Xəzərin ekoloji problemləri diqqət mərkəzindədir

 

 

 

Xəzər dənizinin  çirklənməsi ilə əlaqədar ekoloji şəraitin korlanması son dövrün ən mühüm problemidir. Zəngin təbii sərvətləri və müalicə əhəmiyyəti tarixən onun ətrafında çoxlu sayda insanların məskunlaşmasına səbəb olmuşdur.

Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahillərində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir. Hazırda Xəzərsahili zonalarda 15 milyona qədər əhali yaşayır ki, onların da həyat fəaliyyəti bilavasitə bu dənizlə (əsasən də balıqçılıqla) bağlıdır. 

Dünyanın ən məhsuldar su sahəsi olan Xəzər yeganə dənizdir ki, nərə balıqlarının böyük ehtiyatı (təxminən 95%) burada cəmləşmişdir. Məlumdur ki, nərə balığı dünya bazarında çox qiymətli sayılan qara kürünün “istehsalçısıdır”. Ona görə də həmin balıqların Xəzərdəki genofondu ciddi şəkildə qorunur. Lakin Xəzərin varidatı bununla tükənmir. Neft-qaz ehtiyatı potensialına görə də o, dünyanın ən iri karbohidrogen xammalı mərkəzlərindən biridir. Ekoloji xarakteristikasına görə Xəzər dənizi çox vaxt digər qapalı hövzələr kimi öyrənilir. Qapalı hövzələrin isə müvafiq problemləri var. Məsələn: təbii resursların kəmiyyətcə tükənməsi, antropogen və torpaqüstü təbii ekosistemlərin tənəzzülü, dəniz mühitinin çirklənməsi və su ekosistemlərinin tənəzzülü. Sonuncu ən böyük problem sayılır. Balıq təsərrüfatı və sanitar-toksiki xüsusiyyətləri baxımından Xəzərin durumu hələ Sovetlər Birliyinin sonunda  böhran dövrünün başlanğıcı kimi qiymətləndirilirdi. Belə ki, 1992-ci ildə Volqa hövzəsi və Xəzərin sahil zonası “ekoloji fəlakət zonası” adlandırılmışdı.

 Bu gün  Xəzər dənizinin  çirklənmədən  qorunması istiqamətində  davamlı tədbirlər həyata keçirilir. Azərbaycanda  bu məsələyə xüsusi önəm verilir. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri  2007-ci ildən etibarən hər il ənənəvi olaraq qeyd olunan “Xəzər günü”dür.  Bu tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə  yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda, bu işə digər qurumları və əhalini də cəlb etməkdir.

“Xəzər günü” ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin problemlərinə və mühafizəsinə dair ictimaiyyətin məlumatlılığını artırmaq məqsədilə bu yaxınlarda  bir sıra tədbirlər keçirilmişdir.

Belə ki, müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, o cümlədən gənclərin iştirakı ilə Xəzərin ekoloji problemləri, görülən işlər və ictimaiyyətin Xəzər dənizinin mühafizəsi prosesinə cəlb edilməsi mexanizminin müzakirəsi məqsədilə nazirlikdə görüş keçirilmişdir. Tədbir iştirakçıları və ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Xəzər dənizinin ətraf mühitinin mühafizəsi məqsədilə yaradılmış “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nə aid olan və Novxanı qəsəbəsinin sahilboyu zolağında quraşdırılmış modul tipli təmizləyici qurğunun iş fəaliyyəti ilə tanış olmuşlar.

Qeyd olunanlarla yanaşı, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək məqsədilə Novxanı çimərliyinin sahilboyu zonasında təmizlik aksiyası keçirilmişdir.  Aksiya zamanı 2 hektar ərazi tullantılardan təmizlənmiş və toplanmış tullantıların utilizasiyası həyata keçirilmişdir.

Xatırladaq ki, “Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin  çirklənmədən qorunması, dənizin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi sahəsində qüvvələrin səfərbər edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.

 

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında