Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı 2011-2013-cü illərdə bir sıra vacib problemlərin həllini nəzərdə tuturdu. Bu il proqramın sonuncu ilidir. Ötən üç illik müddət ərzində bu sahədə xeyli iş görülmüş və hazırda bir sıra layihələr yekunlaşdırılmaq üzrədir. Bir vaxtlar neftlə çirklənmiş Abşeronun ekoloji durumunun yaxşılaşdırılması üzrə Proqramda nəzərdə tutulan məsələlərin həlli ilə bağlı bir neçə irimiqyaslı layihələr artıq reallaşdırılmışdır.
Dövlət Proqramının bir illik icra vəziyyəti ilə bağlı keçirilən konfransda cənab Prezident İlham Əliyev demişdir: “Bakının ekoloji vəziyyəti bizi qane edə bilməz. Bu, reallıqdır. Əfsuslar olsun ki, əsrlər boyu Bakı sənaye şəhəri kimi formalaşıb, xüsusilə neft sənayesi burada yaranıb. Həmişə şəhər ekoloji cəhətdən çox ağır vəziyyətdə idi. Sovet dövründə müəyyən standartlar var idi, o standartlar gözlənilirdi. Amma indi biz bilirik ki, o standartlar dünya standartlarına, əlbəttə, uyğun deyildir. Postsovet dövründə, xüsusilə ilk illərində maliyyə vəziyyətimiz çox ağır idi. Bizim çox böyük ehtiyacımız var idi. Biz bu məsələlərə lazımi qədər vəsait ayıra bilmirdik. İndi isə biz bunu edirik, etməliyik və bütün sahələr üzrə konkret tapşırıqlar verilmişdir”.
Ölkəmizdə son illər ekoloji mühitin sağlamlaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir. Bakı və ətraf qəsəbələrin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində də məqsədyönlü iş aparılır.
Proqramda 3 bənd üzrə əsas, 6 bənd üzrə isə ikinci dərəcəli icraçı orqan kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi təyin olunmuşdur. Bu tədbirlər Abşeron yarımadasının həlli vacib olan əsas ekoloji problemlərinin aradan qaldırılmasına yönəlmişdir. Nazirlik ilk növbədə yaşıllaşma işlərinin aparılmasına diqqəti artırmış, yeni yollar kənarında böyük yaşıllıq zolaqlarının salınmasına başlanılmışdır. Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolundan Qala qəsəbəsinə çəkilən yeni avtomobil yolunun ətrafında 120 ha ərazidə və Suraxanı-Zığ avtomobil yolunun ətrafında 110 ha ərazidə çöl tədqiqat işləri aparılmışdır.
Bundan başqa, Suraxanı-Zığ avtomobil yolunun ətrafının yaşıllaşdırılması istiqamətində 3 hektar ərazidə 3400 ədəd ağac və kol əkilmişdir. Yeni əkilmiş ağacların suvarılması və aqrotexniki qaydada xidmət işləri aparılır. Burada xeyli sayda sərv və zeytun ağacları əkilmişdir. 50 hektar sahədə yaşıllıqların salınması üçün torpaq hazırlığı işləri aparılmışdır. Eyni zamanda, Sabunçu dairəsi-Heydər Əliyev Hava Limanı magistral avtomobil yolunun ətrafında 124 hektar sahədə 74,5 min, Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında isə 225 hektar sahədə 165,5 min ağac əkilmiş, aqrotexniki qaydada xidmət və suvarma işləri aparılmışdır. Hal-hazırda ərazidə mövcud olmuş ticarət mərkəzlərinin yerində salınmış yaşıllıq sahələrində 1250 ədəd zeytun, 1530 ədəd sərv, 170 ədəd tuya ağacları əkilmişdir.
Xocasən gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirin icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən layihə hazırlanması üçün tədqiqat işləri aparılmış və araşdırma sənədləri hazırlanaraq İqtisadi İnkişaf Nazirliyinə göndərilmişdir. Aparılmış tədqiqatlar nəticəsində aydın olmuşdur ki, Xocasən gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə layihənin hazırlanması üçün ilk növbədə digər dövlət qurumlarının (“Azərsu” ASC, ARDNŞ, yerli icra orqanları) səlahiyyətlərinə aid olan bir sıra məsələlər - o cümlədən, tullantı və lay sularının göllərə axıdılmasının qarşısının alınması, göllərin və ətraf ərazilərin bərk məişət və sənaye tullantıları, neft məhsulları ilə çirklənməsinin qarşısının alınması, torpaq mülkiyyətçiləri ilə bağlı məsələlərə aydınlıq gətirilməsi həll olunmalıdır.
Bayıl yamacı - 20-ci sahə arası yaşıllaşdırılmış ərazidə suvarma sisteminin qurulması istiqamətində 35000 pm suvarma xətti çəkilib, əkin sahələrində ümumilikdə 250 tonluq müxtəlif həcmlərə malik su çənləri quraşdırılmışdır. Ümumilikdə 60 hektar yaşıllıq sahəsinə damcılı suvarma sistemi çəkilmişdir. Ötən il 36 hektar sahədə 85 800 ədəd ağac və kol bitkiləri əkilmişdir. Əkin sahələrinə aqrotexniki qaydada qulluq edilmişdir. Hazırda 17 hektar sahədə yaşıllıqların salınması istiqamətində torpaq hazırlığı işləri gedir, 30 hektar sahədə doldurma-bərpa aparılmış və əraziyə münbit torpaq və gübrə verilmişdir. Bayıl yamacında baş vemiş torpaq sürüşməsi ilə bağlı tədqiqatlar davam etməkdədir.
Zığ gölünün ətraf ərazilərində də ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə tədbirlərin icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən layihəqabağı tədqiqat işləri aparılmış və araşdırma sənədləri hazırlanaraq İqtisadi İnkişaf Nazirliyinə göndərilmişdir. Aparılmış tədqiqatlar nəticəsində aydın olmuşdur ki, həmin göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə layihənin hazırlanması üçün ilk növbədə digər dövlət qurumlarının (“Azərsu” ASC, ARDNŞ, yerli icra orqanları) səlahiyyətlərinə aid olan bir sıra məsələlər - o cümlədən, tullantı və lay sularının göllərə axıdılmasının qarşısının alınması, göllərin və ətraf ərazilərin bərk məişət və sənaye tullantıları, neft məhsulları ilə çirklənməsinin qarşısının alınması, torpaq mülkiyyətçiləri ilə bağlı məsələlərə aydınlıq gətirilməsi və s. həll olunmalıdır. Bülbülə gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirin icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən layihə qabağı tədqiqat işləri aparılmış və araşdırma sənədləri hazırlanaraq İqtisadi İnkişaf Nazirliyinə göndərilmişdir.
Aparılmış tədqiqatlar nəticəsində aydın olmuşdur ki, Bülbülə gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə layihənin hazırlanması üçün ilk növbədə digər dövlət qurumlarının (“Azərsu” ASC, ARDNŞ, yerli icra orqanları) səlahiyyətlərinə aid olan bir sıra məsələlər - o cümlədən, tullantı və lay sularının göllərə axıdılmasının qarşısının alınması, göllərin və ətraf ərazilərin bərk məişət və sənaye tullantıları, neft məhsulları ilə çirklənməsinin qarşısının alınması, torpaq mülkiyyətçiləri ilə bağlı məsələlərə aydınlıq gətirilməsi və s. həll olunmalıdır.
Qeyd olunanları nəzərə alaraq, ilkin olaraq yuxarıda göstərilən məsələlərin müvafiq ardıcıllıq gözlənilməklə həll olunduqdan sonra layihələrin hazırlanmasını və ekoloji sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədəmüvafiq hesab olunur.
“2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 22 iyun tarixli sərəncamına əsasən tədbirlərin adında və icraçıları sırasında müvafiq dəyişikliklər edilmişdir.
Əlbəttə, görülən və görüləsi işlər yuxarıda sadaladıqlarımızla bitmir. Bakı şəhəri və onun ətraf qəsəbələrinin həll olunmamış problemləri coxdur. Xüsusilə uzun illər neft tullantıları ilə çirklənmiş ərazilərin hələ də tam təmizlənməməsi vacıb problem kimi qarşıda durur. Yaxın gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsi olduqca vacibdir.
Cənab Prezident Dövlət Proqramının bir illiyi ilə əlaqədar konfransda demişdir: “İçməli su, kanalizasiya layihələri, göllərin təmizlənməsi məsələləri ilə də bağlı İqtisadi İnkişaf Nazirliyinə göstəriş verilmişdi. Bakının ərazisində yerləşən göllər təmizlənməlidir. İlk növbədə, oraya axıdılan suların təmizlənməsi və yeni xətlərin çəkilişi məsələləri həllini tapmalıdır. Biz gərək, ilk növbədə, çirklənmənin səbəbini aradan qaldıraq. Ondan sonra biz təmizləmə, ekoloji tədbirlərlə indiki gölləri gözəl, təmiz göllərə çevirməliyik. Onların ətrafında meşə zolaqları, parklar salınmalıdır ki, insanlar bu göllərdən istifadə etsinlər. Bütün bu göllərin siyahısı vardır. Konkret tapşırıqlar verilmişdir. Bu il müəyyən dərəcədə vəsait də nəzərdə tutulur. Əsas vəsait gələn il və 2014-15-ci illərdə ayrılacaq ki, bu gölləri biz gözəl, şəffaf, təmiz göllərə çevirək. Beləliklə, həm insanların istirahəti üçün yeni yerlər yaradılacaq, həm də ekoloji vəziyyət yaxşılaşacaqdır”.
Bu gün, doğrudan da, Bakı və onun ətraf qəsəbələrinin ekoloji durumunun yaxşılaşması ilə bağlı proqramın reallaşması istiqamətində işlər tamamlanmaq üzrədir.Yəqin ki, yaxın vaxtlarda bu sahədə yeni-yeni layihələrin həyata keçiriləcəyinə start veriləcək.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.