Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 467

Bakı şəhəri, 20 oktyabr 2017-ci il

“Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydası”nın təsdiq edilməsi haqqında

 

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış  ola bilərsiniz.

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 20 oktyabr

tarixli 467 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən hazırlanmışdır və yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri olan dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər (bundan sonra - fiziki və hüquqi şəxslər) tərəfindən Azərbaycan Respublikasının ərazisinə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının  gətirilməsi və onun hüdudlarından kənara aparılması qaydasını müəyyən edir.

1.2. Bu Qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrində əkilməsi, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün  Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması nəzərdə tutulan bitkilərə şamil edilmir.

 

2.  Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və

ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması

 

2.1. Ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.0.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən verilmiş idxal karantin icazəsi, təkrar ixracat fitosanitar sertifikatının və  fitosanitar sertifikatları əsasında həyata keçirilir.

2.2. Ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması üçün idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə təsdiq edilmiş "Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsi Qaydaları”  ilə müəyyən edilir.

2.3. Karantin tətbiq edilən zərərli orqanizmləri yaya bilən ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasının ərazisinə idxal karantin icazəsi olmadan gətirilməsinə yol verilmir.

2.4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına  gətirilməsi üçün fiziki və hüquqi şəxslərə bu Qaydanın 2.2-ci bəndində göstərilmiş qaydalara uyğun olaraq idxal karantin icazəsinin verilməsi barədə 2 (iki) gün müddətində müvafiq dövlət sərhədinin buraxılış məntəqələrinə məlumat verilməlidir.

2.5. Fiziki və hüquqi şəxslər tərəfindən  Azərbaycan Respublikasından ixrac olunan ağac, kol, gül-çiçək və ot bitkiləri və onların genetik materialları sərhədə çatdırıldıqda, bu Qaydanın 2.2-ci bəndində göstərilmiş qaydalara uyğun olaraq, verilmiş təkrar ixracat fitosanitar sertifikatı və  fitosanitar sertifikatları  gömrük orqanlarına təqdim edilməlidir.

2.6. Yaşıllıqların mühafizəsi məqsədi ilə genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsinə və onun hüdudlarından kənara aparılmasına yol verilmir.

2.7. Genetik modifikasiya olunmuş, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış bitkilərin elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədi ilə Azərbaycan Respublikasına idxalı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən  Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun qərarı nəzərə alınmaqla, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli  292 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada aparılır.

2.8. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, mədəni bitkilərin milli genefonduna aid edilən ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının  idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli qərarı ilə təsdiq edilmiş (6 nömrəli əlavə)  “Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması Qaydası və Şərtləri” nəzərə alınmaqla aparılır.

2.9. Azərbaycan üçün xarakterik, nadir və kökünün kəsilməsi təhlükəsi olan, həmçinin mühafizəsinin gücləndirilməsi tələb olunan ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının (yabanı flora növlərinin) beynəlxalq ticarəti “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyaya (CITES)  uyğun olaraq,  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən  icazə/sertifikat əsasında həyata keçırilir.

2.10. Bu Qaydanın 2.9-cu bəndində göstərilən icazə/sertifikatın verilməsi qaydaları və şərtləri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları” ilə müəyyən edilir. 

2.11. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kökünün kəsilməsi təhlükəsi olan, həmçinin mühafizəsinin gücləndirilməsi tələb olunan yabanı flora növlərinə bu Qaydanın 2.10-cu bəndinə uyğun olaraq verilmiş  icazə/sertifikat  kağız və elektron formada Azərbaycan Respub-likasının Dövlət Gömrük Komitəsinə göndərilir.  

2.12. Kökünün kəsilməsi təhlükəsi olan ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının (yabanı flora növlərinin) siyahısı xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası (XİF MN) üzrə kodları göstərilməklə,  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kağız və elektron formada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göndərilir. Siyahıda dəyişikliklər olduğu halda, yenilənmiş siyahı eyni qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təqdim edilməlidir.

2.13. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən fitosanitar nəzarətində olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq, karantin obyektlərinin mühafizəsini təmin etmək məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirir:

2.13.1. ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının saxlanılan anbarlarda, onların əkildiyi  sahələrdə, karantin nəzarətində olan digər obyektlərdə müntəzəm olaraq müşahidələri və müayinələri aparmaq;

2.13.2. karantin nəzarətində olan materiallara baxış keçirmək və ekspertiza aparılmasını həyata keçirmək;

2.13.3. fitosanitar nəzarətində olan zərərli orqanizmlərin Azərbaycan Respublikasının ərazisinə daxil olması təhlükəsini yaradan halları müəyyən etmək və müvafiq ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq;

2.13.4. fitosanitar nəzarətində olan karantin obyektlərində və karantin nəzarətində olan ağac, kol, gül-çiçək və ot bitkilərində və onların genetik materiallarında zərərli orqanizmləri vaxtında aşkar edərək onları təcrid etmək, məhsulun tədqiqi nəticəsində təhlükəliliyi sübut edilmiş bitki və bitkiçilik məhsullarını müvafiq qaydada götürmək, saxlamaq, zərərsizləşdirmək, təkrar emal etmək və ya məhv etmək üçün müvafiq tədbirlər görmək;

2.13.5. hüquqi və fiziki şəxslər tərəfindən ağac, kol, gül-çiçək və ot bitkilərinin zərərverici, xəstəlik və alaq otlarına qarşı aparılan kimyəvi, bioloji və digər bitki mühafizə tədbirlərinin elmi əsaslarla aparılmasına nəzarət etmək;

2.13.6. bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr  və elmi-praktiki dəstəyi vermək;

2.13.7. Azərbaycan Respublikasının ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısını almaq və onların mənbələrinin ləğvi üçün müvafiq məhdudiyyətlər qoymaq;

2.13.8. Azərbaycan Respublikasının ərazisində bitkilərin zərərli orqanizmlərlə sirayətlənmə dərəcəsini, onların əmələgəlmə səbəblərini müəyyənləşdirmək, kütləvi çoxalması və yayılması barədə məlumatları əldə etmək;

2.13.9. fitosanitar nəzarəti sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək və qanunvericiliklə müəyyən olunmuş qaydada xarici ölkələrin müvafiq qurumları ilə və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr qurmaq.

2.14. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun vəzifəli şəxslərinin ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılmasına yaşıllıqların mühafizəsinə dövlət nəzarəti çərçivəsində aşağıdakı hüquqları vardır:

2.14.1. fiziki və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi sahəsində müvafiq tədbirlərin yerinə yetirilməsini, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasını  yoxlamaq;

2.14.2. yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək;

2.14.3. yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, fiziki və hüquqi şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə, onları aidiyyəti üzrə göndərmək;

2.14.4. yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş ziyanın həcmini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək).

 

 

__________________

          №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında