“Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Nizami rayonunda üç minə yaxın ağac əkildi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Ümumrespublika yaşıllaşdırma” marafonuna birincilər sırasında qoşulmuş Bakı şəhərinin Nizami rayonu bu nəcib və xeyirxah aksiyaya mühüm töhfələr verib.

Noyabr ayı ərzində  rayon icra hakimiyyətinin işçiləri ilə yanaşı, idarə, müəssisə və təşkilatların,  tədris və səhiyyə müəssisələrinin kollektivləri, eləcə də sakinlər  aksiya çərçivəsində yaşıllıqların salınması üçün ayrılmış ərazilərdə çoxsaylı Eldar şamı, kibaris, küknar, zeytun, akasiya, evkalipt və müxtəlif bəzək və gül kolları əkiblər. Xatırladaq ki, burada gündəlik işə çevrilmiş ağacəkmə aksiyası idarə, müəssisə və təşkilatlarda, xüsusən də orta ümumtəhsil məktəblərində həftə ərzində həyata keçirilmiş və şənbə günlərində  ümumrayon iməcilikləri ilə davam etdirilmişdir.

Noyabrın 29-da havanın soyuq olmasına baxmayaraq, “Ümumrespublika yaşıllaşdırma marafonu” layihəsi çərçivəsində Nizami rayonunda sayca dördüncü şənbə iməciliyi keçirildi. Budəfəki tədbirdə “Azersun Holdinq”in “Zeytun bağları” markasının təşəbbüsü və dəstəyi ilə Babək prospekti boyunca, “Xalqlar Dostluğu” körpüsünün yaxınlığındakı geniş sahədə çoxsaylı zeytun ağacları əkildi.  “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində həyata keçirilən növbəti ağacəkmə aksiyasında Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin ilk həmkarlar təşkilatlarının könüllüləri ilə yanaşı, Nizami Rayon İcra Hakimiyyətinin, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin, Dövlət Sosial Müdafiə Fondunun Nizami Rayon Şöbəsinin, Nizami Rayon Veteranlar Şurasının, eləcə də Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının kollektivləri və özəl qurumların nümayəndələri fəal şəkildə iştirak edirdilər.

Təkcə onu qeyd etmək kifayətdir ki, şənbə iməciliyinin iştirakçıları tərəfindən gün ərzində ərazidə 500-dən artıq zeytun ağacı əkildi.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova dedi: – Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Ümumrespublika yaşıllaşdırma” marafonu Azərbaycanda ekoloji tarazlığın qorunmasına, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərin növbəti təzahürüdür. Elə noyabrın 5-də  ölkəmizdə start götürmüş  “Ümumrespublika yaşıllaşdırma” marafonunun da əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir.  Ötən müddətdə rayonumuzun idarə və müəssisələrinin kollektivləri ilə yanaşı, sakinlər də bu təşəbbüsü dəstəkləyərək onun fəal iştirakçısına çevrildilər. Bir sözlə, rayonumuzda hamı və hər kəs bu nəcib işə öz töhfəsini verməyə çalışdı. Nəticə də göz qabağındadır: yaşıllaşdırma aylığı çərçivəsində ötən müddətdə rayonumuzun ayrı-ayrı yerlərində 2300-ə yaxın müxtəlif növ ağac əkilmişdir.

Bu gün isə “yaşıl marafon” çərçivəsində əkdiyimiz ağacların sayı 3 minə çatdırılacaq. Yeri gəlmişkən deyim ki, ağac əkmək nəcib iş, yaşıllıqlara qulluq göstərmək, vaxtlı-vaxtında suvarmaq isə savab əməl sayılır. İndi qarşımızda duran əsas vəzifə məhz əkilmiş hər bir ağacın boy atıb  böyüməsinin qayğısına qalmaqdan ibarətdir.

Bu məqsədlə yenicə salınmış yaşıllıq zolaqlarında suvarma sistemlərinin yaradılmasını nəzərdə tutmuşuq.

Nizami rayonunda IDEA İctimai Birliyinin “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə kampaniyası növbəti mövsümlərdə də mütəşəkkil surətdə davam etdiriləcək.

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında