Təbiətə qayğı sevgidən başlanır

5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür
İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su – bütün bunlara biz çox böyük diqqət göstərməliyik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
 
Ətraf mühitin mühafizəsi dünyanı düşündürən önəmli məsələlərdəndir. İnsanın səhhəti təbiətin sağlamlığından asılıdır. Əsrlər boyu bu harmoniyaya zərər gətirilib. İnsan dilemma qarşısında qalanda məcburən təbiətin mühafizəsi onu ciddi narahat etməyə başladı. Bu həyəcanın nəticəsi olaraq BMT-nin Baş Assambleyası 1972-ci ildə Stokholmda 5 iyunu Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd etməyi qərara aldı. O vaxtdan bəri ətraf mühitin mühafizəsi məsələsi bütün dünyada nəzarətə götürülmüşdür. 
Ölkəmiz də dünyanın bir parçası kimi ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirir. Dövlətimiz bu istiqamətdə müasir tələblərə cavab verən qanunlar qəbul edir və onların icrası üçün ən optimal yollar axtarır. Həyata keçirilmiş tədbirlər bizdən asılı olmayaraq, çox vaxt müasir texnoloji prosesləri qabaqlaya, yaxud təbiətin tam qorunmasını təmin edə bilmir. Sənaye və kənd təsərrüfatının tərəqqisi, elmi sıçrayışlar nə qədər, parodoksal olsa da, ətraf mühitlə çox vaxt dost kimi yox, rəqib kimi təmasa girir. Bəşəriyyətin isə başqa yolu yoxdur: elmi-texniki tərəqqi təbiətin mühafizəsi ilə uzlaşdırılmalıdır. Biz təbiətə gah rəqib, gah da dost gözü ilə yox, ən doğma bir varlıq kimi yanaşmalıyıq. 
Təbiət ilk qayğıkeşimiz, analar anasıdır. Haqlı olaraq, həmişə yurdumuzu ən duyğulu epitetlərlə bəzəyirik. Axı biz də onun bir parçasıyıq. Görəsən, biz həmişə təbiətimizə öz imkanlarımız dairəsində qayğı bəsləyirikmi?! Azərbaycan dövləti, Prezidentimiz İlham Əliyev ölkənin resurslarından təbiətimizin qorunması üçün heç nəyi əsirgəmir: dünya standartlarına cavab verən qanunlarımız, güclü mütəxəssis potensialımız, iqtisadi qüdrətimiz təbiətimizin keşiyində durur. Təəssüf ki, bəzən adi vətəndaşımızdan tutmuş yüksək rütbəli məmurlara qədər dövlətimizin ekoloji siyasətinə xələl gətirən addımlar atılır. Bu günlərdə Azərbaycan televiziyasında göstərilən bəzi faktlar təbiətsevərlərdə ürək ağrısı doğurur. Paytaxtımızın mərkəzində – “İstiqlal” küçəsində iki əzəmətli ağac hamının gözü qarşısında yox edilmişdir. Bayıl hadisələri, Yasamaldakı ekoloji qalmaqal, digər fəlakətli sürüşmələr gözümüzün qabağında baş vermirmi?! 
Dünyada Azərbaycan kimi qədim, zəngin və gözəl təbiətə malik ölkə azdır. Bunu dəfələrlə öz alimlərimizin də, xarici mütəxəssislərin də dilindən eşitmişəm. 
Görülmüş işləri sadalamaq nə qədər xoşdursa, görülməmiş işləri yada salmaq bir o qədər ağırdır. Düzdür, təbiətə qənim kəsilənlərin amansızlığı qədər təbiət qənimlərinə qarşı qəddar ola bilməsəm də, deməliyəm ki, bilərəkdən və bilməyərəkdən təbiətimizə zərbə endirmək cinayətdir. Bu, bədxah qonşularımızın dəyirmanına su tökmək, onların qara niyyətlərinə, insanlığa sığmayan əməllərinə içimizdən rəvac verməkdir. Düşmən məqsədli olaraq təbiətimizə, çayımıza, suyumuza, meşələrimizə divan tutur. Bəs biz? Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Biz ekoloji vəziyyətlə bağlı məsələni daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya da kəsilə bilər... Biz istədiyimizə tam şəkildə nail ola bilməmişik.Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabrçılıqdır, bu, cinayətdir...”
Sözsüz ki, hər şey rəvan, hər şey rahat başa gəlmir. Elə təbiətimizin qorunması kimi qlobal bir məsələ də o cümlədən. Bir də şahid olursan ki, dövlətin, Vətənin çörəyini yeyən bəzi məmurlar vətəndaşlıq ləyaqətini itirərək təbiətimizə sağalmaz yaralar vururlar. Bir də görürsən ki, günün-günorta çağı, bəzi məmurların himayəsi ilə şəhərin, rayonun ən münasib, ən gözəgəlimli yerində 40-50 illik, bəzən daha yaşlı, daha cavan ağaclar bir göz qırpımında yerə sərildi. Xəbər tutunca, artıq gec olur. Belə məmurun şəhərsalmadan, ekologiyadan xəbəri yoxdur. Şəhər təsərrüfatında yaşıllığın yerini bilməyən, illər boyu bir ağaca çəkilən zəhməti dərk etməyən insanlar ekoloji nadanlardır. Təsəvvür edin ki, ölkəmizin bütün rayon mərkəzlərində, şəhərlərdə, iri yaşayış məntəqələrində az və ya çox dərəcədə gizli, yaxud aşkar şəkildə ağaclara yabançı müdaxilə davam etməkdədir. Axı hər məmurun vicdanından bir fərman asmaq olmaz! Qəlbdə od olmasa, Vətənə istək olmaz.
Meşələr ekologiyanın məhək daşıdır. Meşələrin insanın həyatında oynadığı əvəzsiz rolu heç nə ilə müqayisə etmək olmaz. Meşələr təbiətin ağ ciyərləridir. O, torpaq yuyulmasının, eroziyanın qarşısını alır, bulaqları, çayları, iqlimi tənzimləyir. Meşələr heyvanların, quşların yaşayış yeridir. Meşələrin zənginliyi təbiətin sağlamlığının rəmzidir. İndi diqqət edək: təbiətin bu sərvətinə anlayışla cavab verilirmi? Faciə orasındadır ki, bəzən meşələri qorumalı olan yerli məmurlar meşə torpaqlarını, sözün həqiqi mənasında, hərraca qoyurlar. Nəinki minillik ağaclar, meşəliklər qırdırılır, hətta meşəaltı torpaqlar satılır. Meşələrin ərazisində evlər tikilir, “sanatoriyalar” salınır. Fəlakət burasındadır ki, bu hal kütləviləşməkdədir. Belə çıxır ki, qanunların humanizmi təbiətin əleyhinə işləyir. Ya bəzi məmurlara qarşı münasibəti, ya da qanunları sərtləşdirməliyik. Belə hallara cənub meşələrində daha tez-tez rast gəlinir. Kütləvi informasiya vasitələrində nümayiş olunmuş yaşıllıqların, ağac məzarlıqlarının məsuliyyəti cavabdeh şəxslərin vicdanına yazılmalıdır.
Dövlətimizin başçısı cənab İlham Əliyev xüsusi mühafizə olunan təbiət ərazilərinə daim diqqət yetirir. Yeni parklar, qoruqlar yaradılır, əvvəlkilər bərpa edilir. Milli parklarımız, yasaqlıqlarımız dünya əhəmiyyətlidir. Xüsusi mühafizə olunan ərazilərin qorunmasına həmişə məsuliyyətlə yanaşılmaldır. 
Əlbəttə, ticarət, iaşə, mədəni-məişət və s. obiyektlərin tikintisi, yeni iş yerlərinin açılması lazımdır. Bu, zamanın tələbidir. Lakin tikintilər üçün münasib yerlər ayrılmalı və bu məqsədlə ağaclar kəsilməməli, yaşıllıqlar məhv edilməməlidir. Parkların ərazisini zəbt etməyə imkan verənlər gərək bunun verəcəyi fəsadları qabaqcadan düşünələr. Axı, tikintilər üçün torpaqayırmada ekoloqların rəyi niyə nəzərə alınmamalıdır!? 
Su mənbələrimizə bugünün ekoloji standartları baxımından yanaşılanda narahatedici mənzərənin şahidi oluruq. Xəzərin bəzi bioloji göstəricilərini nəzərdən keçirək. Qeyd edək ki, Xəzərin qeyri-adi akvatoriyası bioloji müxtəlifliyi, nadirliyi ilə dünya ekoloqlarını valeh edir. Alimlərin tədqiqatlarına əsasən, Azərbaycanda 8359 çay var. Çayların 5141-i Kür hövzəsinə, 1177-si Araz hövzəsinə aiddir. Birbaşa Xəzərə tökülən çaylar və onların qollarının ümumi sayı 3218-dir. Qafqazın şirin su balıq növlərinin əksəriyyəti burada yaşayır. Hal-hazırda Xəzər dənizində 1810 növ heyvanat və 733 növ bitki aləmi mövcüddür. Xəzər dənizi dünyanın ən böyük gölü olmaqla yanaşı, heyvanat aləminin, biomüxtəlifliyin inkişafı üçün çox əhəmiyyətli hövzədir. Həm də Xəzər dənizinin Azərbaycan ərazisi quşların miqrasiyası və qışlaması üçün böyük ekoloji əhəmiyyət kəsb edir. Bu kontekstdə Xəzərin rolu əvəzsizdir. Xəzər buzlaşma dövrünü keçib özünəməxsus səciyyəvi flora və faunasını qoruyub saxlamışdır. Buzlaşma dövrünə sinə gərib dəyanətlə qalib gələn Xəzər bu gün xidmət etdiyi, varını əsirgəmədiyi insanların qarşısında aciz duruma düşmüşdür. Volqa, Ural, Kür çaylarının sənaye və məişət tullantıları Xəzəri problemlərlə üz-üzə qoyur. Xüsusilə Kür və Araz çaylarının durumu acınacaqlıdır. Ermənistan və Gürcüstanın ərazisindən keçən çaylarımızın aqibəti ürək ağrıdır. Ədalət naminə deməliyik, bəzi məqamlarda biz də günahkarıq. Çirklənmə normanı qat-qat keçir, biogen maddələr gorxulu həddədir, landşaft ciddi deqradasiyaya uğrayır: Tikililər yerli-yersiz Xəzərin üstünə gedir, sahilyanı qumluqlar talan edilir, qamışlıqlar yandırılır və nəticədə quşların və digər canlıların populyasiya yerləri məhdudlaşır. Xəzərin və ətraf aləmin bioresurslarına böyük ziyan dəyir: Quşlar perik düşür, balıq tükənir...
Bu antropogen faktorların sayını artırmaq da olar. Aydındır ki, əsrimiz ekoloji balanslaşdırma əsridir. Biz ətraf mühitin saflığına, təmizliyinə daim diqqət yetirməli, həyəcan təbili çalmalıyıq. Nəyə gücümüz çatırsa, onu həyata keçirməli, gücümüz çatmayan problemləri (məsələn, təbiətin və insanlığın düşməni olan erməni faşistlərinin ölkəmizin ekologiyasına vurduqları ölçüyəgəlməz ziyanı) beynəlxalq təşkilatların köməyi ilə aradan qaldırmağa çalışmalıyıq. İnanırıq ki, ölkəmizin buna qüdrəti çatar. Bunun üçün hamımız əl-ələ verib, milli maraqlarımız naminə ölkəmizin ekologiyasını daha məsuliyyətlə qorumalı, onu daha da sağlamlaşdırmalıyıq. 
Ekologiya həm də mədəniyyətdir. Bizim xalqımız bir çox sahələrdə olduğu kimi, ekoloji mədəniyyətdə də nümunə olmalıdır. Təbiətə münasibət dünyaya, bəşəriyyətə münasibətdir. Təbiətə məhəbbət həyata, insanlara məhəbbətdir. Təbiət də anamız, torpağımız, Vətənimiz qədər əziz və müqəddəsdir.
Böyük təbiətşünas alim, akademik Həsən Əliyevin ruhu qarşısında bir daha baş əyərək onun intonasiyasına oxşar ətrafa göz gəzdirmək istəyirəm: Dalğalar saysız- hesabsız ölü və xəstə balinaları, suitilərini... sahilə atır, meşələr yanır, nəhrlər və dənizlər quruyur, torpaqlar səhralaşır, dağlar çapılır...Dünyanın başqa bir guşəsində görünməmiş leysanlar, sellər, sürüşmələr. İqlim çalxalayır dünyanı, nərə çəkir, etiraz edir. Hünər meydanına bacarıqsızların müdaxiləsidir ki, ekoloji fəlakətlər baş alıb gedir. Müasirlərin verdiyi məlumata görə XIX əsrdə Talış dağlarında xallı marallar, dağ keçiləri kimi nadir heyvanlar yaşamışdır. Onlar niyə qəhətə çıxdı? Hələ yenə də yurdumuzun bu gözəl guşəsinə zərbə vurmaqdan əl çəkmirik: Sanki dövrümüzün Fərhadları tapılıb; ancaq qayaları çapıb yol açmırlar, zümrüd meşələri, yaşıl dağ massivlərini məhv edib asan xəzinə tapırlar. Bu zərərli mənzərəni hansı təbiətsevər, hansı vətənpərvər sakit tərzdə qarşılaya bilər?! Dəyəcək ziyanın hesabını zərər dəyməmişdən fikirləşmək daha faydalı olardı. Təbiət maraqları yox, səmimiyyəti qəbul edir. 
Ana təbiət qarşısında hər bir sıravi vətəndaş öz məsuliyyətini hiss etməlidir. Yurdumuzun gözəlliyini qorumaq hamımızın vətəndaşlıq borcu olmalıdır. Təbiət bizi düşündüyü kimi, biz də gərək onu səmimiyətlə düşünək. Hamımıza həyat verənə biz də həyat verək. Təbiətə qəsd edənlərə, onun sərvətlərini talayanlara qarşı mübarizədə birləşək. Axı təbiəti qorumaq yuxarıda qeyd etdiyimiz kimi, təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işi deyil, ümumxalq işi olmalıdır. Bunun üçün ekoloji təbliğat və maarifləndirmə işlərinə yeni stimul verməliyik. Bir daha özümüzə sual verək : Yaşadığımız ərazidə heç olmasa bir ağac, bir gül kolu əkmişikmi? Gələcək nəsillər qarşısında günahkar olmayaq. Babalarımızın bizə əmanət qoyub getdiyi torpağın, yurdun təbiətini qoruyaq, ona qarşı biganə münasibətə qətiyyətlə son qoyaq.
Ətraf mühitin mühafizəsi ümumdövlət əhəmiyyətli iş olduğu üçün onun qorunub gələcək nəsillərə bir əmanət kimi çatdırlılmasında hamımız bir nəfər kimi iştirak etməyə borcluyuq. Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkədə ekoloji tarazlığın qorunmasında göstərdiyi vətənpərvərlik nümunəsi, ümumiyyətlə, təbiətə dövlət qayğısı biz ekoloqları daha yaxşı fəaliyyət göstərməyə, bu çətin və şərəfli işə daha sanballı töhfə verməyə ruhlandırır. 
Nazirlikdə yaranmaqda olan yeni ab-hava təbiətsevərləri sevindirməkdədir. Biz qayğıların ilk işartılarının şahidi oluruq. Əminik ki, bu, davamlı olacaq. Deyirlər ki, kadrlar çox şeyi həll edirlər. Tarixin təcrübəsindən çıxmış bu aforizmə günümüzün reallıqları cavab verməkdədir. Artıq hiss olunur ki, təbiət insanı öz qoynunda doğması kimi hiss edir. Bütün təbiətimiz başını qaldırıb yeni xilaskarlarını salamlamaq istəyir. Görünür, təbiət də insanlar kimi həssasdır, qayğını tez duyur.
Bəxtiyar HÜSEYNOV, 
1 saylı ərazi üzrə ETSŞ-nin 
sektor müdiri, yazıçı-ekoloq

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında