Masallıda əkin sahələrinin suvarılma imkanları genişlənir

Azərbaycan qədim suvarma mədəniyyətinə malik ölkədir. On beş əsr öncə burada tikilmiş suvarma kanallarının izləri hələ də qalır. Bu gün meliorasiya və su təsərrüfatı sistemi ölkə iqtisadiyyatının mühüm tərkib hissəsinə çevrilmişdir. Qazanılmış nailiyyətlərdə bu sahənin də öz payı vardır. Son dövrlərdə ölkəmizdə dörd böyük su anbarı tikilmişdir. Hazırda həmin anbarlar və çəkilmiş kanallar on minlərlə hektar əkin sahəsinin suvarılmasında həlledici rol oynayır. Görülən tədbirlər fermerlərə, sahibkarlara zəruri şərait yaradır, kənd təsərrüfatının inkişafına güclü təkan verir. 
Ölkəmizin cənub rayonlarının melioratorları da məhsul bolluğu yaradılmasına töhfələrini əsirgəmirlər. Ötən il torpaq məcrada inşa olunmuş 54 km uzunluğunda Araz çayının Yeni qolunun cari ildə beton üzlüyə alınması ilə Saatlı, Biləsuvar və İmişli rayonlarında daha 13 min hektardan çox yeni torpaq sahələrinə suvarma suyunun verilməsi mümkün olacaq. Prezident İlham Əliyev ötən ilin sentyabrında Neftçala magistral kanalında görülən işlərlə tanış olub və Kür çayından 1-ci mərhələdə rayonun 7770 hektar yeni suvarılacaq və 970 hektar mövcud əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak edib. Lənkəran və Astara rayonlarına “Xanbulançay” su anbarı lazımınca xidmət göstərir. Cəlilabad, Lerik və Masallıda içməli su və kanalizasiya xətlərinin tikintisi başa çatdırılıb, Yardımlıda isə bu işlər davam etdirilir. Bir sıra rayonda alternativ mənbələrin yaradılması layihələri icra olunur. Eyni zamanda Neftçala kanalının tikintisi davam etdirilərək rayonun 12433 hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq.
Masallı rayonundakı “Viləşçay” Su Anbarı İstismarı İdarəsinin kollektivi də regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatında bu sahənin mühüm rolunu düzgün dərk edərək, çətin və şərəfli işini daim layiqincə yerinə yetirməyə çalışır. 
İdarənin rəisi Mahir Əliyevin dedikləri: 
-Ulu öndər Heydər Əliyevin “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözləri bundan sonra da əsrlərcə öz əhəmiyyətini saxlayacaq. Peşə bayramımızın on bir ildən bəri dövlət səviyyəsində qeyd edilməsi bizi daha da ruhlandırır və yeni qələbələrə səsləyir.
Bildiyimiz kimi, regionların sosial-iqtisadi İnkişafı Dövlət proqramlarında, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur. Bu isə ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən etibarlı mühafizəsi, çayların su ehtiyatlarından daha səmərəli istifadə edilməsi imkanlarını artırır. “Viləşçay”ın su tutumu 46 milyon kubmetrdir. Bu, rayonumuzun ərazisində 9 min hektar əkin sahəsinin suvarılmasına imkan verir. İdarəmizin balansında 457 kilometrlik açıq torpaq kanalları, 955 kilometrlik müxtəlif diametrli qapalı boru şəbəkələri, 25 ədəd hidrotexniki qurğu var. Onu da xüsusi vurğulamaq lazımdır ki, beş il əvvəl Azərbayacan Meliorasiya və Su Təsərrüfatı ASC-nin təşəbbüsü ilə qonşu Yardımlı rayonunda da suvarmanın mütəşəkkil aparılması, sel daşqınlarına qarşı operativ tədbirlər görülməsi məqsədilə idarəmizin ayrıca sahəsi yaradılmışdır. Orada 5 texnikamız çalışır.
İdarəmizə məxsus 27 adda texnika tam yenilənmişdir. Bunlar “Hyundai” ekskovatorları, buldozerlər, qaynaq aqreqatları, su nasosları və sairdən ibarətdir. Bu il Masallıda 400 hektara yaxın çəltik, 3500 hektar tərəvəz və bostan bitkiləri əkilib. Aprelin ortalarından suvarmaya start verilib. Suvarma mövsümünə hazırlıqla əlaqədar “Viləşçay” Su Anbarında suburaxıcı qurğular təmir edilib, elektrik və hidravlik avadanlıqlar sazlanıb. Bu işin səmərəliliyini artırmaq üçün rayon ərazisində 122 kilometrdan artıq kanallar lildən təmizlənib, 43 kilometrlik çay məcrasında sahilbərkitmə işləri aparılıb. 
Razılıq hissi ilə qeyd edim ki, istər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin, istərsə də Masallı rayonunun rəhbərlikləri bütün işlərimizdə bizdən köməyini əsirgəmir, işgüzar təşəbbüslərimizi dəstəkləyirlər. 
Melioratorlarımız sahələrdə suvarma suyuna qənaət edilməsi məqsədilə də tez-tez əkinçilərlə görüşlər keçirir, dəyərli məsləhətlər verirlər. Növbəli suvarma rejiminin tətbiqi bu baxımdam önəmlidir. 
Bu gün 220 nəfərlik kollektivimiz peşə bayramının sevincini yaşayır. Sədrəddin Ağababayev, Əliqulu Əkbərov, İlham Vəliyev, Əlican Nəciyev, Qardaşxan Abdulqəniyev, Səxavət Səfərov və digərləri təcrübəli, qabaqcıl melioratorlardır. Hər kəs çalışır ki, tapşırıqları layiqincə yerinə yetirsin, ölkəmizdə ərzaq bolluğunun yaradılmasına öz töhfəsini versin. 
Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”nin 
bölgə müxbiri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında