Masallıda “Bəbirləri qoruyaq!” ikinci yay düşərgəsi fəaliyyətə başladı

İyulun 23-də Masallı rayonundakı “Viləş” hotelində Dünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, Heydər Əliyev Mərkəzinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Qafqaz bəbirlərinin (Panthera pardus) mühafizəsi” layihəsi çərçivəsində “Bəbirləri qoruyaq!” ikinci yay düşərgəsi fəaliyyətə başladı.

AzərTAc xəbər verir ki, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan 30-dan çox məktəblinin iştirak etdiyi yay düşərgəsinin məqsədi Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəbliləri bu nadir heyvan növü haqqında məlumatlandırmaq və onun mühafizəsi işini təbliğ etməkdir.

Üç gün davam edəcək düşərgədə məktəblilər bəbirlərin həyat tərzi, yayıldığı ərazilər, onların əhəmiyyəti haqqında geniş məlumat əldə edəcək, müxtəlif ekoloji tədqiqatlara, viktorina və müsabiqələrə qatılacaqlar.

İkinci yay düşərgəsinin açılış mərasimində çıxış edən Dünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Sevinc Saruxanova qurumun həyata keçirdiyi layihələr barədə məlumat verərək bildirdi ki, Qafqaz bəbirinin qorunmasına yönəlmiş layihənin icrasına 2002-ci ildə başlanılıb. Azərbaycanda 10-15 bəbirin Talış dağlarında, Naxçıvan Muxtar Respublikasında və Kiçik Qafqazda məskunlaşdığı məlum olub.

IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin ekoloqu Nəzakət İsayeva 2011-ci ildən fəaliyyət göstərən Birliyin həyata keçirdiyi layihələr barədə məlumat verdi. Qeyd etdi ki, bəbirlərin mühafizəsi ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti, İctimai Birliyin təsisçisi və rəhbəri Leyla Əliyevanın Qafqazda nəsli kəsilməkdə olan 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlər öz bəhrəsini verməkdədir.

Qeyd olundu ki, bu istiqamətdə görülən işlər sırasında mayın 7-də IDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində keçirilən pişikkimilər fəsiləsinə aid olan növlərə həsr olunmuş Qafqaz Biomüxtəlifliyi Sammiti bu sahədə xüsusi əhəmiyyət kəsb edir.

Diqqətə çatdırıldı ki, dünyanın qabaqcıl ekspertlərinin iştirakı ilə keçirilən Sammit Qafqazda məskunlaşan bəbirlərin qorunması istiqamətində atılan böyük addımlardan biridir.

Konfransda çıxış edən Leyla xanım Əliyeva gənclərin dəstəyi  olmadan ətraf mühitin qorunmasına ümid bəsləməyin çətin olduğunu vurğuladı.

Təhsil Nazirliyinin nümayəndəsi Lalə Dadaşova, Hirkan Milli Parkının elmi işlər üzrə direktor müavini Hacıağa Cəfərov ölkəmizdə təbiətin mühafizəsi sahəsində görülmüş işlərdən, bu sahədə həyata keçirilən layihələrdən danışdılar.

Mərasimdə bəbirlərin Azərbaycanda çəkilmiş şəkilləri nümayiş etdirildi. Bu heyvanların həyat tərzi, yaşadığı ərazilər, qida obyektləri, onların mühafizəsi üçün həyata keçirilən tədbirlərdən  ətraflı söhbət açıldı.

Bildirildi ki, Qafqaz Biomüxləfliyi Sammitinin davamı olaraq keçirilən bu cür yay düşərgələri gənclərin kiçik yaşlarından təbiətin qorunması, biomüxtəlifliyin mühafizəsi işinə cəlb olunması və onların bu işdə fəallığının artırılması üçün olduqca məqsədəuyğundur.

İkinci yay düşərgəsinin birinci günündə məktəblilər üçün “Bəbirləri qoruyaq!” mövzusunda seminar, “İnsan və ətraf mühit” mövzusunda disput keçirildi, bəbirlərin həyat tərzi haqqında videofilmlər nümayiş etdirildi, dostluq tonqalı ətrafında musiqili əyləncəli proqram təşkil edildi.

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında