Meşələrimizi yanğından qoruyaq!

Aktual mövzuda
Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 
310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür.
 
Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 989,4 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,4 faizini təşkil edir. 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilmiş ərazilərdədir.
Meşələrin təbiətdə ən böyük rolu hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac etməsidir. 1 hektar meşə sahəsi 
1 saatda 8 kiloqram karbon qazını udur. 
Meşələr nəfəs aldığımız havanı tozdan, sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən buraxılmış külli miqdarda zəhərli qazlardan təmizləyir, saflaşdırır, insanın tənəffüsü üçün vacib olan oksigen ilə zənginləşdirir. Bir sıra ağac, kol və yarımkollar xəstəlik törədən mikroorqanizmləri məhv edən xüsusi maddələr buraxmaq qabiliyyətinə malikdir. Bu da insanın sağlamlığı və uzun ömür sürməsi üçün əsas şərtdir. Meşələrin qorunmasında ictimaiyyətin köməyinə həmişə ehtiyac var. 
Meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır. Bütün bunları sadalamaqda məqsədimiz ondan ibarətdir ki, meşə sahələrinin qorunmasının zəruriliyini, meşə-bərpa işlərinin taleyüklü bir məsələ olduğunu, ən vacibi isə yanğın təhlükəsinə qarşı mübarizənin ciddiliyini daha dərindən dərk edək.
Bürkülü yay günləri davam edir. Havaların çox isti keçməsi ilə əlaqədar yabanı otlar qurumuş və meşələr, yol kənarında əkilmiş ağaclar üçün ciddi yanğın təhlükəsi yaranmışdır. Yerli təşkilatlar tərəfindən vaxtında yanğın əleyhinə zəruri tədbirlər görülsə də, təkcə bunlar kifayət etmir. Dünyada və ölkəmizdə baş vermiş yanğınlar məsul şəxslərin, hər bir insanın son dərəcə diqqətli olmasını, öz işlərinə, addımlarına daha ciddi yanaşmasını tələb edir. Vaxtında yanğına qarşı mineral zolaqların çəkilməməsi, yanğınların söndürülməsi üçün zəruri avadanlıq və ləvazimatların hazır vəziyyətdə saxlanmaması, xüsusən yerlərdə növbətçilərin olmaması səbəbindən məhz kənarda baş vermiş çöl yanğınları təşkilatların xidməti ərazisinə keçir və yanğına anında müdaxilə edilmədiyi üçün ciddi problemlərə səbəb olur.
Meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük ziyan ­vurur. Onun baş verməsi təhlükəsinin qarşısını almaq üçün ilk növbədə geniş təbliğat işlərinə ehtiyac duyulur. İnsanlar kiçik yaşlarından ümumxalq sərvəti olan meşələrin qorunması, təbiətə məhəbbət ruhunda tərbiyə olunmalıdır. Meşədə həmişə odla ehtiyatlı olmalı və yanğın baş verərsə, onun qarşısını almaq üçün meşə işçilərinə kömək edilməlidir. Xüsusilə yanğın təhlükəsi artan quraqlıq aylarda təbliğat və təşviqat işləri gücləndirilməlidir. Meşə ərazisi olan rayonlarda yaşayan əhali və təbiət qoynunda istirahət edən insanlar meşə yanğınlarının əmələ gəlməsi səbəblərini və onu söndürmək üsullarını bilməlidirlər.
Meşə yanğınları əsas etibarilə insanlar tərəfindən törədilir. Meşədə ocağı yana-yana qoyub getmək, siqareti söndürməmiş atmaq yanğına səbəb olur. Meşə yanğınları ildırımla da törəyə bilər. Çoxlu miqdarda qurumuş ağacların, tör-töküntülərin olması baş vermiş yanğının güclənməsinə şərait yaradır. Böyük meşə sahələrində baş verəcək yanğın başqa sahələrə keçməsin deyə, əlavə yollar açılır. Ən çox yanğın təhlükəsi kütləvi istirahət sahələrində yaranır. Belə sahələrdə ocaq qalamaq üçün xüsusi yerlər düzəldilir.
Meşələrimizi yanğından qorumaq təkcə meşə gözətçilərinin işi deyil, təbii sərvətlərimizin yanğından mühafizəsində hamımız bir nəfər kimi yaxından iştirak etməliyik. Baş vermiş yanğını dərhal söndürmək üçün ictimaiyyətin köməyinə böyük ehtiyac var. Meşələrdə, istirahət mərkəzlərində dincələn turistlərin, qonaqların bəzi ehtiyatsız hərəkətləri ictimai nəzarətə götürülməli, istirahət obyektlərinin rəhbərləri tərəfindən ətraf mühitin mühafizəsi ilə əlaqədar onlarla söhbətlər aparılmalıdır. 
Son vaxtlar ölkə ərazisində havaların çox isti və quraq keçməsi, həmçinin taxıl biçini ilə əlaqədar yanğın təhlükəsi artıb. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha şəhər və rayon rəhbərliklərindən, bələdiyyələrdən meşə və kolluqların qorunması, eyni zamanda, gələcəkdə baş verə biləcək yanğın hadisələrinin, habelə digər ekoloji fəlakətlərin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsini tələb edir.
Təəssüf ki, bələdiyyələr çox vaxt öz hüquq və səlahiyyətlərindən lazımınca istifadə etmirlər. Əkin-biçindən sonra torpaqların yandırılmasına adi hal kimi yanaşırlar. Torpaqlar ildən-ilə məhsuldarlıqdan düşür və nəticə etibarilə eroziyaya uğrayır. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Meşə Fondunun qorunması tədbirləri haqqında” 21 avqust 1995-ci il tarixli 188 saylı qərarına əsasən, mülkiyyətində meşə və kolluqlar olan bütün hüquqi və fiziki şəxslər meşə fondu ilə həmsərhəd zonada taxıl biçini və digər mövsümi işlərlə əlaqədar odla ehtiyatlı olmaq, yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və meşələrimizi, torpaqlarımızı qorumaq üçün ciddi məsuliyyət hiss etməli və fəallığı artırmalıdırlar.
Yuxarıda qeyd etdiyimiz kimi, yanğınların çoxu odla ehtiyatsız davranışdan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. İsinmək, xörək bişirmək üçün qalanmış ocaqların meşəni tərk edərkən tam söndürülməməsi çox vaxt yanğınlarla nəticələnir.
Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və s. kimi tezalışan mayelərə bulaşmış əsgi və digər materialları atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yolverilməzdir.
Yanğın zamanı alçaq boylu ağaclar və kollar, cücərtilər məhv olur. Hündürboylu ağacların gövdə və budaqları qovrulduğu üçün ümumi inkişafı yavaşıyır. Bitki qalıqlarının vaxtaşırı, müntəzəm yandırılması nəticəsində torpaq üzvü maddələrdən məhrum olur. Yanğın zamanı həm də yerin üstündə və altında yaşayan heyvanlar, mikroorqanizmlər məhv olur. Təşviqat vasitələri olaraq ərazinizdə, yol ətrafında “Odla ehtiyatlı olun”, “Söndürülməmiş siqareti yerə atmayın”, “Meşəni oddan qoruyun” və s. şüarlar yazılmış lövhələrin asılması həm vacib, həm də məqsədyönlü olardı.
Məlum olduğu kimi, ölkəmizə turist axını ildən-ilə güclənir. Həmçinin son illərdə Azərbaycan beynəlxalq tədbirlərin bir çoxuna ev sahibliyi edir. Xüsusilə, turist zonası kimi gənclərin və uşaq təşkilatlarının istirahəti, maraqlı tədbirləri, yay düşərgələri burada keçirilir. Belə tədbirlər zamanı lazım gələndə meşədə tonqal yandırılması yalnız Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin icazəsi ilə bu təşkilatın ayırdığı xüsusi yerlərdə təşkil oluna bilər. Tullantıların yandırılması da bütün hallarda həmin təşkilatla razılaşdırılmalıdır.
Tonqal yandırılarkən bütün təhlükəsizlik qaydalarına əməl edilməlidir, heç bir halda ağac altında (xüsusən də budaqları aşağı sallanan ağacların altında) yandırılmamalıdır. Quru ağac kötükləri və quru ot olan ərazidə də ocaq qalamaq olmaz. Tonqal qalamaq üçün əvvəlcədən yer hazırlamaq və yaxud köhnə, qalanmış tonqalın yerindən istifadə etmək lazımdır. Bunun üçün ilk növbədə ağaclardan xeyli aralıda yer hazırlamaq məqsədəmüvafiqdir. Həmin ərazi otlardan təmizlənməli, sonra isə yandırılacaq odun parçaları üçün çala qazılmalıdır.
Yanğından əvvəl bir qayda olaraq qabaqlayıcı tədbirlər görülməsi daha vacibdir. Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə tədbir olaraq 2-3 metr enində şumlanmalı, meşənin tör-töküntülərindən təmizlənməsi, ərazidə yerləşən tikintinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir. İnsanlar bilməlidir ki, onlar üçün meşə yanğınının təhlükəsi təkcə alovun birbaşa təsiri deyil, eyni zamanda, atmosferdə güclü oksigen çatışmazlığı baş verir, dəm qazının və digər qatışıqların artması zəhərlənmələrə səbəb olur. Bunları nəzərə alaraq meşə yanğınları zamanı birinci növbədə insanlar və kənd təsərrüfatı heyvanları təhlükəli zonadan çıxarılmalı, yanğın yerinə giriş məhdudlaşdırılmalı, yanğın söndürülməklə təhlükəsizlik təmin edilməlidir. Yanğın ərazisində işləyənlər xüsusi geyimlər, kaskalar, tüstü əleyhinə maskalar və əleyhqazlardan istifadə etməlidirlər.
İstiləşmənin getdikcə artması ilə əlaqədar ölkə ərazisində yanğın təhlükəsizliyi tədbirlərinə başlanılıb. İşimizlə bağlı bəzi müəssisələrdə olduq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təlimatına uyğun olaraq, Hirkan Milli Parkında xüsusi iş qrafiki tutulub. Belə ki, növbətçilik cədvəli tərtib olunub. Mövcud 4 gözətçi məntəqəsinin hər birində yanğısöndürən balonlar asılıb. Çənlər su ilə doldurularaq hazır vəziyyətə gətirilib. Milli parka yaxın yaşayış məntəqələrində bu baxımdan əhalinin maariflənməsinə xüsusi diqqət yetirilir. Müntəzəm olaraq yerli icra nümayəndələrinin, bələdiyyələrin və geniş əhali kütləsinin iştirakı ilə tədbirlər keçirilir. 
Meşələri yanğından qorumaq hər birimizin vətəndaşlıq borcu olmalıdır. Bu məqsədlə kompleks təbliğat işi aparılmalıdır. Bunun üçün əyani vasitələr də əhəmiyyətlidir. Əhali arasında təbliğat işi aparmaqla yanaşı, plakatlardan, reklam işlərindən də geniş istifadə etmək olar. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron xidmətlərindən də istifadə etmək zəruridir. Çünki hər bir vətəndaş bu xidmətdən ekoloji maariflənmə baxımından faydalana bilər.
Meşə yanğınları digər təbii fəlakətlər kimi, həm insanlara, həm də təbiətə böyük ziyan vurur. İndi dünyanın çox yerində meşə yanğınları tüğyan edir. Təəssüf ki, dünyada bu cür ekoloji fəlakətlərə barmaqarası baxırlar. Necə deyərlər, ikili standart təbiətə də tətbiq olunur. Halbuki ermənilərin işğal edilmiş ərazilərimizdə həyata keçirdikləri “yandırılmış torpaq” siyasəti təkcə Azərbaycan təbiətinə ziyan vurmur, vahid bir orqanizm olan bütün planetimizə təsir edir. Burada ayrı-seçkilik ola bilməz. Yandırılmış Azərbaycan əraziləri vahid təbiətin bir hissəsidir. Buna göz yummaq bəşəriyyətin sağlam gələcəyinə amansız zərbədir. 
Akademik Həsən Əliyevin hələ 50 il bundan əvvəl çaldığı həyəcan təbilinin nəticələrini indi dərk edirik. Nəzərə almalıyıq ki, bulaqlar, çeşmələr quruyur, yeniləri yaranmır. 200-300 illik şabalıdyarpaq palıd, digər qiymətli ağaclar qırılır və onları yetişdirmək üçün neçə ömür lazımdır. Ancaq təəssüf ki, bugünün cazibəsi ilə yaşayan yerlərdəki bəzi aidiyyəti orqanlar ağsaqqal alimimizin uzaqgörən elmi tövsiyələrindən lazımi nəticə çıxarmırlar.
Kasıblaşan, kasadlaşan təbiətimizin bir günahkarı da bizik – meşələrimizi qıran, bulaqlarımızı kor qoyan, torpaqlarımızı erroziyaya uğradan, yaşıllığı məhv edib yerində gərəkli-gərəksiz, dəbdəbəli imarətlər, şübhəli xidmət obyektləri tikdirənlər. 
Məlum olduğu kimi, Azərbaycan meşə fondu az, lakin flora və faunası zəngin olan ölkələr sırasına daxildir. Elə buna görə də biz meşələrimizi göz bəbəyi kimi qorumalı, ondan səmərəli istifadə etməliyik. Təəssüf ki, bu, həmişə belə olmur. Gizli deyil ki, son illərdə respublikada meşə ərazilərində tikinti aparılır, meşələrə məxsus torpaqlar həyətyanı sahələrə, yaşayış evlərinin tikintisinə verilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə mənfi hallara qarşı ardıcıl və məqsədyönlü mübarizə aparır. Təsadüfi deyil ki, nazirliyin əməkdaşları və yerli aidiyyatı qurumların iştirakı ilə respublika ərazisində keçirilən növbəti reyd zamanı Masallı rayonundakı Yelağac kəndində şəxsi həyətlərdə kömür quyuları aşkar olunub. Bu da meşələrimizdə yüzlərlə ağacın həyatına son qoymaq deməkdir. Aşkar olunan bu quyular atmosferə normadan artıq zəhərli qazlar buraxır. Nəticədə ətraf mühit, atmosfer çirklənir, insanların sağlamlığı üçün ciddi təhlükə yaranır. Belə kömür quyuları əvvəllər də mövcud olub, lakin meşə ərazisində onlar üçün xüsusi yer ayrılıb. Gələn gəlir isə şəxsi ciblərə yox, dövlət büdcəsinə köçürülürdü. Şəxsi həyətlərdə kömür quyularının aşkarlanması ictimai nəzarətin zəifliyindən və yerli icra məmurlarının məsuliyyətsizliyindən irəli gəlir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son iki ayda qeyd etdiyimiz məsələyə ciddi nəzarəti belə mənfi halların qarşısının alınmasına mühüm kömək göstərir. 
Təbiətimiz hamımızdan imdad diləyir. Bu istiqamətdə ekoloji maarifləndirmə işi heç də az əhəmiyyət daşımır. Ekoloji böhranın çıxış yollarından biri də bütövlükdə cəmiyyəti fəallaşdırmaqdır.
İnsan haqlı olaraq özünü təbiətin ayrılmaz hissəsi hesab edir. Ağlı kəsəndən ilk gündən başlayaraq təbiəti öyrənir və onun hesabına yaşayır. Meşələr isə ana təbiətin yaşıl tacıdır. Təbiətimizin bu yaşıl örtüyü planetimizdəki bütün canlılar üçün təbii bir nemət olmaqla bərabər həm də gözəllikdir, sağlamlıqdır. Soyuq və istini mülayimləşdirir, ətraf mühiti sağlamlaşdırır, insanlara estetik gözəllik bəxş edir.
Təbiət tükənməyən sərvət olsa da, laqeydlik, etinasızlıq və nəzarətsizlik ucbatından tükənir, məhv olur. Qeyd edək ki, təbiət insansız yaşayır, amma insan təbiətsiz yaşaya bilmir. Elə buna görə də təbiət qarşısında hər bir sıravi vətəndaş öz məsuliyyətini hiss etməlidir. Ana yurdumuzun gözəlliklərini qorumaq və artırmaq hamının borcu olmalıdır. İnanırıq ki, respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi fəallıqla başladığı indiki həqiqi təbiətsevərlik xidmətini axıradək davam etdirəcək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamlarından irəli gələn vəzifələri layiqincə yerinə yetirəcək.
 
Bəxtiyar HÜSEYNOV,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
1 saylı Ərazi üzrə ETSŞ-nin sektor müdiri, ekoloq-jurnalist
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında