq bildirilib ki, karbon qazının atmosferdə olan miqdarı artmaqda davam edərsə, temperaturun yüksəlməsi  nəticəsində 100 ildən sonra qlobal fəlakətlərin miqyası daha da artacaq. Bundan başqa, ayrı-ayrı elmi məktəblər tərəfindən və müxtəlif zamanlarda verilmiş proqnozlar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Məsələn, yuxarıda sadaladıqlarımızdan fərqli olaraq, bəzi amerikalı tədqiqatçılar 1980-ci illərdə belə güman edirdilər ki, XXI əsrin birinci rübünün sonuna kimi Yer atmosferinin illik orta temperaturu 1,5 °C, Arktikada havanın maksimal yay və qış temperaturları isə 10-15°C artacaqdır. Bu, Yer iqliminin kəskin surətdə dəyişməsinə səbəb olacaq. Bu halda əbədi donuşluq zonasının cənub sərhədləri xeyli şimala tərəf çəkiləcək, Arktikadakı buzların çox hissəsi əriyəcək, Qrenlandiyanın buz örtüyü ildə 0,5-0,7 metr azalacaq, Antarktidadakı şelf buzlaqları dağılmağa başlayacaq. Mülayim qurşaqda qlobal istiləşmənin təsiri bundan az hiss olunacaq.

Alimlərin fikrincə, kontinental buzlaqların tam əriməsi və suyun istidən genişlənməsi nəticəsində okeanların səviyyəsi indikinə nisbətən 70-80 santimetr artacaq, hazırda milyonlarla insanın məskunlaşdığı sahilyanı yaşayış məntəqələri su altında qalacaq. Çayların deltaları və aşağı axarları ətrafında yerləşmiş münbit torpaqların su altında qalması nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı kəskin surətdə aşağı düşəcək və bütün dünyada ciddi ərzaq qıtlığı başlayacaq. Siklonların və antisiklonların illik hərəkət trayektoriyaları dəyişəcək və bu, iqlimin daha da dəyişməsinə, bir çox bitki və heyvan növlərinin nəslinin kəsilməsinə səbəb olacaqdır.

İqlim Dəyişmələri üzrə Beynəlxalq Komissiyanın hesablamalarına görə, əgər istilik effekti yaradan qazların havaya atılmasını azaltmaq üçün radikal tədbirlər görülməzsə, atmosferdə karbon qazının miqdarının iki dəfə artması nəticəsində yaşadığımız əsrin sonunda qlobal istiləşmə 2,5 °C və bəlkə də 5,8- 6°C olacaqdır. Bu rəqəm arxasında regional,  hətta qlobal xarakterli real coğrafi dəyişikliklər durur.

Bəzi tədqiqatçılar və bir qrup alim isə yuxarıda deyilənlərin tam əksinə olaraq Antarktidanın və Qrenlandiyanın materik buzlarının əriyəcəyi fərziyyəsinin yanlış olduğunu iddia edirlər. Mütəxəssislər qeyd edirlər ki, Antarktidanın buz örtüyü 35 milyon il əvvəl əmələ gəlmiş və o vaxtdan Yer kürəsində indikindən də güclü istiləşmələr zamanı nəhəng buz təbəqələri salamat qalmışdır. Həmin tədqiqatçılar güman edirlər ki, qlobal istiləşmə Antarktidanın və Qrenlandiyanın buz örtüklərinin bir qədər kiçilməsinə səbəb olacaqdır. Okean səviyyəsi isə 50 santimetrə qədər arta bilər ki, bu da bəşəriyyət üçün böyük təhlükə yaratmayacaqdır.

Digər bir fikir də var ki, qlobal istiləşmənin səbəblərini əsasən insan tərəfindən atmosferə atılan istixana qazlarının miqdarının artması ilə əlaqələndirmək də düzgün deyildir.

Məlumat üçün deyək ki, Böyük Britaniya tədqiqatçılarının fikrincə, qlobal istiləşmə nəticəsində bu əsrin sonuna qədər quruda yaşayan heyvanların üçdə bir hissəsi, bitki növlərinin isə yarısı məhv olacaq. Bildirilir ki, bu dəyişikliklər əsasən Mərkəzi Afrika, Amazon çayı hövzəsi və Avstraliyada baş verəcək. Qeyd edək ki, tədqiqat iki il öncə 50 mindən çox heyvan və bitki növü üzərində aparılıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında