Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 9 

Bakı şəhəri, 11 yanvar 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə-sinin səkkizinci abzasını rəhbər tutaraq və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1644) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3.7-ci yarımbənd ləğv edilsin.

2. 2.1.17-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.18-ci və 2.1.19-cu yarımbəndlər əlavə edilsin:

“2.1.18. cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsidir;

2.1.19. aralıq qiymətləndirmə - fənn üzrə tələbənin imtahan zamanı bilik və bacarıqlarının qiymətləndirilməsidir.”.

3. 3.2.2-ci yarımbəndin altıncı cümləsinə “kreditdir” sözündən sonra “(yay semestri istisna olmaqla)” sözləri əlavə edilsin.

4. 3.2.5-ci yarımbəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Müvafiq ixtisas üzrə orta ixtisas təhsili proqramlarının mənimsənilməsi üçün 120-180 kredit müəyyənləşdirilir.”.

5. 3.2.6-cı yarımbəndin ikinci və üçüncü cümlələri aşağıdakı redaksiyada verilsin:

“Müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla bu Qaydaların 3.2.12-ci yarımbəndinin tələbləri gözlənilməklə, təhsil aldığı ixtisas üzrə əlavə fənn (fənlər) seçməyə icazə verilir. Akademik borcu olan tələbə əlavə fənn (fənnlər) götürdükdə, təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir və bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır.”.

6. 3.2.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.15. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır. Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur. Bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə orta ixtisas təhsili müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir.”.

7. 3.2.17.-ci yarımbənddə “və akademik məzuniyyətdən qayıtdığı halda” sözləri “akademik məzuniyyətdən qayıtdığı və təkrar orta ixtisas təhsili aldığı hallarda” sözləri ilə əvəz edilsin.

8. 3.2.18-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.18. Bir müəllimi seçən tələbələrin sayı fənnin xüsusiyyətindən və tədris formasından (mühazirə, məşğələ, laboratoriya və s.) asılı olaraq orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyənləşdirilir.”.

9. 3.2.19-cu və 3.2.21-ci yarımbəndlər ləğv edilsin.

10. 3.2.22-ci yarımbəndin üçüncü və dördüncü cümlələri çıxarılsın.

11. 3.2.23-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.23. Tələbənin sərbəst işinin növü və forması (fərdi, komanda, qrup tapşırığı və s.) fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir.”.

12. 3.3.3-cü yarımbəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“3.3.3. Orta ixtisas təhsili müəssisələrində hər bir fənn üzrə yaradılan qrupda tələbələrin sayı fənnin xüsusiyyətindən və tədris formasından asılı olaraq, orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən edilir.”.

13. 3.4.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.4.3. Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır.”.

14. Aşağıdakı məzmunda 4.2-1-ci bənd əlavə edilsin:

“4.2-1. Tələbənin müəllim seçmək hüququ vardır.”.

15. 5.1-ci və 5.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“5.1. Orta ixtisas təhsili müəssisələrində Bolonya prosesinin təşviqi, kredit sistemi ilə tədrisin təşkili, AKTS sisteminin tətbiq edilməsi və tələbələrə kömək göstərilməsi məqsədi ilə akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil edilir.

5.3. Tyutorlar bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan ali təhsilli şəxslər arasından seçilirlər.”.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında