Ekoloji problemlərin həlli diqqət mərkəzindədir

Ətraf mühitin qorunması, ekoloji durumun yaxşılaşdırlması bu gün bəşəri problem kimi qarşıda durur. Sağlam təbiət sağlam həyat deməkdir. Bu baxımdan ulu öndərimiz Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd etməliyik.

Yaşlı nəsil ötən əsrin 70-ci illərindən başlayaraq paytaxt Bakıda və respublikanın rayonlarında sistemli şəkildə aparılan yaşıllaşdırma, təmizlik və abadlıq tədbirlərini yaxşı xatırlayır.

Ulu öndərin 1993-cü ilin iyun ayında xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, ekologiyaya diqqət və qayğı yenə gündəmə gəldi. Təbiətin zənginləşməsinə, ekoloji tarazlığını əsaslı şəkildə bərpasına zəmin yaratdı.

Respublikada ekoloji şəraitin yaxşılaşdırılması və ətaf mühitin mühafizəsi istiqamətində əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə başlanıldı.

“Azərbaycan Respublikasının Ekoloji  Konsepsiyası” əsasında ekoloji strategiya müəyyənləşdirildi. 1998-ci ildə Ətraf Mühitin Mühafizəsi üzrə Milli fəaliyyət proqramı hazırlandı. 1999-cu ildə Milli Məclis “Ekoloji təhlükəsizlik haqqında” Qanun qəbul etdi. 2000-ci ildə isə - “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlar qəbul edildi.

  2001-ci ildə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması da həyatın tələbi idi. Çünki ekoloji problemlərin həlli dövlətin əsas diqqət göstərdiyi istiqamətlərdəndir. Ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin çirklənməsinin  minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, qlobal ekoloji problemlər üzrə milli  səviyyədə  tələbatların qiymətləndirilməsi, beynəlxalq təşkilatlarla  əlaqələrin genişləndirilməsi bu gün də  Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.

2010-cu il Azərbaycan tarixinə nəinki “Ekologiya ili”, eyni zamanda  ətraf mühitin sağlamlaşdırılması baxımından dönüş

ili kimi yazıldı. Dövlət başçısı İlham Əliyev bildirmişdir: “Ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün  vacib olmalıdır. Bu, insanların sağlamlığıdır. Sağlam ekoloji mühit, sağlam hava, təmiz su-bütün bunlar  insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir”. 

Möhtərəm Prezidentimiz bir əsas məqamı da xüsusi qeyd edir:  “Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən biridir. Ona görə yox ki, bütün dünyada bu məsələlərə böyük diqqət göstərilir.  Ona görə ki, bu gün Azərbaycanın qarşısında həllini gözləyən əsas məsələlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır... Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük ehtiyac var. Bizim hamımız bunu bilirik və elə etməyik ki, Bakı, onun ətrafı, bütün Abşeron yarımadası ekoloji cəhətdən ən təmiz bölgəyə çevrilsin”. Bu məqsədlə respublikada yaşıllaşdırma ilə  bağlı  müasir metodlara əsaslanan layihələr həyata keçirilir. 

Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd edir: “Ekologiya sektoruna qoyulan vəsait elə hesab edilməməlidir ki, bu vəsait qoyuldu və heç bir nəticə vermir. Yox, yenə də deyirəm ki, bunun nəticəsini biz gələcək nəslin sağlamlığında görəcəyik”.  İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi günün ən ümdə məsələsidir. Dövlət başçısı İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nda bir çox mühüm problemlərlə yanaşı, meşələrin seyrəkləşməsinin, torpağın erroziyasının, meşə massivlərinin azalmasının və təbii biosenozların yoxa çıxması təhlükəsinin yaranmasının qarşısının alınması barədə tədbirlərin  həyata keçirilməsi məsələləri də nəzərdə tutulmuşdur. Bu istiqamətdə mühüm işlər görülərək uğurlu nəticələr də əldə olunub, yaşıllaşdırma istiqamətində mühüm addımlar atılıb.

Son illər ərzində Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan irimiqyaslı layihələr həyata keçirilmiş, 3322 hektar ərazidə 3 milyon 472 min ağac əkilmiş, 9 min kilometrə yaxın əraziyə müasir damcılı suvarma sistemi çəkilmişdir.

 Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Hərəmiz bir ağac  əkək!” devizi ilə keçirilən aksiyalarda milyonlarla  yeni ağac və kol əkilib.

  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın da bu istiqamətdə atdığı addımlar təqdirəlayiqdir. Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin  təşkil etdiyi layihələr ekoloji mühitin qorunmasına yaxşı kömək edir.  Məlum olduğu kimi, bu ilin aprelində  IDEA İctimai Birliyinin, “ASAN xidmət” və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı  əsasında keçirilən “Hər kağızı bir yarpağa dəyişək” aksiyası çərçivəsində  Balaxanı poliqonunda 5 min kvadratmetr ərazi yaşıllaşdırılmışdır. 2014-cü il mayın 7-də IDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmişdir. Bu da bəbir və digər pişikkimilərin mühafizəsi istiqamətində bilik və təcrübələrin bölüşdürülməsi, bu sahədə ən qabaqcıl və səmərəli vasitələrin tətbiqinin müzakirəsi məqsədini daşıyırdı.

Keçirilən bu tədbirlərdə və tətbiq edilən layihələrdə məqsəd gənclərin və beynəlxalq ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına cəlb etməkdir.

Hazırda ölkədə əhalinin  ekoloji cəhətdən təmiz su ilə təminatına da xüsusi diqqət yetirilir. Bu məqsədlə 2007-2012-ci illər ərzində 20 rayonun 222 yaşayış məntəqəsində 400 mindən çox əhali modul tipli su təmizləyici qurğular vasitəsilə keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Təbii ehtiyatların mənimsənilmə intensivliyi, Xəzər hövzəsinin Azərbaycan  üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl  tədbirlərin həyata keçirilməsi müsbət nəticələr vermişdir. Belə ki, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalmasında əsaslı dönüş yaratmışdır.

Ekoloji hüquq pozuntularına görə məsuliyyətin artırılması ekoloji nəzarət sahəsində  iqtisadi  tənzimlənmə mexanizminin qurulmasına gətirib çıxarmışdır. Ümumilikdə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası davamlı iqtisadi inkişafın ümumi konsepsiyasının tərkib hissəsinə çevrilmişdir. Yaxşı haldır ki, hazırda  iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı ölkəmizdə mövcud olan ekoloji problemlərin həll edilməsi məqsədi ilə təmiz texnologiyaların tətbiqinə böyük üstünlük verilir.

Təbiətsevər, ümumən ekoloji tarazlığa, ətraf mühitin mühafizəsi sahəsində 2013-cü il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2995 akt və 774 protokol tərtib olunmuşdur. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1134 müddətli “məcburi göstəriş” verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 838 iş üzrə 5578615 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 569 iş üzrə 35588448,86 manat məbləğində iddia, əmələ gələn tullantıların ətraf mühitə atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 5382 iş üzrə 1120173,65 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 293 işdən 53-nə, icraçılar qrupuna göndərilmiş 470 işdən 282-nə, məhkəmələrə göndərilmiş 160 işdən 98-nə baxılaraq müvafiq tədbirlər görülmüşdür.

Ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişmələri bəşəriyyəti narahat edən əsas problemlərdəndir. Bunların həlli barədə alimlər və mütəxəssislər müxtəlif fikirlər yürüdürlər. Bunlardan da ən önəmlisi alternativ və bərpa olunan enerji mənbələrindən istifadədir.

 Çox yaxşı haldır ki, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti beynəlxalq aləmdə bəyənilir. Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq aləmdə də öz obyektiv qiymətini alır. Belə ki, nüfuzlu tədqiqat mərkəzləri olan ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən 2012-ci ilin yanvar ayında açıqlanmış Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Environmental Performance İndex) sənədində ətraf mühit sahəsində son 10 ildə baş vermiş müsbət dəyişikliklərin tempinə görə Azərbaycan 132 ölkə arasında 2-ci yeri tutmuşdur.

 

İsaq ƏMƏNULLAYEV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında