Sağlam olmaq istəyiriksə...

“Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru”

 

Nazik qaz sipəri olan ozon təbəqəsi Yer kürəsini Günəşin məhvedici ultrabənövşəyi şüalarından qoruyur, planetimizdə həyatı mühafizə edir.  

Ozon qatının qorunması bəşəriyyətin ən mühüm problemlərindəndir. Ozon qatının beynəlxalq mühafizəsinin əsas devizi belədir: “Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru”. 1994-cü ildə BMT-nin Baş Assambleyası sentyabr ayının 16-nı “Beynəlxalq ozon təbəqəsinin mühafizəsi günü” elan etmişdir. Həmin gün ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması təbiidir. Bu məqsədlə dövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin təbliğ edilməsi tövsiyə olunmuşdur. “Ozon təbəqəsinin qorunması haqqında” Vyana Konvensiyasında əks olunan bu problem dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda əksini tapmışdır.  Ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçı dövlətlər tərəfindən öhdəliyə götürülmüş şərtlərə görə ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması nəzərdə tutulmuşdur. Bu qlobal məsələyə görə, Vyana Konvensiyasına 173 dövlət qoşulmuşdur.

 

Təbiətin yaşıl libası

Meşələr təbiətin yaşıl libasıdır. Onu yandırmaq, qırmaq olmaz. Azərbaycanda baş verən meşə yanğınlarının əsas səbəbləri hansılardır? Bu, çox ciddi və narahatedici məsələdir. “2014-cü ilin ilk 8 ayında Azərbaycanın meşə fondu torpaqlarında 10 yanğın hadisəsi baş verib. Bu yanğınlar təxminən 55 hektar ərazini əhatə edib”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov deyib.Yanğınların ekoloji səbəblərinə aydınlıq gətirən sektor müdiri bildirib ki, havaların ötən ilə nisbətən isti və quraq keçməsi meşə yanğınlarına səbəb olub. Onun sözlərinə görə, bununla əlaqədar həm regionlarda, həm də aparatda fövqəladə iş rejiminə keçilib, müəyyən tədbirlər görülüb: “2013-cü ildə, ümumiyyətlə, meşə fondu torpaqlarında yanğın baş verməmişdi. Bu il isə indiyə qədər 10 yanğın hadisəsi baş verib. Yanğınlar əsasən iki səbəbdən baş verir. Birinci səbəb odla ehtiyatsız davranma, ikinci səbəb isə taxıl biçinindən sonra sahənin yandırılmasıdır”.

Nazirlik nümayəndəsi bildirib ki, bu il yanğınlar meşə fondu ərazisində baş verməyib. Meşə fondu torpaqları digər torpaqlarla həmsərhəd zonalarda yerləşir və bələdiyyə, xüsusi mülkiyyətdə olan sahələrdə, fermer torpaqlarında baş verən yanğınlar meşə fondu torpaqları ərazilərinə keçir: “Builki yanğınlar Siyəzən, Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Masallı, Lerik və Quba rayonları ərazisində baş verib. Oğuzda isə hadisə şimşək çaxması nəticəsində baş verib. Amma digər ərazilərdə baş verən yanğınların səbəbləri hələlik məlum deyil. Bu halların araşdırılması üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.

Ümumiyyətlə, yanğınlar 3 növdə baş verir - zəif, orta, intensiv. Bunlar da öz növbəsində aşağı və yuxarı davamlı olur. Azərbaycanda baş verən yanğınlar orta intensiv və aşağı davamlı olur". S.Salmanov əlavə edib ki, yanğınlar nəticəsində meşələrə dəyən ziyan oduncaq itkisi ilə ölçülür. Onun sözlərinə görə, bu il baş verən yanğınlarda xırda kol-koslar yanıb, böyük ağaclara ziyan dəyməyib: “Ümumiyyətlə, oduncaq itkisinə yol verilməyib. Yanğınlar nəticəsində meşə fonduna cəmi 5500 manat ziyan dəyib”.

Qeyd edək ki, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev də Azərbaycanda qeydə alınan meşə yanğınlarının səbəbləri barədə danışıb. O, son zamanlar Lənkəran, Lerik, Cəlilabad, Astara və digər rayonlarda meşə yanğınlarının baş verməsinin əsas səbəbini insan faktoru ilə əlaqələndirib: “Mən üzümü bu bölgədə yaşayan insanlara tutub deyirəm ki, odla ehtiyatsız davranmaları özlərinə, ailələrinə və ekologiyaya təhlükə yaradır”. Meşələr yaşıl sərvətimizdir, onu qorumaq hamımızın borcudur!

 

 “Planeti zibildən təmizləyək”

Bu ümumdünya aksiyası ilk dəfə 1993-cü ilin sentyabrında Avstraliyada okean sahillərinin təmizlənməsi ilə bağlı qeyd olunub. Tədricən bir çox ölkənin əhalisi bu aksiyaya qoşulub. Hər il minlərlə insan bu aksiyada iştirak edir. Müxtəlif kontinentdən olan insanlar yaşadıqları şəhərlərin təmizliyi üçün xüsusi tədbirlər görürlər. Təbiətsevər insanlar  tullantıların istifadəsi ilə bağlı iqtisadi və ekoloji mühazirələr oxuyur, onların anbara yığılmasını və ya xüsusi yerlərdə yandırılmasını təşkil edirlər. Torpağın, atmosferin qorunması ümumxalq işi kimi geniş vüsət alır.

 

“Yaşıl sülh”ün yaranma günü

 “Greenpeace” “ Yaşıl sülh” deməkdir. Bu təşkilatın 41 ölkədə 3 milyondan çox üzvü vardır ki, onlar da  ətraf mühitin mühafizəsi ilə məşğul olurlar. Bu təşkilat üzvlərinin əsas vəzifəsi ekoloji cinayətlərə qarşı aksiyalar keçirməkdir.

Hazırda  “Greenpeace” təşkilatının yaranmasının ildönümüdür. “Greenpeace” 1971-ci ildə Kanadada yaradılmışdır. O, ekoloji cinayətlərə qarşı mübarizə aparan fəal bir təşkilatdır, əsas prinsipi ekoloji cinayətə qarşı müstəqil mübarizə aparmaqdır. Bu təşkilat dövlətlərdən, şirkətlərdən və siyasi partiyalardan hər hansı bir maddi dəstək və sponsorluq qəbul etmir. Qurum bütün aksiyalarını şəxslərdən qəbul etdiyi maddi və mənəvi dəstəklə həyata keçirir. Hazırda təşkilatın 3 milyondan çox üzvü ətraf mühitin mühafizəsi ilə məşğul olur və ekoloji cinayətlərə qarşı dinc aksiyalar keçirir. Təbiət həvəskarları, geniş xalq kütləsi bu aksiyalarda fəal iştirak edirlər.

 

İsaq ƏMƏNULLAYEV,

“Xalq  qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında