Nizami rayonunda “Yaşıl marafon” davam edir

 Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Ümumrespublika yaşıllaşdırma” marafonu davam edir.

Dünən paytaxtın Nizami rayonunda keçirilən növbəti şənbə iməciliyində rayon icra hakimiyyətinin, idarə və müəssisələrin, eləcə də ümumtəhsil məktəblərinin kollektivləri “Yaşıl marafon” çərçivəsində çoxsaylı ağac və bəzək kolları əkdilər, ətraf ərazilərdə təmizlik və abadlıq işləri apardılar.

Şənbə günü olmasına baxmayaraq, rayonun 70, 242 və 251 nömrəli məktəblərinin kollektivləri də mütəşəkkil şəkildə ağacəkmə aksiyasına qoşulmuşdular. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın irəli sürdüyü nəcib təşəbbüsün qızğın tərəfdarları olan müəllim və şagirdlər rayonun ekoloji tarazlığının qorunmasına xidmət edən aksiya çərçivəsində məktəbyanı sahələrdə yaşıllıqların salınması üçün ayrılmış ərazilərdə ağaclar əkdilər, mövcud yaşıllıqlara qulluq göstərdilər.

Rayonun Qara Qarayev prospekti, “Təbriz” kinoteatrının qarşısındakı ərazidə isə səhər tezdən böyük bir qələbəlik hökm sürürdü. Bura Nizami Rayon İcra Hakimiyyətinin, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının 200-ə yaxın işçisi  ümumrayon iməciliyinə çıxmışdı. Rayon icra hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov dedi:

– Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Ümumrespublika yaşıllaşdırma” marafonu ölkəmizdə ekologiyanın və ətraf mühitin qorunmasına  verilən dəyərin növbəti təzahürüdür. Aksiyanın əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir. Bakı şəhərinin Nizami rayonu da “yaşıllaşdırma marafonu”na qoşulan ilk rayonlardandır. Bu gün rayonumuzda sayca üçüncü şənbə iməciliyi keçirilir.

Gördüyünüz kimi, “Ümumrespublika yaşıllaşdırma” marafonuna qoşulanların sayı bu dəfə daha çoxdur.  Sevindirici haldır ki, artıq bu nəcib işdə rayon sakinləri də xüsusi fəallıq göstərirlər. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən müddətdə keçirilən ağacəkmə aksiyasında rayonun idarə və müəssisələrinin kollektivləri ilə yanaşı, yüzlərlə sakin  də iştirak etmişdir. Bütövlükdə isə “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən ümumrayon iməciliklərində rayonumuzun Qara Qarayev prospekti, Əli Vəliyev və  Naxçıvanski küçələri boyunca, eləcə də səhiyyə və tədris müəssisələrinin həyətlərində yüzlərlə  Eldar şamı, kiparis, küknar, zeytun, akasiya, evkalipt və sair növdən olan həmişəyaşıl ağac və bəzək kolları əkilmişdir. Bugünkü iməciliyin yüzlərlə iştirakçısı tərəfindən isə 450-yə yaxın ağac əkiləcəkdir.

Məmməd Rzayev, təqaüdçü:

– Xalqımızın ümummilli lideri Heydər Əliyev ağac əkməyə, yaşıllıqlara qulluq göstərməyə xüsusi diqqət yetirər, ağacları kəsənlərə qarşı barışmaz mövqe tutardı. Bu yaxınlarda eşitdim ki, ulu öndərin adını daşıyan fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə “Ümumrespublika yaşıllaşdırma” marafonu keçirilir. Mən də bir sakin kimi bu nəcib və xeyirxah işə öz töhfəmi verməyi qərara aldım. Yaşadığım Əli Vəliyev küçəsi, 12 nömrəli binanın qarşısında kiçik bir ərazini abadlaşdırdım, orada çoxsaylı zeytun ağacları və bəzək kolları əkdim. Bu işdə mənə binamızın sakinləri də yaxından kömək etdilər. Fürsətdən istifadə edib rayonumuzun bütün sakinlərini ümumrespublika yaşıllaşdırma tədbirində fəal iştiraka səsləyirəm. Axı ağac əkmək, yaşıllıqlar salmaq ətraf mühitin qorunmasına, insanların sağlamlığının təminatına xidmət edir...

Yeri gəlmişkən, son illər gündən-günə abadlaşan  paytaxtımızın gözəl və yaraşıqlı guşələrindən birinə çevrilən Nizami rayonunda ağacəkmə aksiyası növbəti həftələrdə də davam edəcək.

 

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında