Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 257

Bakı şəhəri, 14 iyun 2017-ci il

“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbay- can Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1638; 2016, № 6, maddə 1202) aşağıdakı dəyişikliklər edilsin:

1. Adına və ikinci abzasına “səviyyələrində” sözündən sonra “, əsas (baza ali) tibb təhsilində” sözləri əlavə edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” üzrə:

2.1. adına “səviyyələrində” sözündən sonra “, əsas (baza ali) tibb təhsilində” sözləri əlavə edilsin;

2.2. 1.2-ci bənddən “ərazisində fəaliyyət göstərən” sözləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

 “Azərbaycan Respublikasında müvafiq qaydada dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş xarici ölkələrin ali təhsil müəssisələri və (və ya) filialları öz ölkələrində mövcud olan tədrisin təşkili qaydalarını həmin təhsil müəssisələrində tətbiq edə bilərlər.”;

2.3. 1.3.7-ci yarımbənd ləğv edilsin;

2.4. 1.6-cı bəndə “əyani” sözündən sonra “(tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime)” sözləri əlavə edilsin;

2.5. 2.1.17-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.18-ci, 2.1.19-cu, 2.1.20-ci və 2.1.21-ci yarımbəndlər əlavə edilsin:

“2.1.18. tədrisə tam cəlb olunma (fulltime) – ixtisasın təhsil proqramı ilə müəyyən olunmuş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür;

2.1.19. tədrisə qismən cəlb olunma (parttime) – ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür;

2.1.20. cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsidir;

2.1.21. aralıq qiymətləndirmə - fənn üzrə tələbənin imtahan zamanı bilik və bacarıqlarının qiymətləndirilməsidir.”;

2.6. 3.2.2-ci yarımbəndin üçüncü və altıncı cümlələri aşağıdakı redaksiyada verilsin:

“Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir.

Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla).”;

2.7. 3.2.4-cü yarımbənddə “(tibb təhsilində 300-360 kredit)” sözləri “(əsas (baza ali) tibb təhsilində 300-360 kredit)” sözləri ilə əvəz edilsin;

2.8. 3.2.5-ci, 3.2.14-cü, 3.2.16-cı və 3.2.17-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“3.2.5. Tədrisə tam cəlb olunan (fulltime) tələbəyə əlavə fənn (fənlər) də seçməyə icazə verilir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir. Dövlət sifarişi ilə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən bu Qaydaların 3.2.11-ci yarımbəndinin tələbləri nəzərə alınmaqla, təhsil aldığı ixtisas üzrə əlavə fənn (fənlər) seçməyə icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır.

3.2.14. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır. Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Bu zaman tələbənin fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınır və onun qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Belə olan halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir.

3.2.16. Tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu, akademik məzuniyyətdən qayıtdığı və təkrar ali təhsil aldığı hallarda, onun əvvəllər qazandığı kreditlər bu Qaydaların 3.2.15-ci yarımbəndinin tələblərinə uyğun olaraq nəzərə alınır.

3.2.17. Bir müəllimi bu Qaydaların 4.2-1-ci bəndinə uyğun olaraq seçən tələbələrin sayı fənnin xüsusiyyətindən və tədrisin formasından (mühazirə, məşğələ, laboratoriya və s.) asılı olaraq ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.”;

2.9. 3.2.18-ci və 3.2.20-ci yarımbəndlər ləğv edilsin;

2.10. 3.2.21-ci yarımbəndin üçüncü və dördüncü cümlələri çıxarılsın;

2.11. 3.2.22-ci və 3.2.23-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“3.2.22. Tələbənin sərbəst işinin növü və forması (fərdi, komanda, qrup tapşırığı və s.) fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir.

3.2.23. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər.”;

2.12. 3.3.3-cü yarımbəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Ali təhsil müəssisələrində və AMEA-da hər bir fənn üzrə yaradılan qrupda tələbələrin sayı fənnin xüsusiyyətindən və tədrisin formasından asılı olaraq, ali təhsil müəssisəsi və ya AMEA tərəfindən müəyyən edilir.”;

2.13. 3.4.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.4.3. Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır.”;

2.14. aşağıdakı məzmunda 4.2-1-ci bənd əlavə edilsin:

“4.2-1. Tələbənin bu Qaydaların 3.2.17-ci yarımbəndinə müvafiq olaraq müəllim seçmək hüququ vardır.”;

2.15. 5.1-ci və 5.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“5.1. Ali təhsil müəssisələrində Bolonya prosesinin təşviqi, kredit sistemi ilə tədrisin təşkili, AKTS sisteminin tətbiq edilməsi və tələbələrə kömək göstərilməsi məqsədi ilə ali təhsil müəssisələrində və AMEA-da akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil edilir.

5.2. Tyutorlar bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan ali təhsilli şəxslər arasından seçilirlər.”.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında