Təkrar emal nəticəsində Bakıda tullantıların basdırılması 4 dəfə azalıb

Dünyada məişət tullantılarının həcmi ildən-ilə artır. Azərbaycanda da əhalinin rifah səviyyəsinin yüksəlməsi nəticəsində istehlak səbətinin genişlənməsi və əhalinin sayının çoxalması tullantıların artmasına səbəb olur.

Adambaşına düşən tullantı miqdarına görə ABŞ ilk sıralardadır. Burada bir nəfərə illik təxminən 750 kiloqram tullantı düşür. Bu rəqəm İsveçrədə 700, Almaniyada 600, Belçika, Xorvatiya və Türkiyədə 500 kiloqramdır. Azərbaycanda bu göstərici 400 kiloqrama yaxındır və bu sahədə artım müşahidə olunmaqdadır. Estoniya, Çexiya, Slovakiya və Rumıniyada isə adambaşına düşən tullantının illik miqdarı daha az - 300 kiloqramdır.

Tullantıların idarə olunması sahəsində ən arzuolunmaz üsul onun torpağa basdırılaraq zərərsizləşdirilməsidir. Bu üsuldan istifadəni azaltmaq üçün dünyanın qabaqcıl ölkələrində tullantıdan müxtəlif formalarda faydalanmaq siyasəti həyata keçirilir. Məsələn, tullantılardan təkrar emal zamanı xammal kimi istifadə edilir. Həmçinin, tullantılar yandırılır və bu zaman ondan elektrik və istilik enerjisi alınır.

Qərb ölkələri tullantılarından maksimum dərəcədə təkrar emal və enerji xammalı kimi istifadə etməyə çalışır. Bu müasir yanaşma Azərbaycanda da tətbiq olunur. “Təmiz Şəhər” ASC-dən verilən məlumata görə, Azərbaycanda həyata keçirilən tullantıların idarə edilməsi siyasəti nəticəsində son 4 ildə Bakıda basdırılaraq zərərsizləşdirilən tullantıların miqdarı 4 dəfə azalıb. Balaxanı qəsəbəsində tullantıların çeşidlənməsi və yandırılması zavodları fəaliyyət göstərir ki, basdırılmaya qədər yuxarıda qeyd olunan proseslər həmin zavodlarda həyata keçirilir. Belə ki, 7-8 il bundan əvvəl Bakı şəhərindən yığılan tullantılar Balaxanı poliqonuna  və digər tullantı sahələrinə daşınırdı. Açıq vəziyyətdə qalan tullantılar isə ekoloji fəlakətə yol açırdı. Tullantıların atıldığı bu ərazilərdən yayılan üfunət hətta uzaq məsafələrdə də hiss olunurdu. Paytaxt sakinləri yaxın keçmişədək Balaxanı poliqonundakı tüstülənmədən və üfunət iyindən əziyyət çəkirdi.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin strukturları paytaxtdan yığdığı tullantını “Təmiz Şəhər” ASC-ə təhvil verir. Səhmdar Cəmiyyət qəbul etdiyi tullantıların çeşidləməyə yararlı hissəni Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləyir. Plastik, metal, kağız, şüşə kimi materiallar ümumi kütlədən seçilir və bu materiallar təkrar məhsul emal edən müəssisələrə göndərilir. Yandırılmaya yararlı hissə digər zavodda - Tullantıların Yandırılması Zavodunda yandırılır və ondan elektrik enerjisi istehsal edilir. Bu enerji ilə həm zavod öz ehtiyaclarını qarşılayır, həm də istehsal etdiyi enerjini ölkənin ümumi enerji şəbəkəsinə ötürür. Tullantıların Yandırılması Zavodu tərəfindən indiyədək  366 milyon 740 min kilovat saat elektrik enerjisi istehsal olunub ki, onun da az bir hissəsi daxili ehtiyaclar üçün sərf olunub və qalan 306 milyon 920 min kilovat saat elektrik enerjisi ümumi şəhər elektrik şəbəkəsinə verilib. Təkrar emala və yandırılmaya yararlı olmayan tullantılar isə Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda basdırılaraq zərərsizləşdirilir. 2011-ci ildə 900 min tona yaxın tullantı basdırılırdısa, 2014-cü ildə bu miqdar 230 min tonadək azalıb. Bu isə son 4 ildə basdırılan tulantıların miqdarının 75 faiz azalması deməkdir.

“Təmiz Şəhər” ASC bu istiqamətdə fəaliyyətini davam etdirir və tullantıların tərkibində mövcud xammal və enerji dəyərlərinin bərpasına daha çox üstünlük verilir. 2016-ci ilin sonunadək  Balaxanı poliqonu tam sanitar poliqon səviyyəsinə gətiriləcək və burada basdırılan tullantıların çürüməsi nəticəsində əmələ gələn qazlar tutularaq emal ediləcək və enerji əldə olunacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında