İqlim dəyişmələri: Azərbaycanı nə gözləyir?

Dünyanı bürüyən  qlobal istiləşmənin yaratdığı  fəsadlar  son vaxtlar ciddi  problemə  çevrilib. İqlim dəyişiklikləri ilə əlaqədar təbii fəlakətlərin sayı ötən əsrin 80-ci illəri ilə müqayisədə 3 dəfə artıb. Bu, o deməkdir ki, qlobal istiləşmə  artıq bəşəriyyət  üçün  ciddi  təhlükədir.  Son illər minlərlə insanın ölümünə səbəb olan zəlzələlər, sunamilər, daşqınlar, Avropanı, eləcə də Azərbaycanı təlaşa salan anomal  hava şəraiti  məhz bu prosesin  nəticəsidir.

Alimlərin fikrincə, Yerin tarixində təbii amillərin təsirindən həmişə, hətta insanların Yer atmosferinə təsirinin olmadığı dövrlərdə belə iqlim sistemində dəyişmələr mövcud olub. Qlobal istiləşmə və soyuqlaşma vaxtaşırı bir-birini əvəz edir. Tarixi müşahidələr göstərir ki, hər bir istiləşmədən sonra buzlaşma dövrü əmələ gəlir. Əgər uzun illər bu soyuqlar anomal xarakter alırsa, son 50-100 ildə müşahidə olunan meteoroloji parametrlər yeni rekord rəqəmlərlə təzələnirsə, deməli, bunu dünyada baş verən iqlim dəyişikliyinin fəsadları kimi qəbul etmək lazımdır.

     Təbii fəlakətlərin nəticəsində hər il təxminən 250 milyon insan zərər çəkir. Bu fəlakətlərin 98 faizini iqlim fəlakətləri təşkil edir. Proqnozlara əsasən, 2015-ci ildə belə fəlakətlərdən zərər çəkən insanların sayı 1,5 dəfə artacaq və bu rəqəm 375 milyon nəfərə çatacaq.

Qlobal istiləşmənin qarşısının alınması Kioto protokolu mexanizmi vasitəsilə həyata keçirilir. Bu konvensiyaya qoşulan ölkələr iki hissəyə bölünür: inkişaf etmiş  və inkişaf etməkdə olan ölkələr. Kioto protokolunu imzalayan inkişaf etmiş ölkələrin öhdəlikləri var. Onlar ətrafa buraxılan istixana qazlarının miqdarını  azaltmalıdır. Bir çox ölkələr artıq bu öhdəliyə əməl edib. Burada istisnalar var. Məsələn, ABŞ, Avstraliya və bir sıra digər ölkələr Kioto protokolunu imzalamayıb. Azərbaycanın isə inkişaf etməkdə olan ölkə kimi ətrafa buraxdığı parnik qazlarının faizinin azaltmasında hüquqi öhdəliyi yoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  rəsmisinin  sözlərinə görə, biz könüllü olaraq öz imkanımız daxilində olan tədbirləri görürük.

Akademik Ramiz Məmmədovun fikrincə,  dünyada baş verəcək qlobal iqlim dəyişmələri Azərbaycandan da yan keçməyəcək və bu problemlər mütləq Azərbaycan iqlimində də özünü büruzə verəcək. Qlobal iqlim dəyişməsinin təsiri nəticəsində  ölkəmizdə müəyyən su qıtlığı hiss olunmaqdadır. Əgər yağıntının indiki vəziyyəti bir az da azalsa, problem daha da qabarıq hiss oluna bilər. Su qıtlığı daha çox suya edilən israfçılıqla bağlıdır. Qlobal iqlim dəyişməsinin nəticələri Xəzərin sularında da hiss olunur. Bundan əlavə, torpaq sürüşmələri, sel və daşqınlar da bilavasitə qlobal iqlim dəyişikliyilə əlaqəlidir. Ətraf mühitin çirkləndirilməsi buna təsir edir.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının günəş və günəş-yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov  deyir ki, hazırda iqlimdə qlobal istiləşmə müşahidə edilir: “İqlimdə təqribən 150 il əvvəl son dövri dəyişiklik baş verib, yeni əsrin 50-ci illərinin ortalarına qədər bu istiləşmə maksimum pikinə çatacaq. Bu elə bir prosesdir ki, başlanğıcı təqribən 200 il ərzində öz maksimumuna qalxır. Sonra isə təxminən min ilə yaxın tədricən sönür. Yəni, təqribən bu əsrin 50-ci illərinin  sonu  və  60-cı illərə qədər hazırda müşahidə olunan qlobal istiləşmə davam edəcək, Yer kürəsində orta illik temperatur daha 6-7 dərəcə yüksələcək, sonra proses tədricən sönməyə doğru gedəcək”.

 Məlumdur ki, dünyada iqlim dəyişmələri ilə bağlı müxtəlif fikirlər var. Ən geniş yayılanı  odur ki, hazırda iqlimin intensiv istiləşməsi gedir. İki başqa nəzəriyyə də var. Bunlardan biri odur ki, əksinə, biz buzlaşma dövrünə doğru gedirik. İkinci fikir isə budur ki, burada qeyri-adi heç nə yoxdur. Bu, sadəcə iqlim anomaliyalarıdır.

AMEA Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri Müslüm Qurbanov isə bildirib ki, iqlim dəyişmələri yağıntıların qeyri-normal şəkildə paylanması, fəsillərin sürüşməsi və davamlılığının artması, su və meşə resurslarına, insan sağlamlığına təsirlərlə özünü göstərir: “Bunun nəticəsində ekoloji tarazlıq pozulur, bu, insanla ətraf mühitin, meşə təsərrüfatı ilə kənd təsərrüfatının, su resursları ilə torpağın qarşılıqlı əlaqələrinə təsir edir. Bu antropogen təsirləri azaltmaq lazımdır. Azərbaycan da iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərini gücləndirməlidir. Ölkədə iqlimin su, kənd təsərrüfatı, səhralaşma proseslərinə təsirinin yumşaldılması tədbirləri həyata keçirilməlidir. Biz mövcud iqlim dəyişikliklərinə uyğunlaşmalıyıq. İlk növbədə, ölkədə risklərin idarə olunması planı və iqlim dəyişmələri üzrə Milli Strategiya hazırlanmalıdır.”

“Xəzərin mövcudluğu Azərbaycanda iqlim dəyişmələrinin təsirini yumşaldır” – Bu fikri isə BMT-nin qlobal hesabatını şərh edən Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova bildirdi. Onun sözlərinə görə, qlobal dəyişikliyin Azərbaycana təsiri hiss edilməyəcək: “Dünyada iqlim dəyişikliyi riyazi qaydalara əsasən hesablanır. BMT-nin müəyyən rəqəmlər göstərərək hesabat verməsinə baxmayaraq, bu iqlim dəyişikliyinin Azərbaycana necə təsir edəcəyini demək çətindir. Çünki ölkəmizin iqlim durumu bir qədər fərqlidir. Dəfələrlə Avropanın iqlim durumu ilə bağlı proqnozlar verilib, amma digər Avropa dövlətlərindən fərqli olaraq həmin proqnozlar özünü Azərbaycanda doğrultmayıb. Məhz bunları nəzərə alaraq Azərbaycanda iqlim dəyişikliyinin tam modelini hazırlamağın çətin olduğunu deyə bilərəm”.

Ekspertlər  də  Azərbaycanda temperatur dəyişməsinə əsas təsir edən amilin Xəzər dənizi  olması  fikrini təsdiq edirlər.  Onların fikrincə, ölkəmizin Xəzər hövzəsində yerləşməsi onun temperaturuna da təsir edir. Xəzərin mövcudluğu Azərbaycanda iqlim dəyişmələrinin təsirini yumşaldır. Qlobal hesabatda göstərilir ki, iqlim dəyişikliyi okean səviyyəsindən aşağıda yerləşən ölkələrdə torpaq itkisi ilə müşahidə ediləcək. Xəzərin isə dünya okeanı ilə əlaqəsi tam isbat edilməyib. Maksimum hansısa sahilyanı ərazilərin suyun altında qalmasını müşahidə edə bilərik. Qlobal iqlim dəyişməsinin ölkəmizə təsiri qışın sərt keçməsində də özünü göstərib. Təxmini hesablamalara görə, iqlim dəyişikliyi qışda temperaturun daha da düşməsinə gətirib çıxarıb. Son illər temperatur mənfi 15 dərəcəyə qədər düşüb. Bu hal əvvəllər müşahidə olunmayıb. Doğrudur, yayda da temperaturun yüksəlməsi müşahidə edilib. Amma bu günlərin sayı o qədər də çox olmadığı üçün mənfi təsiri də çox çəkmir. Azərbaycanda durumun necə olacağına gəlincə, ölkəmizdə bu cür təhlükələrdən sığortalanmaq üçün dövlət proqramları qəbul edilib. Məsələn, “Azərbaycan Respublikasında Ərzaq Təhlükəsizliyi Proqramı” və digər proqramlar kəskin iqlim dəyişikliklərinin gözlənildiyi məqamlarda ölkə əhalisinin ərzaqla təminatında baş verə biləcək problemlərin qarşısının alınmasında mühüm rol oynayır. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” sərəncamının icrası ilə əlaqədar olaraq Kür sahili boyunca yerləşən qəsəbə və kəndlərin əhalisini içməli su ilə təmin etmək üçün modul tipli sutəmizləyici qurğular quraşdırıb. Müxtəlif illəri əhatə edən  regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları da qlobal istiləşmə dövründə gözləniləcək bir çox problemlərin, o cümlədən, ərzaq çatışmazlığının qarşısının alınmasında əhəmiyyətli rola malikdir.

Göründüyü kimi, qlobal istiləşmənin yaratdığı problemlər ətrafında  gedən  elmi tədqiqatların müəllifləri də  gələcəkdə  yaranacaq vəziyyət barədə dürüst məlumat  vermirlər. Hər halda, təbiət  öz axarı ilə  davam edir.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında