Sərsəng harayı dünyada əks-səda yaradır

 

 

 

 

20 ildən çox erməni təcavüzkarlarının tapdağı altında inləyən Sərsəng dəryaçası və işğal olunmuş ərazilərimizdəki daha 3 su anbarı son illərdə düşmən pəncəsindən qurtarmaq, vəhşi təxribatlara alət olmaqdan xilas edilmək üçün bütün dünyaya haray salmaqda, imdad

diləməkdədir.

İndi bu haraya səs verməyən, qəddar, məsuliyyətsiz işğalçıların əməllərinə son qoymaq üçün imkanları daxilində təşəbbüs göstərməyən böyük dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar sabah ağlasığmaz təhlükə baş verəndə təəssüfləndiklərini bəyan edəcəklər. Onlar bilməlidirlər ki, belə fəaliyyətsizlik tarixə qara hərflərlə yazılacaq. Gələcək nəsillər isə baiskarları lənətləyəcək və faciəli hadisələrin qarşısını almayanları ittiham edəcəklər. 

Bugünkü reallıqları və hər an baş verə biləcək fəlakətləri nəzərə alan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) məqsədi dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətini qlobal böhranın aradan qaldırılmasına cəlb etmək, bəşəri əhəmiyyətli ciddi bir layihəni həyata keçirməklə Sərsəng harayını bütün dünyaya çatdırmaqdır.

AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, AVRONEST-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hazırlanmış “Sərsəng–humanitar faciənin qarşısının alınması” adlı həmin layihənin məramı ötən ilin mayından  BMT-nin Baş Məclisinə, Təhlükəsizlik Şurasına, Avropa Parlamentinə, Nazirlər Şurasına, ATƏT-in sədrinə, bu qurumun Minsk qrupunun həmsədrlərinə çatdırılmışdır. Bu qurumlara ünvanlanan müraciətlərdə 20 ildən çox Ermənistanın işğalı altında qalmış Azərbaycan ərazilərində canlı təbiətə və ümumiyyətlə, insanlığa qarşı məqsədli cinayət əməlləri saysız-hesabsız faktlarla əsaslandırılmışdır. Faktlar, reallıqlar və bugünkü həqiqi vəziyyət isə belədir:

Azərbaycanın dövlət büdcəsi hesabına Dağlıq Qarabağımızın Ağdərə rayonu ərazisində Tərtər çayı üzərində tikilmiş və 38 il bundan əvvəl istifadəyə verilmiş, tutumu 565 milyon kubmetr olan bu nəhəng dəryaçanın suyu ilə ( dəniz səviyyəsindən 738 metr yüksəklikdədir, bəndin hündürlüyü 135 metr, dərinliyi 103 metrdir) respublikamızın 6 rayonunun–Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcəbədinin 100 min hektara qədər torpağı, əkin sahələri, bağları suvarılırdı. Bu nəhr  100 minlərlə insanın yaşadığı böyük bir ərazi üçün həyat çeşməsi idi.

1992-ci ildə dəryaça düşmən nəzarəti altına keçəndən sonra Ermənistan həm də Azərbaycanla “su müharibəsi”nə başladı. Yaz-yay aylarında təsərrüfatların, əkinlərin, bağların suya daha çox ehtiyacı olduğu vaxtlarda insanlığa düşmən kəsilmiş ermənilər aşağı rayonların ərazilərinə dəryaçadan su buraxmırlar. Payızda intensiv yağışlar, leysanlar zamanı isə əksinə, Sərsəngdən bu ərazilərə elə su axıdırlar ki, təsərrüfatlara, bağlara, zəmilərə, yollara, körpülərə ağlagəlməz ziyan dəyir. Belə vəziyyət uzun illərdir ki, davam edir, nəticədə, torpaqların bioloji strukturu pozulur, ciddi ekoloji gərginlik və problemlər yaranır, zəhmət adamlarının yeganə gəlir və dolanacaq mənbəyi olan kənd təsərrüfatı iflic vəziyyətinə düşür. Kasıblaşan və ehtiyac içərisində olan region əhalisi məcburiyyət qarşısında doğma yurd-yuvasını, bağ-bağçasını qoyub şəhərlərə, digər rayonlara və kəndlərə üz tutmaq məcburiyyətində qalır.

Xatırladaq ki, uzun müddət Azərbaycanın nəzarətindən çıxan bu nəhəng dəryaça baxımsızlıqdan qəzalı vəziyyətə düşməkdə, bu gün bizim üçün təhlükə mənbəyinə çevrilməkdədir. İndi istənilən vaxt baş verə biləcək təhlükəli hadisə və ya hər hansı bir düşmən təxribatı bəndin dağılmasına səbəb ola bilər. O zaman 400 mindən çox soydaşımızın yaşadığı bu bölgə üçün əsl böhran, böyük bir fəlakət, bədbəxtlik baş verə bilər.

Mütəxəssislərin hesablamalarına görə, Sərsəng bəndinin dağılması və ya təxribat nəticəsində partladılması 1 saat ərzində təkcə Tərtər rayonunun 200-ə qədər yaşayış məntəqəsi, sonrakı 2-3 saat ərzində isə 6 rayonumuzun şəhər və kəndləri bütövlükdə məhv ola bilər.  Göründüyü kimi, bugün Sərsəng həm təhlükə mənbəyidir, həm də erməni təcavüzkarlarının əlində Azərbaycana qarşı təzyiq vasitəsi kimi işğal altındadır.

Gözlənilən fəlakətin qarşısını almaq məqsədilə ötən ilin mayından etibarən AVCİYA bu layihəni mərhələ-mərhələ reallaşdırır.

Sərsəng su anbarında yaranmış vəziyyət Bakıda  keçirilmiş Dünya Bankı və Beynəlxalq Valyuta Fondu parlament şəbəkəsinin illik konfransında və Vyanada “Azərbaycanın geosiyasi və Avropanın təhlükəsizliyi” beynəlxalq konfransında AVCİYA-nın prezidenti Elxan Süleymanovun çıxışlarında konkret  faktlarla bəyan edilmişdir. Tərtərdə isə “SOS-Sərsəng” mövzusunda beynəlxalq konfransda bu nəhəng dəryaçanın insanlıq üçün yaratdığı real problemlər və gözlənilən təhlükələr Avropanın bir neçə ölkəsindən gəlmiş parlamentarilərin nəzərinə çatdırılmışdır. Onlar da humanitar fəlakətə görə narahatlıqlarını bildirmiş və hər an gözlənilən fəlakətin qarşısını almaq üçün səylərini əsirgəməyəcəklərini söyləmişlər.

 Daha bir fakt: ötən ilin sentyabrında Dubrovnikdə AŞPA-nın büro iclasında Sərsəngin törədə biləcəyi fəsadlara dair bu beynəlxalq təşkilatın Sədarət Komitəsinin qətnamə təklifi təsdiqlənmişdir. Sədarət Komitəsi büroya tövsiyə etmişdir ki, qətnamə layihəsi problemlə konkret məşğul olacaq məruzəçi təyin etmək üçün Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə göndərilsin, onun bu problemlə bağlı hazırlayacağı layihə isə AŞPA-nın plenar iclasında müzakirəyə çıxarılsın.

 Bunlardan əlavə, assambleya işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irruqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla Ermənistanın qeyri-qanuni blokadasını kəskin şəkildə pisləmişdir. Assambleya düşmənin hərbi qüvvələrinin su anbarları və bütün əlaqəli irruqasiya sistemləri üzərindəki qeyri-qanuni nəzarəti beynəlxalq qətnamələrə əsasən, Azərbaycan hakimiyyətinə təhvil verməyə çağırmışdır.

AVCİYA-nın Sərsəngdə yaranmış mövcud vəziyyət və baş verə biləcək təhlukənin nəticələrinin dünya ictimaiyyətinə gur səslə çatdırılması, beynəlxalq təşkilatların problemə diqqətinin cəlb edilməsi Xankəndinin qondarma erməni rejiminin reaksiyasına səbəb olmuşdur. Onlar belə bir təklif səsləndirmişlər ki, Sərsəng dəryaçasından Azərbaycanla birgə istifadə etməyə hazırdırlar.

Əvvəla, belə bir bəyanat verməyə qondarma rejimin haqqı və səlahiyyəti yoxdur. Çünki, bütün dünya aydın bilir ki, Azərbaycan əraziləri Ermənistan dövləti tərəfindən işğal olunmuşdur. İkincisi, beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğala məruz qalmış dövlətə məxsus strateji obyektlərin işlədilməsi və onlardan istifadə edilməsi yolverilməzdir, qeyri-qanunidir. Üçüncüsü, bu “təşəbbüsün, təklifin” məqsədi erməni işğalçılığını ört-basdır etməkdən başqa bir şey deyildir. Bu növbəti erməni hiyləsidir ki, onlar özlərini “sülhsevər” kimi göstərməklə yenə də dünya ictimaiyyətini çaşdırmaq istəyir, həm də özlərinin əldəqayırma hakimiyyətlərinin legitimliyini siyasi oyunla  təsdiqləmək məqsədi güdürlər.

Azərbaycan beynəlxalq təşkilatların Sərsəngi nəzarətə götürməsində israrlıdır və tələb edir ki, yaranmış mövcud vəziyyəti beynəlxalq ekspertlər dəyərləndirsinlər və dəryaçanın suyunun tənzimlənməsinə beynəlxalq ekoloji qurumlar nəzarət etsinlər. Dəryaçanın doğuracağı nəticə və risklərin beynəlxalq hüquqi ekspertlər tərəfindən qiymətləndirilməsi bu gün olduqca vacibdir.

Ənvər QAFARLI, 
AVCİYA-nın eksperti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında