Yer kürəsində istiləşmə davam edir

Günəşdə baş vermiş partlayışları əks etdirən nadir görüntülər NASA-nın  Günəş Dinamikası Rəsədxanasının əldə etdiyi görüntülərə əsasən geniş yayılmağa başlayıb. Hər dəfə isə Günəşdə baş verən anomal partlayış və maqnit qasırğası şəkillərdə öz əksini tapır.

Məlumat üçün deyək ki, planetimizin əsas enerji mənbəyi olan Günəşdə baş verən partlayışlar  NASA-nın “Youtube” video-portalındakı kanalında izlənmə rekordu qırır. Hər dəfə baş verən partlayışlardan sonra NASA alimləri tərəfindən  Yer  kürəsində istiləşmənin, iqlim dəyişikliyinin tədricən artması ilə bağlı geniş hesabat məruzələri verilir. Bu dəfə isə NASA yox məhz Dünya Bankı planetimizin iqlim dəyişikliyi ilə bağlı elmi hesabat hazırlayıb.

Hesabatda deyilir ki, Yer kürəsi istiləşdikcə, hər 100 ildən bir baş verən istilik dalğaları və digər ekstremal iqlim şəraitləri artıq “yeni adi hava şəraiti” sayılacaq. Hesabatda həmçinin bildirilir ki, Yer kürəsinin temperaturu sənaye dövründən öncəki zamanlardan iki dərəcə daha isti olacaq. Bu artım genişmiqyaslı dəyişikliklərə gətirib çıxaracaq. Alimlər hesab edir ki, bu da iri şəhərlərdə ekstremal istilərə səbəb olacaq. Eyni zamanda, bunun kənd təsərrüfatı sistemlərinə mənfi təsir edəcəyi bildirilir.

Qeyd edək ki, yeni hesabat Dünya Bankının “Turn Down the Heat: Confronting the New Climate Normal” (İstiliyi azalt: Yeni Normal İqlimlə Üzləşmə) adlı tədqiqatının tərkib hissəsidir. Dünya Bankının vitse-prezidenti və xüsusi iqlim nümayəndəsi Reyçel Kayt hesabat məruzəsilə çıxış edərək deyib: “Son otuz ildə mədən yanacaqları tullantılarının atmosferə əlavə olunması nəticəsində bu əsrin yarısına artıq Yer kürəsinin temperaturu 1,5 dərəcə artacaq. Bu, o deməkdir ki, bizim bununla bağlı artıq edə biləcəyimiz bir şey yoxdur, ona görə də biz bu dəyişikliyə uyğunlaşmalıyıq və dözümlü olmalıyıq. 1,5  dərəcənin ölkələrin inkişaf imkanlarına böyük təsiri olacaq”.

Hesabatda diqqət əsasən dünyanın üç regionunda cəmləşdirilir ki, bura Latın Amerikası, Qərbi Balkanlar, Orta Asiya və Yaxın Şərq regionu daxildir. Hər üç bölgədə ekstremal istiliklər böyük risklər təşkil edir. Reyçel Kayt bildirib ki, tədqiqat Latın Amerikası iqtisadiyyatının planetin iqlim dəyişikliyindən ciddi ziyan çəkəcəyini deməyə əsas verir. O deyib ki, məsələn, aparılmış tədqiqat Latın Amerika ölkələrinin kənd təsərrüfatı məhsuldarlığında 2050-ci ilə qədər soya yığımının 70 faiz, buğda yığımının isə 50 faiz azalacağını göstərir.

Hesabat müəllifləri qeyd ediblər ki, dünyanın digər bölgələrində istiləşmə trayektoriyası su qaynaqlarına mənfi təsir göstərəcək. Alimlər bildirirlər ki, bu, əsasən Orta Asiya və Qərbi Balkanlarda baş verə bilər. Belə ki, bu ərazilərdə  buzlaqların sürətlə əriməsi leysan yağışlarından sonra əmələ gələn daşqınların təhlükəsini artırır və su axınlarının vaxtının və təbiətdəki su dövranının dəyişməsi yay aylarında tarlalarda istifadə olunan suyun azalmasına səbəb olacaq.

Tədqiqatda Yaxın Şərq və Şimali Afrika regionunda su təminatına təhlükə yaranacağı diqqətə çatdırılır. R.Kayt bildirir ki, regionun bəzi bölgələrində 2040 -cı ilədək yağışların 40 faiz azalacağı gözlənilir. Kayt bildirir ki,  dünya bu cür nəzarətsiz artan emissiyalarla davam edə bilməz. Bu tendensiyanın gedişatını dəyişdirmək siyasi iradə tələb edir.

Qeyd edək ki, təşkilat gələn ay Perunun Lima şəhərində 200 ölkənin nümayəndələrinin yeni beynəlxalq iqlim müqaviləsi barədə aparcağı danışıqlar öncəsi bu hesabatla çıxış edib.

Elçin ABBASOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında