Qlobal istiləşmə Azərbaycana güclü təsir göstərməyəcək

Təbii fəlakətlərin mütəmadi hal almasını alimlər məhz ətraf mühitə, onun amillərinə insanın antropogen fəaliyyətinin neqativ təsiri ilə əlaqələndirirlər.

Təbii fəlakətlərin mütəmadi hal almasını alimlər məhz ətraf mühitə, onun amillərinə insanın antropogen fəaliyyətinin neqativ təsiri ilə əlaqələndirirlər. Alimlərin son mülahizələrinə əsasən planetimizdə iqlimin xəritəsinin kəskin dəyişilməsi qlobal istiləşmə ilə bağlıdır. Qlobal istiləşmə həm Yer təbəqəsinin müxtəlif qatlarında temperatur fərqi yaradır, həm də buzlaqların əriməsi surətləndiyi üçün dünya okeanında suyun səviyyəsi artdığından yerin təkinə təsir edərək tektonik hərəkətlərə səbəb olur.

Bu proseslər isə planetimizdə zəlzələ və vulkan püskürmələrinin dinamik inkişafına və tez-tez baş verməsinə səbəb olur. Amerika mətbuatının yazdığına görə, ABŞ-ın Atmosfer Tədqiqatları Milli İdarəsinin yeni hesabatında deyilir  ki,  dünyanın 48 ölkəsindən olan 300-dən artıq alim qlobal istiləşmənin qaçılmaz olduğuna əmindir. Sənəddə qlobal istiləşmənin səbəbləri göstərilmir. Lakin bildirilir ki, qarşıdakı illərdə bütün dünyada hərarətin yüksəlməsi və buzlaqların əriməsi prosesi davam edəcək.

Alimlər 2000-ci ildən bu yana dünyada ən isti dövrün yaşandığını da bildirirlər. 2010-cu ildə bütün dünyada baş verən 950 iri təbii fəlakət nəticəsində dünya iqtisadiyyatına 130 milyard dollar və ya dünya ÜDM-nin 5 faizi qədər ziyan dəyib, 250 min nəfər həlak olub.

Bu barədə dünyanın ən böyük sığorta şirkəti olan “Munich Re” məlumat yayıb.

Şirkətin hesabatında deyilir ki, 2010-cu il baş verən təbii fəlakətlərin sayına görə son 30 ildə (1980-ci ildən) ən fəlakətli il olub. Ötən il baş verən təbii fəlakətlərin sayı son 10 ildəki orta sayı (785) xeyli üstələyib.

Ötən il ən çox təbii fəlakət hava anomaliyaları ilə bağlı olub. Dünyanın ayrı-ayrı regionlarında və ümumilikdə qeydə alınan rekord temperatur isə iqlim dəyişikliklərini təsdiqləyir. Keçən ilki fəlakətlərdən dəyən zərərin və insan qurbanlarının yarısı 5 ən böyük təbii fəlakətin payına düşür. Bunlar Haiti (12 yanvar), Çili (27 fevral) və Çində (13 aprel) baş verən zəlzələlər, Rusiyada iyuldan sentyabradək davam edən quraqlıq və istilər, eləcə də həmin dövrdə Pakistanda baş verən daşqınlardır.

“Dəhşətli zəlzələlər və qasırğalar mövsümü bir daha təsdiqlədi ki, biz təbiət risklərini qiymətləndirməkdə və onları adekvat qiymətlə sığortalamaqda davam etməliyik” - deyə hesabatda bildirilir.

Analitiklər bildirir ki, ötən il təbii fəlakətlərdən dəyən 130 milyard dollar zərərin cəmi 37 milyard dolları sığortalanmış olub. Nəticədə ziyanın böyük olmasına baxmayaraq, sığorta ödəmələri orta illik göstəricini yalnız cüzi üstələyib.

 2010-cu il aprelin 15-də İslandiyada 100 ildən sonra təkrarən və 1 aydan artıq davam edən vulkan püskürməsi planetimizdə qeyri-adi, analoqu olmayan, bənzərsiz bir neqativ ekoloji mənzərə yaratmış və bütün Avropa ölkələrini təlatümə gətirmişdi. Güclü vulkan püskürməsi eyni vaxtda Mərkəzi Amerikada da təkrar olunaraq planetimizin ekoloji kataklizmini daha da intensivləşdirmişdir. Həmin ekoloji böhranların ağır fəsadları, heç şübhəsiz ki, canlı aləmə, biosferə və ekosistemlərə öz neqativ təsirini mütləq göstərəcək. Çünki ərazidə yaranan kül buludu Günəş şüalarının Yer səthinə keçməsinin qarşısını alır və hava cərəyanını pozur, iqlim anomaliyaları törədir. Bu zaman Yerin maqnit və elektromaqnit sahələri kəskin surətdə dəyişir və havanın meteoroloji kataklizmlərini yaradır.

Artıq qlobal iqlim dəyişikliyi Azərbaycana da öz təsirini az da olsa  göstərir. Elə son vaxtlar  yağan güclü yağıntılar (yağış, dolu, palçıqlı yağış və s.) bəzi yerlərdə kəskin istilər bunun ən real nümunəsidir.

Mütəxəssislər  baş verən iqlim dəyişmələrinin  səbəblərini bir sıra amillərlə əlaqələndirirlər. Günəş enerjisi  Yerin səthi hamar olmadığından qeyri-bərabər paylanır və həm okeanların, həm də yer səthinin qızmasına səbəb olur. Okeanların qızması da gətirib ona çıxarır ki, oradakı cərəyanlar, axınlar və siklonların formalaşması başqa xarakter alır. Gücü daha çox olur, əmələgəlmə yeri dəyişir. Yerin səthində isə enerjinin qeyri-bərabər paylanması, bir yerdə daha çox istilərin düşməsi, digər yerdə soyuq olması, daha güclü yağış və küləyin əsməsinə və yaxud da əksinin olmasına gətirib çıxarır.

Yer səthindən atmosferə nə qədər su buxarlanırsa  kondensasiya olunub yenidən, yağış şəklində Yerə qayıdır. Bu zaman atmosferdə nə qədər çirkləndirici maddələr varsa, yağış damcıları kondensasiya olunan zaman onları özündə birləşdirir və nəticədə Yerə düşür. Bu çirklənmənin özü də qeyri-bərabər paylanıb. Bu həm də insanların sayının artması ilə əlaqədardır. İnsan çox olduqca onun enerji tələbatı artır, yandırılan yanacaq artır və Yer səthinə təzyiq daha çox olur. Yer səthi əvəllər də qızırdı, yəni artıq enerji o zamanlarda da Yerdə qalırdı. İndi səhralaşmanın olması, meşələrin qırılması və sairə bunu daha da sərtləşdirir.

İqlim dəyişikliyi hər zaman olub.Tarixdən məlumdur ki, əvvəl böyük buzlaşma dövrü, sonra istiləşmə dövrü olub. XVII- XVIII əsrlərdə isə kiçik buzlaşma dövrü olub.

125 min il bundan əvvəl Yerdə orta illik temperatur indikindən 4 dəfə çox olub. Amma o vaxt təbii ki, Yer səthində də vəziyyət başqa idi. Yaşıl kütlə daha çox idi ki, bu da karbon və digər istilik yaradan qazları müəyyən normada saxlayırdı və enerci balansı pozulmurdu. İstilik var idi, amma Yerə düşən və Yerdən qalxan enerci bərabər idi. İndi istiləşmə dövrünü yaşayırıq. 2012-ci ilə qədər Günəşin aktiv fazasıdır. İstiləşmə dövrü son 20-30 ildir davam edir, sürət artır. Nə qədər davam edəcəyini isə müxtəlif alimlər müxtəlif cür izah edir. Hətta, bəziləri deyir ki, yaxında bizi buzlaşma dövrü gözləyir. Hələlik, isə bu sahədə tam aydınlıq yoxdur. 10 il sonra necə olacağını demək çətindir. Elm hələ o dərəcədə tam inkişaf etməyib ki, bu suala tam çavab tapsın.

İqlimin dəyişməsinə səbəb olan həm təbii, həm də süni səbəblər var.  Antropogen səbəblərdən biri istilik yaradan qazlardır. Yanacağın Yerdə yandırılması atmosferə karbon qazı və su buraxır. Bundan başqa  keçən əsrin 50-ci illərinə qədər bizdə ümumiyyətlə atmosferdə karbon-flor-xlor birləşmələri müşahidə olunmayıb. Son illərdə isə bunlar sürətlə artmağa başlayıb. İndi hidro xlor, flor karbonlar yeni əvəzedicilərdir ki, onların konsentrasiyası artıq artmağa başlayıb. Bunlar istilik yaradan qazlardır. Son 100 ildə karbon qazının konsentrasiyası 1,4, azotunku 1,7 dəfə artıb. Yəni bu qazların atmosferdə artması temperaturun artmasına uyğun gəlir. Bu səbəbdən də alimlər bunları səbəblər sırasına daxil edir.

Əvvəllər təbiət öz-özünü tənzimləyirdi. Lakin indi süni yaranan qazlar nəticəsində tənzimlənmə yaxşı olmur. Bu da temperaturun 20 dərəcə çox olmasına səbəb olur. Əgər o qazlar olmasaydı, indi Yer səthinin temperaturu hazırkından 20 dərəcə aşağı olacaqdı. Yəni biz Yer kürəsinə təsirləri artırmasaq, o, özü-özünü tənzimləyə bilir. Yerdə həmişə növlər dəyişib, quraqlıq olub, səhralaşma olub, meşələr əvvəllər çox olub. Afrikadakı Böyük səhra bir zamanlar meşəlik olub. Göründüyü kimi Yerdə dəyişikliklər olub. Sadəcə olaraq qədimdə Yerdə 1 dərəcə istiliyin artması 1000 ilə baş verirdisə, indi 100 ildə baş verir.  Orta illik temperaturun artması ilə bağlı 150-yə kimi müxtəlif ssenarilər var. O ssenarilərin hamısında iqtisadiyyat və sənayenin müxtəlif inkişafı və sair məsələlər nəzərə alınmaqla 4 iqtisadi ssenari üzrə 150 modellə hesablamalar aparılıb. Bütün modellərdə göstərilir ki, indiki vəziyyət davam edərsə, 2050-ci ilə qədər yerdə temperatur 1,5 dərəcə, 2100-cü ilə qədər isə 4,6 və hətta 6 dərəcəyə qədər arta bilər. Son yüz ildə temperatur 0,8 dərəcə, son on ildə isə 0,2 dərəcə artaraq 1 dərəcəyə çatıb.

Mütəxəssislərin fikrinə görə, iqlim dəyişməsinin  qarşısını almaq mümkün deyil. Bizim prioritetimiz buna uyğunlaşmaqdadır. Amma müəyyən tədbirlər də görmək olar. Bir faktı nəzərə çatdıraq: Azərbaycanda  aparılan müşahidələr göstərir ki, meşəlik ərazi ilə meşə olmayan yerdə 2 dərəcə temperatur fərqi var. Ona görə də  2050-ci ilə qədər ölkədə meşələrin sahəsini 20-25 faizə qədər çatdırmaq nəzərdə tutulur. Bununla istiliyi 2 dərəcə aşağı salmış olarıq. Gələcəkdə alternativ enerjiyə keçid bu sahədə çox lazımlı bir proses olacaq. Çayların üzərində SES-lərin tikilməsi həm enerji hasilinə imkan verər, həm də daşqınların qarşısını almağa kömək edər. Daha bir tədbir kimi quraqlığa davamlı bitkilərdən Azərbaycanda istifadəni genişləndirmək lazımdır.

Hazırda  alimlər  qlobal istiləşmənin nələrə səbəb olacağını müəyyənləşdirməyə  çalışırlar. İngiltərənin “EDDI” mərkəzi var. Həmin mərkəz dünyanın xəritəsini hazırlayıb. Orada temperatur 2 dərəcə artarsa, harada nələrin baş verəcəyi təsvir olunub. Xəritədə əsas təhlükəli ərazilər kimi Qərbi Avropa, Hind-Çin yarımadası, Cənubu Afrika və Amerika, Şimali Amerikanın sahil zonaları və ada əraziləri və Avstraliya göstərilib. Qafqaz zonası, eləcə də Azərbaycan ərazisində heç nə göstərilməyib. Yəni bizə o təsirlər ən minimal səviyyədə olacaq.

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında