Azərbaycanda ekoloji siyasət sistemli şəkildə həyata keçirilir

Bəşər tarixində insanların təhlükəsiz və sağlam mühitdə yaşamaları düşünən beyinləri həmişə narahat edib. Lakin buna baxmayaraq, əsrlər boyu bu məsələlərə lazimi diqqət yetirilməyib, ekologiyanın qorunmasına biganə münasibət bəslənilib. Totalitar rejim zamanı daha çox qarşıya qoyulan plan və tapşırıqların icrası, istehsalın artırılması önə çəkilib. Hər hansı bir yeni müəssisə yaradılanda, təzə yaşayış məskəni salınanda ekoloji problemlərə axırıncı məsələ kimi baxılırdı, insan amili, demək olar ki, unudulurdu.

Sovet rejiminə xas olan bütün bu meyillərə baxmayaraq, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikamızda ekoloji məsələlərin həllinə böyük diqqət və qayğı göstərilirdi. 1969-cu ilin iyul ayında Azərbaycana rəhbər seçilmiş Heydər Əliyev sənaye və kənd təsərrüfatının dirçəldilməsi, elm və mədəniyyətin inkişaf etdirilməsi sahəsində böyük işlər görməklə yanaşı, ətraf mühitin mühafizəsi, ekoloji problemlərin vaxtında həll olunması, yaşayış məskənlərinin abadlaşdırılması və yaşıllaşdırılması məsələlərinə də daim diqqətlə yanaşırdı.

Unudulmaz rəhbər qarşıda duran digər mühüm vəzifələrlə yanaşı, iri sənaye şəhəri olan Bakıda əhalinin sağlamlığının qorunması üçün vacib olan yaşıllıqların salınması, Dənizkənarı bulvarda isə Milli Park yaradılması ideyasını irəli sürdü. Onun təşəbbüsü və gərgin əməyi nəticəsində Bakıda və Abşeron yarımadasında yaşıllaşdırma işləri geniş vüsət aldı. O zamanlar “Bakını yaşıllaşdırmaq ümumxalq işidir!” şüarı altında tez-tez iməciliklər keçirilirdi. Ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə Bakıda yaşıllıqların sahəsi 3,4 dəfə genişləndirilərək 9,6 min hektara çatdırılmışdı.

O illərdə Bakının içməli su ilə təminatı, kanalizasiya problemlərinin həlli istiqamətində də vacib addımlar atılırdı. Lakin Azərbaycan müstəqil dövlət olmadığı üçün bu sahələrdə sərbəst siyasət yürütmək çətin olurdu. Təsadüfi deyil ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ətraf mühitin və ekologiyanın mühafizəsi sahəsində dövlət siyasətinin əsası məhz ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə formalaşmağa başladı. 1993-cü ilin ikinci yarısından etibarən Bakı və Abşeronun yaşıllaşdırılmasına, pozulmuş ekoloji tarazlığın bərpasına, təbiətə vurulmuş yaraların sağalmasına yenidən, bu dəfə müstəqillik şəraitində, daha böyük əzmkarlıqla başlamaq mümkün oldu. Heydər Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlər sırasında Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin yaradılması mühüm yer tutur.

Ekoloji siyasətə dair ilk rəsmi sənəd olan “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası”nda ölkəmiz üçün ətraf mühitin mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edən problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapdı. Sağlamlıq və ətraf mühitin mühafizəsi baxımından hüquqi-normativ aktların hazırlanması və qəbul edilməsi sahəsində bir çox işlər görüldü. 1999-cu ildə Milli Məclisin qəbul etdiyi “Ekoloji təhlükəsizlik haqqında” Qanun ulu öndər tərəfindən təsdiq olundu. 2000-ci ildə bu istiqamətdə daha iki hüquqi sənəd – “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlar qəbul edildi.

XX əsrin sonlarına yaxın ətraf mühitin mühafizəsi ümumbəşəri səviyyədə narahatlıq doğurduğu üçün bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatların qarşılıqlı əlaqələrini genişləndirmək xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycan Respublikası 1997-2000-ci illərdə Türkiyə, Norveç, Gürcüstan, Qazaxıstan, Moldova, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə ətraf mühitin mühafizəsi sahəsində hökumətlərarası birgə əməkdaşlıq sazişləri imzaladı, bir sıra beynəlxalq konvensiyalara qoşuldu. Azərbaycan Respublikası Avropa Energetika Xartiyasının Protokolunu imzaladı. 1997-2000-ci illər ərzində “Tükənməkdə olan vəhşi heyvan və bitki növlərinin beynəlxalq ticarəti üzrə”, “Səhralaşmaya qarşı mübarizə üzrə”, “Atmosferin ozon qatının mühafizəsi üzrə”, “Ətraf mühitə təsirin transqranik kontekstdə qiymətləndirilməsi üzrə” və “Ətraf mühitlə bağlı informasiya əldə etmək üzrə” konvensiyalar Azərbaycanın Milli Məclisi tərəfindən ratifikasiya edildi.

 1998-ci ildə Azərbaycan Respublikası hökuməti tərəfindən “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı” qəbul edildi. 1999-cu ilin əvvəllərində Xəzər dənizi üzrə beynəlxalq ekoloji proqramı həyata keçirmək üçün Bakı şəhərində Xəzər Ekoloji Mərkəzi fəaliyyətə başladı. 2003-cü ildə ulu öndər bir sərəncamla iki milli proqramı – “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair “Milli Proqram” və “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram” təsdiq etdi.

Müstəqilliyimizin o ağır illərində bütün çətinliklərə baxmayaraq, Azərbaycan dövlətinin yaşıllaşdırma, abadlaşdırma, ekologiya və ətraf mühütin qorunması sahəsində gördüyü böyük işlərlə yalnız fəxr etmək olar. Dövlətin ətraf mühitin və ekologiyanın qorunması ilə bağlı həyata keçirdiyi hər bir işdə Heydər Əliyevin Azərbaycan təbiətinə vurğunluğu, əhalinin gümrahlığına və gələcək nəsillərin sağlam mühitdə böyümələrinə qayğısı vardı.

Ümummilli lider Heydər Əliyevin ətraf mühitin mühafizəsi istiqamətində əsasını qoyduğu ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın mövcud sosial-iqtisadi inkişafı bu sahəyə daha çox diqqət yetirməyə, böyük vəsait ayırmağa, irimiqyaslı layihələr həyata keçirməyə imkan verir. Son illər respublikamızda sosial-iqtisadi proseslər sürətlə inkişaf etdiyinə görə ekoloji siyasətdə yeni prinsiplərin işlənməsini, strateji siyasətin yürüdülməsini zəruri edir. Artıq ekoloji siyasət dövlət proqramlarının qəbul edilib yerinə yetirilməsi şəklində həyata keçirilir. Bu proqramlarda nəzərdə tutulan işlər üçün konkret vaxtın və maliyyə vəsaitinin əks olunması ekoloji siyasətin sistemli və mükəmməl şəkildə həyata keçirilməsinə imkan yaradır.

Prezident İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı”nda torpaqların eroziyaya uğramasının və şoranlaşmasının qarşısını almaq, mühafizəsini gücləndirmək, ondan istifadənin səmərəsini artırmaq və biomüxtəlifliyin qorunub saxlanılmasını təmin etmək məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. 2006-cı ildə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nı təsdiq etməsi ilə ekoloji tədbirlərin sistemli şəkildə həyata keçirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.

Bu kompleks tədbirlər planında ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapdı. Belə ki, tədbirlər planında Bakı buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. məsələlərin həlli mexanizmləri dəqiqliklə göstərildi.

Bakı şəhərinin və Abşeron yarımadasındakı yaşayış massivlərinə kanalizasiya xəttinin çəkilməsi, mövcüd təmizləyici qurğuların müasirləşdirilməsi və yeni təmizləyici qurğuların tikilməsi istiqamətində tədbirlər görüldü. 2009-cu ilin sonunda Hövsan aerasiya stansiyasının istifadəyə verilməsi və Xəzərə axıdılan kanalizasiya sularının qarşısı alınaraq aerasiya stansiyasına yönəldilməsi Bakı buxtasının tədricən təmizlənməsinə müsbət təsir edəcəkdir.

Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində beynəlxalq standartlara cavab verən modul tipli lokal çirkabtəmizləyici qurğular quraşdırıldı. Bu istiqamətdə təkcə 2008-2009-cu illər ərzində gündə 6140 kubmetr çirkabtəmizləmə gücünə malik 16 stansiya istismara verildi. Nəticədə, aparılan monitorinq qısa zaman ərzində Xəzər dənizinin suyunun çirklənmə səviyyəsinin xeyli aşağı düşdüyünü göstərdi. Çirkli suları təmizləyən modul tipli qurğulardan yaradılmış “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin fəaliyyəti nəticəsində Abşeron yarımadasının şimal hissəsini əhatə edən Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıtın sahilboyu 86 kilometrlik ərazilərində bataqlıqlaşmış sahələrin və çirkab gölməçələrin 80 faizi qurudularaq ekoloji tarazlıq bərpa olundu. Bu görülən işlərin nəticəsidir ki, hazırda vətəndaşlarımız çimərliklərdən daha səmərəli istifadə edirlər.

Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirləri həyata keçirir. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələrin sıradan çıxarılmasına nail olunacaq.

Bundan əlavə, 24 mart 2006-cı ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Beləliklə, təbii sərvətlərimizin mühüm tərkib hissəsi olan bioloji müxtəlifliyin, yəni bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə və digər su ekosistemlərində və s. ekoloji komplekslərdə mövcud olan canlı orqanizmlərin qorunması üçün tarixi bir addım atıldı. Qeyd edək ki, hökumət tərəfindən 2010-2014-cü illəri əhatə edən ekoloji sahədə tədbirlər planı da artıq yekunlaşmaq üzrədir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda bu istiqamətdə çox vacib işlər aparılır və ciddi yanaşmalar var.

Azərbaycan MDB və Avropa Şurası ölkələrinin ətraf mühitin mühafizəsinə dair ekoloji təhlükəsizliyin təmin olunmasında və qanunvericiliyin uyğunlaşdırılmasında, təbii resursların səmərəli istifadəsində, ekoloji sistemin qorunmasında maraqlıdır. Son illər ölkəmizdə ekologiyaya dair 25-dən çox qanun qəbul olunub. Azərbaycan ətraf mühit və təbiətdən istifadə ilə bağlı 20-dən çox beynəlxalq konvensiyaya, razılaşmaya qoşulub. Zəngin təbii ehtiyatlara malik Azərbaycan xüsusi qorunan ərazilər şəbəkəsinin yaradılmasına böyük diqqət yetirir. Qısa müddətdə xüsusi qorunan təbii ərazilərin sahəsi ölkənin ümumi ərazisinin 10 faizinə çatdırılıb.

Azərbaycan dövlətinin ekoloji siyasətində iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön xəttə çəkilmişdir.

Göründüyü  kimi, Azərbaycan dövlətinin ekologiyanın qorunması ilə bağlı həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ həll edilməsinə, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradıb. Ulu öndər Heydər Əliyevin təbiətə, gözəlliyə vurğunluğu, ətraf mühitə sayğısız münasibət göstərilməsinə qarşı barışmazlığı və qətiyyəti bu gün Azərbaycan Prezidenti İlham Əliyevin də fəaliyyətinin başlıca stimuluna çevrilib. Dövlət başçısının təşəbbüsü və dəstəyi ilə reallaşdırılan layihələr Azərbaycanda ekoloji problemlərin tezliklə yoluna qoyulacağına inam yaradır.

On bir ildir ki, dövlətimizin rəhbəri İlham Əliyev Azərbaycanın ekoloji problemlərini planlı surətdə, ardıcıllıqla həll etmək üçün bir-birindən rəngarəng, möhtəşəm layihələrin həyata keçirilməsi istiqamətində mühüm işlər görür. 2014-cü ilin altı ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədəki yekun nitqində Prezident İlham Əliyev ekolji məsələlərin həlli sahəsində görülən işləri qiymətləndirərkən demişdir:  “...Ekologiya məsələlərinə daim diqqət göstərilir. Altı ayda həm Bakıda, həm də bölgələrdə iki milyondan çox ağac əkilibdir. Mən həmişə deyirəm ki, bu daimi proses olmalıdır. Biz nə qədər çox ağac əksək, xüsusilə Abşeron yarımadasında, o qədər də insanların sağlamlığına xidmət etmiş oluruq”.

Lakin ekologiyanın qorunması tək dövlətin işi deyil. İnsan amili ekoloji problemlərin yaranmasında nə qədər böyük rol oynayırsa, ekologiyanın qorunması və bərpasında da o qədər mühüm əhəmiyyətə malikdir. Planetimizin ekoloji problemlərinin kəskinləşdiyi indiki zamanda hər birimiz təbiətin qorunmasında öz məsuliyyətimizi dərk etməliyik. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan edilməsi, qısa müddətdə  Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə irəli sürülən təşəbbüs, sadəcə, zərurətdən doğan bir ideya deyil, ölkə başçısının əhalinin sağlam mühitdə yaşamasına göstərdiyi böyük qayğıdır. Təsadüfi deyil ki, Azərbaycan dövlətinin bu addımı beynəlxalq təşkilatlar tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.

Doğma Vətənimiz Azərbaycanın təbiətinin, havasının, suyunun bizə və gələcək nəsillərimizə nə dərəcədə vacib olduğunu bir daha dərindən dərk etməliyik və  hər birimiz ekologiyanın, ana təbiətin qorunmasına can yandırmalıyıq. Bununla da biz unudulmaz rəhbərimiz Heydər Əliyevin ruhunu şad etmiş olarıq.

 

Telman ƏLİYEV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında