Paytaxtın içməli su təchizatında ilk pilot layihə yekunlaşmışdır

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti  istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. “2011- 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda əhalinin fasiləsiz içməli su ilə təmin edilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində işlər də getdikcə intensivləşir.

Bu yaxınlarda Bakı şəhəri Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində reallaşdırılan pilot layihə yekunlaşmışdır. Xatırladaq ki, icrasına 2012-ci ilin iyul ayında başlanmış pilot layihə çərçivəsində Yeni Günəşli qəsəbəsinin “Q” yaşayış massivində 28 ədəd doqquzmərtəbəli binanın su təchizatı sistemi tamamilə yenidən qurulmuşdur. Bununla da, Günəşli qəsəbəsinin 4571 nəfər sakini  24 saat fasiləsiz  rejimdə içməli su ilə təmin olunmuşdur. 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin istismar üzrə müavini Köçərli Həsənov pilot layihə çərçivəsində görülmüş işlər barədə məlumat verərək bildirdi ki, magistral şəbəkə və su anbarında, eləcə də binadaxili sistemlərdə əsaslı yenidənqurma işləri aparılmışdır.  Yaşayış binalarını içməli su ilə təmin edən su nasos stansiyası və uzun müddət istifadəsiz qalmış 2 min kubmetr  tutumu olan su anbarı əsaslı təmir edilərək  hidrofor sistemi ilə təchiz edilmişdir. Onun sözlərinə görə, layihə çərçivəsində ərazini içməli su ilə təmin edən və uzun müddətdir istismarda olan 2,3 kilometr uzunluğunda metal borulardan ibarət magistral xətt polietilen borularla əvəzlənmişdir.  Anbarın girişində və nasos stansiyasının çıxışında su sayğacları quraşdırılmışdır ki, bunun da nəticəsində verilən suyun dəqiq uçotunun  aparılması mümkün olmuşdur.

 Bundan əlavə, pilot layihə çərçivəsində binaların zirzəmilərində təxminən 25-30 il əvvəl çəkilmiş aşağı paylayıcı şəbəkə və mənzillərin daxilindən (şaxtalardan) keçən dik dayaqlar ləğv edilmişdir. Supaylayıcı xətlər pilləkən qəfəslərinə çıxarılaraq binaların su təchizatı sistemləri tamamilə yenidən qurulmuşdur. Bütövlükdə isə layihənin icrası zamanı 13,5 kilometr uzunluğunda müxtəlif diametrli polietilen borularla binadaxili su xətləri çəkilmiş, mənzillərə 1187 ədəd birləşmə verilərək “smart-kart” tipli su sayğacları, yanğın təhlükəsizliyini təmin etmək üçün isə 5 ədəd yanğın hidrantı quraşdırılmışdır.

Magistral və binadaxili su xətlərinin yenidən quraşdırılması nəticəsində su itkisinin qarşısı tam alınmış, binaların zirzəmilərindəki antisanitar vəziyyət aradan qaldırılmışdır. Sayğacların pilləkən qəfəslərinə çıxarılması isə onların nəzarətdə saxlanmasını və  texniki xidməti asanlaşdırmışdır. Ümumilikdə pilot layihənin icrası nəticəsində 1187 abunəçinin   24 saatlıq rejimlə içməli su ilə təminatına imkan yaranmış, su itkilərinin qarşısının alınmasına nail olunmuş, sərf olunmuş suyun dəyərinin ödəniş səviyyəsi yüksəlmiş, su təchizatında enerji, əmək və s. məsrəflər minimuma endirilmiş, uçot və nəzarət işinin təşkilində, xidmət haqlarının yığılmasında insan amili aradan qaldırılmışdır. Bununla yanaşı, binalarda sanitar vəziyyət xeyli yaxşılaşmış, zirzəmilərə su axıntısının qarşısı alınmış və tikililərin texniki təhlükəsizliyinin təminatına imkan yaranmışdır. Yeri gəlmişkən, Günəşli qəsəbəsi “Q” massivində reallaşdırılan pilot layihənin icrasına qədər buradakı  binalara  ay ərzində orta hesabla 17,8 min kubmetr su verilirdi və bunun da 40 faizi itkiyə getməklə cəmi 10,8 min kubmetri satılırdısa, görülmüş işlər nəticəsində satışın həcmi 31,1 kubmetrə qədər artmışdır.

K. Həsənov pilot layihənin uğurla həyata keçirildiyini xatırladaraq  həmin işlərin paytaxtın digər rayonlarında da həyata keçiriləcəyini bildirdi. Qeyd olundu ki, artıq paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində, eləcə də Yasamal, Binəqədi, Nərimanov,  Sabunçu  rayonlarında çoxmərtəbəli yaşayış binalarının fasiləsiz içməli su ilə təmin edilməsi üçün belə layihələrin həyata keçirilməsinə başlanmışdır.

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında