Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 568

Bakı şəhəri, 20 dekabr 2017-ci il

 

“Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1000; 2017, № 4, maddə 613) ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin.

1. 1.3-cü bənddə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu,” sözləri “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri ilə əvəz edilsin.

2. 3.6-cı və 3.15-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“3.6. Dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.

 3.15. Məktəbəqədər təhsil müəssisəsində təhsilverənlər qanunvericiliklə müəyyən edilmiş qaydada ildə bir dəfə dövlət hesabına, digər işçilər isə ən azı ildə 2 dəfə təsisçinin hesabına tibbi müayinədən keçirlər.”.

3. 4.1-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan dilini öyrətmək və Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə məktəbəqədər təhsil digər dillərdə də aparıla bilər.”.

4. 4.2-ci bənddə “proqram” sözü “təhsil proqramı” sözləri ilə, 4.3-cü bənddə isə “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilsin.

5. 5.1-ci, 5.3-cü, 5.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“5.1. Məktəbəqədər təhsil prosesinin iştirakçıları aşağıdakılardır:

5.1.1. təsisçilər;

5.1.2. təhsilalanlar;

5.1.3. təhsil müəssisəsinin rəhbəri;

5.1.4. təhsilverənlər (pedaqoji işçilər) – tərbiyəçi-müəllimlər, metodistlər, defektoloqlar, loqopedlər, musiqi rəhbərləri, psixoloqlar;

5.1.5. digər işçilər – işçi heyəti: tibb işçiləri, texniki işçilər, dayələr;

5.1.6. valideynlər və ya digər qanuni nümayəndələr;

5.1.7. təhsili idarəetmə orqanları və bələdiyyələr;

5.1.8. məktəbəqədər təhsil müəssisəsi ilə bilavasitə təhsil sahəsində əməkdaşlıq edən digər fiziki və hüquqi şəxslər.

5.3. Təhsilalanların hüquqları aşağıdakılardır:

5.3.1. həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

5.3.2. şəxsiyyətin alçaldılmasına, mənəvi və psixoloji duruma və sağlamlığa zərər vuran hərəkətlərin bütün formalarından, fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaq;

5.3.3. uşaqların sağlamlığına, mənəvi və psixoloji durumuna zərər vuracaq istənilən informasiyadan və təbliğatdan müdafiə olunmaq;

5.3.4. ödənişsiz tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq, çatışmazlıqların (nitq qüsurları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almaq;

5.3.5. müəyyən olunmuş normativlərə uyğun, keyfiyyətli qida ilə təmin edilmək;

5.3.6. asudə vaxtının və istirahətinin səmərəli təşkili, meyil və maraqlarının reallaşması və yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq.

5.6. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:

5.6.1. məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

5.6.2. ixtisasını artırmaq, peşəkarlıq səviyyəsini yüksəltmək və attestasiyadan keçmək;

5.6.3. dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və həyati bacarıqlara yiyələnməsini təmin etmək;

5.6.4. məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirmək;

5.6.5. təhsilalanları Azərbaycan xalqının dilinə, adət və ənənələrinə, mənəvi dəyərlərə, dövlət rəmzlərinə hörmət, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyə etmək;

5.6.6. uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

5.6.7. uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə ­iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq;

5.6.8. uşaqların təlim-tərbiyəsi və inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq etmək;

5.6.9. təhsilalanları müəyyən edilmiş təhsil standartları əsasında məktəb təliminə hazırlamaq;

5.6.10. qanunvericiliklə müəyyən edilmiş qaydada ildə bir dəfə dövlət hesabına tibbi müayinədən keçmək.”.

6. 5.5.1-ci, 5.5.2-ci, 5.5.6-cı və 5.5.9-cu yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“5.5.1. təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq;

5.5.2. təhsil prosesinin təşkili və idarə olunmasında, təhsil layihələrində iştirak etmək, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmək;

5.5.6. təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək;

5.5.9. mükafatlandırılmaq və təltif olunmaq.”.

7. 5.4-cü bənd ləğv edilsin.

8. 5.7.1-ci, 5.7.2-ci, 5.8.1-ci, 5.8.2-ci yarımbəndlərdən “və ya himayəsində” sözləri çıxarılsın.

9. 6.7-ci, 7.1-ci və 7.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“6.7. Dövlət məktəbəqədər təhsil müəssisəsinin ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şuradır.

Bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrində ali idarəetmə orqanı həmin təhsil müəssisələrinin nizamnaməsi ilə müəyyən olunur.;

7.1. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olaraq, məktəbəqədər təhsil müəssisəsi “Məktəbəqədər təhsil haqqında” Qanunun 22-ci maddəsinə əsasən maliyyələşdirilir.

7.4. Məktəbəqədər təhsil müəssisəsinin digər maliyyə mənbələri hesabına əldə etdiyi vəsaitlər bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən uşaqların rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.”.

10. 6.1-ci bəndə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun,” sözlərindən sonra “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun,” sözləri əlavə edilsin.

11. 8.1-ci və 8.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“8.1. Dövlət və bələdiyyə məktəbəqədər təhsil müəssisəsi “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılır.

8.2. Özəl məktəbəqədər təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.”.

12. 8.3-cü-8.6-cı bəndlər ləğv edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında