“Təmiz Binəqədi” layihəsi: Abadlıq və quruculuğun yeni mərhələsi

Azərbaycanda I Avropa Oyunlarının başlanılacağı gün yaxınlaşdıqca bu mötəbər tədbirlə bağlı hazırlıq işlərinin miqyası da genişlənir. Bu baxımdan paytaxtımızın şimal qapısı sayılan Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində həyata keçirilən tədbirlər də xüsusi diqqət çəkir. Həmin tədbirlər barədə danışmazdan əvvəl bir məqama nəzər salaq. Azərbaycanın bu gün qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi, iqtisadi cəhətdən qüdrətlənməsi rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur.

Respublikamızın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf edir. 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında bu il I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilməsi də məhz bunun bariz ifadəsidir.

Xatırladaq ki, Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Olimpiya Oyunları tarixdə birinci dəfə keçiriləcək. Prezident İlham Əliyev AOK-un qərarını tarixi hadisə adlandıraraq, bunu ölkəmizin böyük uğuru kimi dəyərləndirib, eyni zamanda, Olimpiya Oyunlarının yüksək səviyyədə keçiriləcəyini bildirib: “Azərbaycan bu oyunları yüksək səviyyədə keçirəcəkdir. Beləliklə, Bakı şəhəri birinci oyunların keçirilməsində böyük xidmətlərinə görə Avropa Olimpiya Oyunlarının tarixinə daxil ediləcəkdir”.

Artıq I Avropa Oyunlarına beş ay qalır. Bakıda yeni infrastrukturun yaradılması və oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi isə göstərir ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi hazırlıq işlərini nəzərdə tutulan vaxtda başa çatdıracaq. Qeyd edək ki, hazırlıq işlərinin böyük bir hissəsi yerinə yetirilib. İnşa olunan idman obyektləri yaxın vaxtlarda idmançıların ixtiyarına veriləcək.

Yeri gəlmişkən, Bakı şəhərində Avropa Oyunlarına hazırlığa başlanıldıqdan az sonra “http://www.baku2015.com” elektron saytı vasitəsilə “Bizə qoşulun” çağırışına ilk səs verən rayonlardan biri Binəqədi olub. Bununla bağlı ötən il iyulun 1-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə “Təmiz Binəqədi” layihəsi və Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq, rayon ərazisində görülməsi nəzərdə tutulan işlər barədə tədbirlər planı təsdiq edilib.

Onu da deyək ki, I Avropa Oyunlarının iştirakçısı olacaq coxsaylı idmançı və bu yarışları seyr etmək üçün Bakıya gələcək qonaqların paytaxtımızı daha təmiz və səliqəli görmələri hər birimizin istəyimizdir. Bax, elə buna görə də rayon icra hakimiyyəti sakinlərlə bərabər “Təmiz Binəqədi” layihəsi ilə bu mötəbər tədbirə hazırlıqla əlaqədar olaraq, töhfə verməyi qarşıya əsas vəzifə qoyub.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaradılan “Təmiz Binəqədi” layihəsinin təşkilat komissiyası tədbirlər planının uğurlu icrası məqsədilə mütəmadi keçirilən müşavirələrdə görülər işləri qiymətləndirir və qarşıda duran vəzifələrlə bağlı məsul şəxslərə müvafiq tapşırıqlar verir.

Ötən il iyul ayının 5-də 9-cu mikrorayonun Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı ilə icrasına başlanılan sözügedən layihə çərçivəsində ötən müddətdə bir sıra tədbirlər uğurla həyata keçirilib, müsbət nəticələr əldə edilib. “Təmiz Binəqədi” kuboku uğrunda idman yarışlarının, flaşmobların, sakinlər və təsərrüfat subyektləri arasında təmizlik müsabiqələrinin, tərbiyəvi aksiyaların, xüsusi ekspertlərin iştirakı ilə seminarların keçirilməsini, insanların asudə vaxtlarını səmərəli təşkil etmək üçün məhəllələrdə yeni ictimai zonaların yaradılmasını, coxmənzilli binaların bloklarının, liftlərinin və dam örtüklərinin təmirini, məhəllədaxili yolların asfaltlanmasını, habelə işıqlandırılmasını buna misal göstərə bilərik.

“Təmiz Binəqədi” sosial layihəsinin tədbirlər planında ənənəvi stereotiplərdən maksimum imtina edilib. Bunun əvəzində isə novatorluğu və özünəməxsusluğu ilə diqqətçəkən, habelə müasir dünyada qəbul olunan metod və yığıncaqlara üstünlük verilib. Bu, nə ilə bağlıdır sualına cavabında rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov dedi:

– “Təmiz Binəqədi” sosial layihəsinə başlanılanda çoxu belə düşünürdü ki, bu aksiya özündə yalnız təmizlik işlərinin aparılmasını ehtiva edir.Lakin layihənin tədbirlər planı hazırlananda onun təşəbbüskarı olan rayon icra hakimiyyəti başçısının tapşırıq və tövsiyyələri bundan ibarət olmuşdu ki, burada təmzilik işləri ilə yanaşı, insanlarda vətənpərvərlik, dövlətçiliyə sədaqət, böyüyə hörmət hissləri aşılanmalıdır, gənclər tütün və narkomaniyaya, spirtli içkilərə “yox” deməli, qeyri-ənənəvi dini təriqətlərdən uzaq durmalı, təhsilə, elmə diqqət artırmalıdırlar.

İlqar Süleymanov daha sonra bildirdi ki, insanların sosial fəaliyyətində bir sıra hallarda nəzərə çarpan mənfi meyillərə qarşı müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq sanksiya və cərimələr nəzərdə tutulub. Lakin təcrübədən bəllidir ki, bu formada inzibati yanaşma adamların belə vərdişlərdən uzaqlaşmasına əksər hallarda yardımçı olmur. Bəşəri təcrübədən də məlumdur ki, insanlar arasında ictimai qınağın formalaşması məqsədilə maarifləndirmə işlərinin aparılması və gələcəkdə ictimai qınağa səbəb ola biləcək hər hansı bir xətaya yol verilməməsi üçün könüllü əməletmə mədəniyyətinin yüksəldilməsi ən yaxşı sosial üsuldur.

Rayon icra hakimiyyəti başçısının birinci müavini söhbət zamanı onu da vurğuladı ki, sakinlər onlar üçün yaradılan hər bir şəraiti dəyərləndirməli və qorumalıdırlar.Hazırda yeni təmir olunan coxmənzilli binaların blokları, liftləri, yaşıllıq zonaları, ümumiyyətlə, hər bir yenilik sakinlərin istifadəsinə verilməklə bərabər, onların düzgün istifadəsi, qorunması üçün geniş maarifləndirmə işlərinə ehtiyac var. Məhz elə buna görə də layihənin təbliğat mərhələsində insanların bütün qurulub-yaradılanlara öz mülkiyyətləri kimi yanaşmalarının izah olunması nəzərdə tutulub. Bu ilin iyun-iyul aylarında I Avropa Oyunlarının Bakıda keçirilməsi qərarının verilməsi də sözügedən sahədə zəruri tədbirlərin həyata keçirilməsinə bir stimul vermişdir.

“Təmiz Binəqədi”nin uğurla həyata keçirilməsi, bütün sakinlərin bu aksiyaya fəal qoşulması üçün məlumatlandırma-izahat işi diqqət mərkəzində saxlanılır. Belə ki, Sakinlərin Müraciət Xidmətinə (“1646") edilən zənglər zamanı layihənin reallaşdırılması vəziyyəti barədə vaxtaşırı məlumat verilir, rayon icra hakimiyyəti aparatının sakinlərin qəbulu monitorunda və infoköşklərdə müvafiq bildirişlər, video-roliklər yerləşdirilir və bu iş mütəmadi olaraq davam etdirilir.

“Təmiz Binəqədi” layihəsinin icrasına başlanılandan indiyədək “Ən təmiz obyekt”, “Ən təmiz Mənzil-Kommunal İstismar Sahəsi ərazisi”, “Ən təmiz uşaq bağçası”, “Nümunəvi səhiyyə müəssisəsi”, “Ən təmiz məktəb” və “Ən təmiz fərdi ev” müsabiqələri maraqla qarşılanıb və bu cür tədbirlərin keçirilməsi hazırda da davam etdirilir.

Layihə çərçivəsində ötən müddətdə 63 ünvanda iməcilik keçirilib. Həmin iməciliklərdə iştirak edənlərin sayı 3075 nəfər olub. Noyabr və dekabr aylarında reallaşdırılan ümumrayon yaşıllaşdırma aksiyalarında 1480 ədəd müxtəlif növ ağac əkilib.

Haqqında danışılan layihə ilə bağlı rayon sakinlərindən bir neçəsinin fikirləri ilə də tanış olduq. YAP Binəqədi rayon təşkilatı siyasi şurasının üzvü İsgəndər Namazov bildirdi:

– Ulu öndər deyirdi ki, öz kəndinə, rayonuna, şəhərinə bağlı olmayan adam bütövlükdə Azərbaycanı sevə bilməz. Yaşadığım rayonda uğurla icra edilən “Təmiz Binəqədi” layihəsinin respublika miqyasında maraqla qarşılanması və ən ali səviyyədə təqdir olunması bir sakin, vətəndaş kimi məni məhz bu baxımdan məmnun edir.

Fikrimcə, bu təmizliyə bizim hər birimiz özümüzdən, öz evimizdən, insanlara münasibətimizdən, dövlətçiliyə sədaqətimizdən, ictimai mühitin saflaşdırılmasına verdiyimiz töhfələrdən başlamalıyıq. “Təmiz Binəqədi” o demək deyil ki, rayonun bütün küçə və xiyabanlarını başdan-başa abadlaşdıraq, hər tərəfdə səliqə-sahman yaradaq və... insanın insanla, sakinin məmurla, idarə və müəssisələrin rayon rəhbərliyi ilə münasibətlərindəki təmizlik yaddan çıxıb getsin. Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov məhz bu mərama xidmət edərək hər həftə bir yaşayış sahəsində üç yüz, beş yüz sakinlə görüşür, insanların problemlərini öyrənir, həmin problemlərin həlli üçün müvafiq qurumlara konkret tapşırıqlarını verir”.

Ümumiyyətlə, sözügedən layihə cənab İlham Əliyevin ölkədə yaratmaq istədiyi ekoloji təmizliklə yanaşı, mənəvi saflıq mühitinin formalaşdırılmasına binəqədililərin verdiyi töhfədir.

Aytac Əliyeva, rayondakı 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə:

– Nümayəndəliyimizin ərazisində indiyədək bu layihə ilə bağlı bir sıra işlər görülüb. Məsələn, təmizlik aksiyaları təşkil edilib. “Qapıdan qapıya” prinsipi ilə sakinlərlə yerlərdə görüşlər keçirilib. 250 məişət tullantıları konteyneri rənglənib, üzərlərinə “Təmiz Binəqədi” loqosu vurulub. Cavadxan küçəsi 5, həmçinin Adil Məmmədov küçəsi 69 ünvanlarında müasir tipli məişət tullantıları meydançasının tikintisinə başlanılıb. Adil Məmmədov küçəsi 119 ünvanında yerləşən məhəllələrarası parkda sakinlərin mədəni istirahətini təşkil etmək üçün konsert proqramları təşkil olunub...

“Təmiz Binəqədi” layihəsi çərçivəsində nümayəndəliyin ərazisindəki dayanacaqlar, yol kənarları, habelə çoxmənzilli yaşayış və fərdi evlərin girişləri qaydaya salınır, bu prosesdə sakinlər də könüllü iştirak edirlər.

Sitarə Cabbarlı, rayondakı 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə:

– Artıq ölkəmiz “Bakı 2015" ilk Avropa Oyunlarının ev sahibi kimi hazırlıq işlərini həyata keçirməkdədir və Binəqədi də bu möhtəşəm tədbirin reallaşdırılmasında öz töhfəsini verəcək rayonlardan biridir. Rayonumuzun ictimai həyatında xüsusi yer tutan “Təmiz Binəqədi” layihəsi məhz ilk Avropa Oyunlarına dəstək xarakteri daşıyır. Hazırda Ziya Bünyadov prospektində yaradılmış “Baku 2015-1st Europian Games” guşəsi də rayonun gözəlliyinə xüsusi rəng qatır.

Yeri gəlmişkən, son dövrdə Nümayəndəliyimizin ərazisində görülən abadlıq-quruculuq tədbirləri barədə də qısaca danışmaq istərdim. Paytaxtın mərkəz hissələrindən biri sayılan bu məntəqədə son üç ildə xeyli iş görülüb. Bir çox məhəllədaxili yollar asfaltlanıb, yol kənarları abadlaşdırılıb, əhalinin istirahəti üçün gözəl parklar salınıb, müasir tələblərə cavab verən abad məhəllələr yaradılıb. Bu gün də tikinti-quruculuq işləri uğurla davam etdirilir. Abadlıq tədbirləri isə rayon rəhbərliyinin xüsusi diqqət mərkəzində saxlanılır.

Hazırda Atatürk prospekti 58, 60 ünvanlarındakı, eləcə də Şəmsi Rəhimov küçəsindəki 51, 54, 56 saylı, Ağasadıq Gəraybəyli küçəsindəki 31 saylı binaların üzlənməsi sürətlə həyata keçirilir. Rayonun ümumi görünüşünə, yaradılan gözəlliklərə uyğun şəkildə aparılan üzlənmə işi, eyni zamanda, bina sakinlərinin də razılığına səbəb olur. Həmçinin Ziya Bünyadov prospekti 19, 21, 23 saylı binaların girişlərinin təmiri də sürətlə davam etdirilməkdədir.

Məişət tullantılarının yığılması, tullanması üçün xüsusi yerlər ayrılıb, müasir tələblərə cavab verən, məişət tullantılarının çeşidlənməsi üçün nəzərdə tutulmuş “tullantı köşkləri” quraşdırılıb... Şübhəsiz ki, rayonumuzda görülən abadlıq -quruculuq işləri davamlı xarakter daşıyır və sakinlərin rifahına xidmət edir. Bütün bu tədbirlərin qarşılığında isə sakinlərin məmnunluğunu görəndə biz daha böyük əzmlə çalışırıq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 Yazı Binəqədi Rayon İcra Hakimiyyətinin “Bakı-2015” Avropa Oyunları ərəfəsində elan olunan “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında