Əhalinin su təminatının yaxşılaşdırılması dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir

5 iyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günüdür
Azərbaycanda sosial infrastrukturun əsas sahələrindən sayılan su təchizatı sektorunda mühüm layihələr həyata keçirilir. Dövlətin birbaşa qayğı və diqqəti nəticəsində paytaxt Bakıda və regionlarda reallaşdırılan həmin layihələr ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatının və kanalizasiya xidmətlərinin yaxşılaşmasına səbəb olub.
Ölkə üzrə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2004-cü illə müqayisədə iki dəfədən çox, abonentlərin sayı isə 530 min artaraq 1 milyon 410 minə çatıb. Son 14 ildə fasiləsiz su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 29 faizdən 81,5 faizə, regionlarda isə 9 faizdən 43,4 faizə yüksəlib. Beləliklə, ölkə üzrə əhalinin fasiləsiz su təminatının səviyyəsi 2004-cü illə müqayisədə 26 faizdən 67,5 faizə qalxıb. İstehlakçıların mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilməsində və onların kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivinin böyük əməyi vardır. 
Ölkənin su təsərrüfatı işçilərinin əməyi isə hər zaman dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib. “Azərsu” ASC-nin əməkdaşlarının fəxri ad və medallarla təltif olunması, icrasına başlanan və istismara verilən bir çox layihələrin təməlqoyma və açılış mərasimlərində Prezident İlham Əliyevin şəxsən iştirakı, 14 may 2014-cü ildə imzalanmış sərəncamla iyun ayının 5-nin “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi bunun bariz nümunəsidir. Su təsərrüfatı işçiləri artıq 5-ci ildir ki, peşə bayramlarını ruh yüksəkliyi, uğurlu göstəricilərlə qeyd edirlər. 
Təbiətin bəxş etdiyi əvəzsiz nemətlərdən sayılan sudan səmərəli istifadə məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda tarixin bütün dövrlərində aktual olub. Təxminən bir əsr əvvəl Şollar-Bakı su təchizatı qurğuları istismara verilib, Xaçmaz rayonunun ərazisindən Abşeron yarımadasınadək 187,5 km uzunluğunda kəmər çəkilib, Bakı şəhərində ilk mərkəzləşmiş su şəbəkəsi yaradılıb. Bu sahədə qazanılmış təcrübədən istifadə edilməklə Xaçmazdan Bakıya çəkilmiş 2-ci kəmər 1958-ci ildə istismara verilib. Abşeron yarımadasında sənayenin sürətli inkişafı və əhalinin artımı nəticəsində içməli suya artan tələbatı ödəmək üçün 1961-ci ildə Ceyranbatan Sutəmizləyici Qurğuları işə salınıb. 
Azərbaycanın su təsərrüfatı sektorunun sürətli inkişafı böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə 1970-71-ci illərdə Sovet İttifaqının ən böyük sutəmizləyici qurğularından sayılan Kür Sutəmizləyici Qurğular Kompleksi yaradılıb, burada emal olunan suyun Abşeron yarımadasına nəqli üçün magistral kəmərlər çəkilib. Bu layihə Bakıda salınan yaşayış massivlərinin tələbatını ödəməklə yanaşı, paytaxta yeni həyat gətirib.
1970-80-ci illərdə Bakı şəhərinin tullantı su infrastrukturunun inkişafını nəzərdə tutan “Böyük kanalizasiya” layihəsi reallaşdırılıb. Həmin dövrdə Hövsan Aerasiya Stansiyası, eləcə də “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları, Zığ kanalizasiya nasos stansiyası inşa edilib.
Azərbaycanın əksər rayon mərkəzlərində mərkəzləşdirilmiş içməli su və kanalizasiya sistemlərinin yaradılması da ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Həmin dövrdə ulu öndərin rəhbərliyi ilə bölgələrdə yeni su mənbələri yaradılıb, sugötürücü və sutəmizləyici qurğular, su anbarları, nasos stansiyaları, magistral kəmərlər və paylayıcı şəbəkələr tikilib. Bu işlər bəzi yaşayış məntəqələrinin şəhər kimi formalaşmasında mühüm rol oynayıb.
Ümummilli lider müstəqilliyin ilk illərində də paytaxt Bakının keyfiyyətli və dayanıqlı içməli su təchizatını diqqət mərkəzində saxlayıb. Ölkədə siyasi sabitlik bərqərar olunduqdan sonra Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə 88,7 milyon dollar güzəştli kredit ayrılıb. Bu vəsait hesabına 1998-2002-ci illərdə Kür və Ceyranbatan sutəmizləyici qurğularında, 250-dən artıq məhəllədaxili nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılıb, su təsərrüfatının ­maddi-texniki bazası gücləndirilib. 
2003-cü ilin oktyabrında İlham Əliyevin xalqın etimadını qazanaraq prezident seçilməsi ilə ölkəmizin həyatında yeni inkişaf mərhələsi başladı. Ulu öndərin memarı olduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən dövlət başçısı insan sağlamlığının qorunmasını dövlətin sosial siyasətinin prioriteti kimi müəyyənləşdirdi. Əhalinin içməli su təminatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına başlanıldı. “Su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 11 iyun 2004-cü il tarixli Prezident sərəncamına əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yaradıldı.
2000-ci illərin əvvəllərindən etibarən Bakı şəhərinin və ətraf qəsəbələrin böyüməsi, yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması içməli suya olan tələbatı ciddi şəkildə artırmışdı. Bu məsələnin həlli yollarını da ümummilli lider Heydər Əliyev zərgər dəqiqliyi ilə göstərmişdi. Ulu öndərin bu ideyasını Prezident İlham Əliyev həyata keçirdi. 2007-ci ilin martında Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli atıldı. Dövlət Neft Fondundan maliyyələşdirilən layihə çərçivəsində Oğuz rayonunun ərazisində məhsuldarlığı saniyədə 5 kubmetr olan mənbə yaradıldı, buradan Abşeron yarımadasınadək 262,5 km özüaxımlı magistral su kəməri inşa edildi. Tikintisinin böyük bir hissəsi mürəkkəb relyefdə aparılan kəmər 2010-cu ilin dekabrında istismara verildi. Bununla da Bakı şəhərinin əksər ərazilərinin su təchizatında sabitlik təmin edildi, bəzi yerlərdə isə fasiləsiz rejimə keçildi. 
Sürətlə böyüyən və inkişaf edən paytaxtı fasiləsiz su ilə təmin etmək üçün əlavə su həcmlərinə ehtiyac var idi. Abşeron yarımadasındakı qəsəbə və kəndlərdə mərkəzləşdirilmiş su şəbəkələrinin yaradılması ilə suya olan tələbatın artması, əhalinin yüksək keyfiyyətli su ilə təmin edilməsi, magistral kəmərlərdə qəzalar zamanı su təchizatında problemlərin yaranmaması məqsədilə su mənbələrinin əlaqələndirilməsi nəzərə alınmaqla Bakı şəhərinə yaxın yeni su mənbəyinin yaradılmasına qərar verildi. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyuldu. Tikintisində aparıcı xarici şirkətlərin iştirak etdiyi və ən son texnologiyaların tətbiq olunduğu kompleks 2015-ci ilin oktyabrında istifadəyə verildi. 
Ənənəvi təmizləmə qurğularından fərqli olaraq yeni kompleksdə su ultrasüzgəc texnologiyasına əsaslanmaqla heç bir kimyəvi təmizlənmə aparılmadan avtomatik rejimdə mexaniki üsulla təmizlənir. Məhsuldarlığı saniyədə 6,6 kubmetr təşkil edən qurğu 2016-cı ildə Abu Dabi Qlobal Su Sammitində dünya su sənayesinin ən önəmli 4 layihəsindən biri seçilib. 
Oğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsi Kür sutəmizləyici qurğularında emal olunan və Bakıya ötürülən suyun bir hissəsini içməli su problemi ilə üzləşən Aran bölgəsinin ehtiyaclarının ödənilməsinə yönəltməyə imkan yaratdı. Qurğuda emal olunan suyun ətraf rayonlara verilməsi məqsədilə Şirvan-Muğan və Sabirabad-Saatlı qrup su kəmərləri istismara verilib. Bununla da Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Saatlı və Sabirabad şəhərləri, həmçinin kəmərlərin marşrutu boyu 30-dan artıq kənd keyfiyyətli içməli su ilə təmin olunub. 
Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatı məqsədilə Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan Külüllü su mənbəyi yaradılıb və anbar kompleksi tikilib. Buradan Zərdab, Ucar, Kürdəmir və Ağsu şəhərlərinə 182 km uzunluğunda 4 magistral kəmər çəkilib. Hazırda bu şəhərlər və magistral kəmərlərə yaxın yerləşən 50-dən artıq kənd Külüllü mənbəyi hesabına içməli su ilə təchiz olunur. Bölgələrdə yaşayan əhalini keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Mingəçevir, Xanbulan, Quba, Qobustan sutəmizləyici qurğuları istismara verilib. 
İçməli su təchizatının yaxşılaşdırılması məqsədilə Qusar, Şamaxı, Şəmkir və Xaçmazda horizontal sugötürücü qurğular, Qax, Gədəbəy, Daşkəsən, Xızı və Oğuz rayonlarında isə kaptaj qurğuları yaradılıb. Ümumilikdə son illər yaradılmış 30-dan artıq etibarlı su mənbəyi Azərbaycan vətəndaşlarının sağlamlığına və sosial rifahının yüksəlməsinə hesablanmış uğurlu layihələrdir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası uğurla davam etdirilir. Ölkə üzrə su və kanalizasiya layihələrinin icrasına başlanılmış 50 şəhər və rayon mərkəzinin 25-də həm su, həm də kanalizasiya şəbəkələrinin, 10-də isə su şəbəkəsinin tikintisi yekunlaşıb. 2018-ci ilin may ayında Prezident İlham Əliyevin iştirakı ilə Xaçmaz və Xızı şəhərlərində layihələrin açılışı mərasimi keçirilib. Bununla da respublikamızın şimal bölgəsinin bütün rayon mərkəzlərində su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri yekunlaşıb. 
Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 630 min nəfər olan 520 kənddə də içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb. Prezident ­İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncama uyğun olaraq 28 rayonun 170 kəndində içməli su layihələri icra olunub. Həmin kəndlərdə 530 km su xətti çəkilib, əhalinin ümumi istifadəsi üçün 1400-dən artıq bulaq quraşdırılıb. Bununla da 271 min sakinin keyfiyyətli içməli suya çıxışı təmin olunub. 
Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya infrastrukturunun inkişaf etdirilməsi məqsədilə 2011-ci ildə Abşeron yarımadasının su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üzrə Master Plan hazırlanıb. 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla hazırlanan Master Planın əsas layihələrindən sayılan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri, həmçinin kəmərin marşrutu boyunca yerləşən anbar kompleksləri istehlakçıların su təminatı üçün yeni imkanlar açıb. Yeni yaradılmış infrastruktur hesabına Qala, Türkan, Zirə, Pirallahı qəsəbələrinə ilk dəfə mərkəzləşmiş qaydada içməli suyun verilməsi təmin edilib. Bu qəsəbələr də daxil olmaqla Abşeron yarımadasının 60-dan çox yaşayış məntəqəsində su təchizatı və kanalizasiya layihələrinin icrasına başlanılıb. 2017-ci ildə Prezident İlham Əliyevin 18 qəsəbədə və “Ağ şəhər” ərazisində su və kanalizasiya şəbəkələrinin tikintisi ilə bağlı sərəncamları bu sahədə işləri intensivləşdirib. 
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin qrantı hesabına icra edilmiş layihə çərçivəsində Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb və 14 mindən artıq sakin fasiləsiz rejimdə içməli su ilə təmin olunub. Abşeron yarımadasında ekoloji problemlərin həlli məqsədilə icra olunan “Təmiz Şəhər” layihəsi Balaxanı qəsəbəsində yeni su təchizatı sistemlərinin yaradılmasına imkan verib. 
Səudiyyə İnkişaf Fondu ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işlərinin birinci mərhələsi yekunlaşıb. Fondun maliyyələşdirdiyi digər layihə çərçivəsində Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılıb. 
Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan anbar komplekslərində aparılmış yenidənqurma işləri nəticəsində Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib. Eyni zamanda, yeni magistral və paylayıcı şəbəkələrin tikintisi, yeni birləşmələrin verilməsi paytaxt sakinlərinin keyfiyyətli su təminatına imkan yaradıb. Paytaxtın küçə və prospektlərində yol infrastrukturlarının yenidən qurulması ilə əlaqədar uzun illərdir istismarda olan su və kanalizasiya xətləri də yenilənir. 
2013-cü ildə çoxmənzilli yaşayış binalarının daxili kommunikasiya sistemlərinin “Azərsu” ASC-nin balansına verilməsindən sonra 5000-dən artıq binanın daxili kommunikasiya xətləri yenidən qurulub. 
Bakı şəhərində formalaşan tullantı sularının təmizlənərək kənarlaşdırılmasında ən böyük paya malik Hövsan Aerasiya Stansiyasında 2006-2009-cu illərdə yenidənqurma işləri aparılıb. Fransa hökumətinin krediti hesabına icra olunan layihə çərçivəsində stansiyada yeni qurğular tikilib, fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqlar yenilənib və bununla da stansiyanın məhsuldarlığı sutkada 480 min kubmetrdən 640 min kubmetrə çatdırılıb. 
Sumqayıt şəhərində və ətraf ərazilərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 100 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa edilib. 
Azərbaycanda ilk dəfə innovativ texnologiyalardan istifadə edilməklə tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlanılıb. Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan, Bilgəh-Pirşağı, Dərnəgül-Zığ-Hövsan, Novxanı-Sumqayıt kollektorları kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasına və Xəzər dənizinə təmizlənmədən axıdılan tullantı sularının qarşısının alınmasına hesablanıb. 14 km uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan, 15 km uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektorlarının istismara verilməsi, eləcə də Bakı buxtasının sahili boyu mövcud xətlərin reabilitasiyası Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Şıx, Novxanı və Sumqayıt çimərliklərinin əhatə etdiyi böyük bir ərazidə dənizə axıdılan tullantı sularının qarşısını alıb.
Bakı şəhərində və Abşeron yarımadasında səth və qrunt sularının yaratdığı problemlərin həlli məqsədilə 16 ünvanda layihələr icra edilib. Bu layihələr çərçivəsində 20 km-dən artıq yağış-kanalizasiya kollektorları inşa olunub, Böyükşor, Məhəmmədi, Kürdəxanı və Taşağıl göllərində su səviyyəsinin tənzimlənməsi məqsədilə infrastruktur yaradılıb. Bununla da həmin ünvanlarda subasma hallarının qarşısı alınıb. 
Dövlət başçısının ölkəmizin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC tərəfindən Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması layihələri həyata keçirilib. Bu məqsədlə Kür çayı sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğu, nasos stansiyası, həcmi 50 min kubmetr olan anbarlar tikilib, əkin sahələrinə 42 km uzunluğunda əsas daşıyıcı kəmərlər çəkilib və ərazilərə suyun verilməsi təmin edilib. Əkin sahələrinin suvarılmasına tələb olunan, saniyədə 5 kubmetr əlavə su Kür sutəmizləyici qurğular kompleksindən verilir.
Ötən dövrdə həyata keçirilən layihələr çərçivəsində məhsuldarlığı sutkada 689 min kubmetr olan 5 sutəmizləyici qurğu, 230 su anbarı və anbar kompleksi tikilib, 15 min km-dən çox magistral və paylayıcı su, 3500 km-dən artıq kanalizasiya xətləri çəkilib, 308 ədəd artezian və subartezian quyusu qazılıb. 
İstehlakçılara verilən içməli suyun keyfiyyətinin standartlar çərçivəsində nəzarətdə saxlanılması xüsusi əhəmiyyət daşıyır. Bu sahədə operativliyin artırılması və yeni texnologiyalardan istifadə nəzərə alınaraq müasir tipli Mərkəzi Laboratoriya inşa edilib. 2013-cü ildə istifadəyə verilmiş laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılıb, laboratoriyada içməli və tullantı sularının öyrənilən parametrlərinin sayı 105-ə çatdırılıb. Fəaliyyətə başladıqdan cəmi bir il sonra beynəlxalq akkreditasiyadan keçən laboratoriya dünyanın aparıcı şirkətlərinin təmsil olunduğu səriştəlilik proqramlarına qoşulub. Bu təcrübədən istifadə etməklə hazırda respublika üzrə 10 regional laboratoriyanın yaradılması istiqamətində işlər aparılır. Regional laboratoriyaların coğrafi məkanı elə seçilib ki, Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də nəzarətdə saxlamaq mümkün olacaq.
İstehlakçılara göstərilən xidmətin uçotunun dəqiq aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi məqsədilə su sayğaclarının quraşdırılması istiqamətində tədbirlər davam etdirilir. “Azərsu” ASC-nin fəaliyyəti dövründə 1 milyondan çox sayğac quraşdırılıb. Hazırda abonentlərin 
78 faizi sayğacla təmin olunub. 
“Azərsu” ASC-də informasiya və kommunikasiya texnologiyalarının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, texnoloji proseslərin avtomatlaşdırılması, yeni elektron xidmətlərin yaradılması, İKT infrastrukturunun dayanıqlığının və fasiləsiz fəaliyyətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bir neçə ildir uğurla tətbiq olunan AzərsuCİS coğrafi informasiya sistemi istehsalatda müsbət nəticələr verməkdədir. “Azərsu” ASC-yə aid bütün yeraltı və yerüstü infrastruktur məlumatlarının toplandığı bu sistemə indiyədək 15000 km su, 7000 km kanalizasiya xətti və 11000 qurğu məlumatları daxil edilib. AzərsuCİS layihəsi nüfuzlu Bentley müsabiqəsinin, eləcə də Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Forumunun qalibi olub.
“Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Prezident fərmanına uyğun olaraq 12 növdə elektron xidmət vətəndaşların istifadəsinə verilib. 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan əlavə 4 elektron xidmət müştərilərin işini daha da asanlaşdıracaq. Ən çox elektron müraciət qəbul edən 5 dövlət qurumundan biri olan “Azərsu” ASC-yə 2017-ci ildə 437 min elektron müraciət daxil olub. Vətəndaşların işinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi məqsədilə “Asan xidmət” və “Asan kommunal” mərkəzlərində “Azərsu” ASC-nin xidmət bölmələrinin fəaliyyəti tam təmin edilib. 
Beynəlxalq əlaqələrini genişləndirən cəmiyyət ölkə daxilində və xaricdə keçirilən sərgi-konfransların, beynəlxalq əhəmiyyətli tədbirlərin fəal iştirakçısına çevrilib. Ölkəmizdə su sektorunda həyata keçirilən layihələr beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. “Azərsu” ASC-nin 2013-cü ildə Dünya Su Şurasının, 2017-ci ildə isə Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının üzvlüyünə qəbul edilməsində də məhz bu amil həlledici rol oynayıb. Hazırda “Azərsu” ASC bu təşkilatlarda uğurla təmsil olunur.
Səhmdar Cəmiyyətdə insan resurslarından səmərəli istifadə məqsədilə kompleks tədbirlər həyata keçirilir. Hövsan Aerasiya Stansiyasının ərazisində yeni Təlim-Tədris Mərkəzi yaradılıb. Mərkəzdə beynəlxalq və regional təlimlərin keçirilməsi üçün lazımi şərait təmin olunub. Mütəxəssislərin praktiki biliklərinin artırılması məqsədilə hazırda burada təcrübə poliqonunun tikintisi davam etdirilir. Eyni zamanda bölgələrdə “Regional Təlim-İnkişaf Proqramı” çərçivəsində təlimlər keçirilir ki, yerli sukanal idarələrinin əməkdaşları bu təlimlərdə iştirak edərək bilik və bacarıqlarını artırırlar. 
2018-ci ildə Ağdaş, Qəbələ, Daşkəsən, Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşası başa çatdırılacaq. Bölgələrdə ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə respublikanın 10-dan artıq şəhərində tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılacaq. Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşacaq. 
Qlobal istiləşmə və quraqlıq nəticəsində su mənbələrinin məhsuldarlığında qeydə alınan dəyişiklikləri nəzərə alaraq, Şamaxı, Gədəbəy, Lerik, Tovuz və Ağstafa şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunacaq. Məhsuldarlığına görə Azərbaycanın regionlarında tikiləcək ən böyük sutəmizləyici qurğu - Şəmkirçay sutəmizləyici qurğusunun inşası da cari ildə başa çatdırılacaq. Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndləri su ilə təmin edəcək bu qurğuda sutkada 140 min kubmetr içməli su emal olunacaq.
İçməli su qıtlığından əziyyət çəkən kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması layihələri bu il də davam etdiriləcək. Bu məqsədlə 62 mindən çox sakinin yaşadığı 41 kənddə su layihələri icra olunacaq. 
2018-ci ildə Bakı şəhərində yenidən qurulacaq - Babək prospekti, Mir Cəlal və Təbriz küçələri boyunca su və kanalizasiya xətlərinin yenilənməsi nəzərdə tutulur. “Ağ şəhər”də, Abşeron yarımadasının qəsəbələrində su və kanalizasiya sistemlərinin yaradılması, həmçinin binadaxili su təchizatı sistemlərinin yenilənməsi və sayğaclaşmanın davam etdirilməsi tədbirləri davam etdiriləcək.
Bütün bu sadalanan nailiyyətlərin kökündə “Azərsu” ASC-nin çoxminli kollektivinin əzmkar əməyi dayanır. İstehlakçılara göstərilən içməli su və kanalizasiya xidmətlərinin keyfiyyətinin daha da artırılması, bu xidmətlərdən daha çox insanın yararlanması barədə tapşırıqlara uyğun olaraq layihələrin icrası bundan sonra da uğurla davam etdiriləcək.
Samirə ƏLİYEVA, 
“Xalq qəzeti!

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında