Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 65                                                                     

Bakı şəhəri, 24 fevral 2017-ci il

“Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi  fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:   

1. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2.  Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və yerli icra hakimiyyətlərinə tapşırılsın ki, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirsinlər.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və  www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 24 fevral

tarixli 65 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi

QAYDASI

 

1. Ümumi müddəalar

 

   1.1. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası (bundan sonra - Qayda) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 107-ci maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”  Azərbaycan Respublikasının 1999-cu il 21 may tarixli 669-İQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 149 nömrəli Fərmanının 2-ci hissəsinin ikinci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 1.1-ci, 3.17-ci və 3.19-cu bəndlərinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir.

   1.3. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış  sahələri istifadə edilir.

1.4. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri  məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir.

   1.5. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (bundan  sonra – Komitə)  qərarı ilə həyata keçirilir.

 

2. Məcburi köçkünlərə müvəqqəti yaşayış sahələrinin verilməsi

 

2.1. Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib  və təsdiq edilmiş  siyahı və  bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş  ərizələr  əsasında həyata keçirilir.

2.2.Yeni yaşayış sahələrinə köçürüləcək məcburi köçkün ailələrinin siyahısının düzgünlüyünə və dəqiqliyinə görə həmin siyahını tərtib  və təsdiq etmiş müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri məsuliyyət daşıyırlar.

2.3. Rayon (şəhər) icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib  və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və  məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir.

2.4. Müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir:

2.4.1. məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib  və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə;

2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə  kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə.

2.5. Məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir.

2.6. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu ilə məcburi köçkün arasında 2(iki) nüsxədən ibarət olmaqla yazılı formada bağlanılır və bir nüsxəsi kirayəçiyə (məcburi köçkünə) verilir.

2.7. Kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu tərəfindən şifahi qaydada məcburi köçkünə izah edilir.

2.8. Məcburi köçkün kirayə müqaviləsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, bu Qaydaya, onunla bağlanılmış kirayə müqaviləsinə və qanunvericiliklə müəyyən edilmiş digər qaydalara əsasən mülki məsuliyyət daşıyır.

2.9. Kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanılmış kirayə müqaviləsi ləğv edilir.

2.10. Məcburi köçkün ailələrinin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrinə köçürülməsi Komitənin vəsaiti hesabına həyata keçirilir.

2.11. Köçürülmə zamanı aşağıdakı hallarda məcburi köçkünlərə yeni yaşayış sahəsi verilmir:

2.11.1. müvəqqəti yaşayış sahəsinin verilməsi zamanı köçürülmə obyektində qeydiyyatda olub, lakin orada  faktiki yaşamayan məcburi köçkünlərə;

2.11.2. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki‑hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla);

2.11.3. digər şəhər və rayonlarda müvəqqəti məskunlaşmış, lakin məskunlaşma obyektində yaşayan məcburi köçkünlərin köçürüləcəyindən istifadə edərək son 3(üç) ildə həmin obyektdə yerləşib yaşayanlara;

2.11.4. artıq yaşayış sahəsi əldə etmək niyyəti ilə köçürülmə ərəfəsində saxta nikaha girən və ya nikahı pozulan ailələrə.

2.12. Əvvəllər həmin köçürülmə obyektində yaşamış, sonradan başqa yerdə yaşayan şəxslə nikaha daxil olmuş və boşanaraq geri qayıtmiş məcburi köçkünlərə ayrıca yaşayış sahəsi verilmir.

         

3. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun

yaşayış sahələrindən istifadə şərtləri

 

3.1. Məcburi köçkün 5(beş) gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir.

3.2. Məcburi köçkünlər  müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi  bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur.

3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla  və digər vasitələrlə evləri  özgəninkiləşdirmək və başqasını həmin evə  köçürmək hüququ yoxdur.

3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər.

 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər.

3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər   qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə  bilməz.

3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanun-vericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.

 

4. Məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilən yaşayış

sahəsinin həcmi

 

4.1. Yaşayış sahəsi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq aşağıdakı kimi müəyyənləşdirilir:

4.1.1.  ailə tərkibi 1 nəfərdən ibarət olanlara                 -1 otaq;

4.1.2.  ailə tərkibi 2-3 nəfərdən ibarət olanlara              -2 otaq;

4.1.3. ailə tərkibi 4-5 nəfərdən ibarət olanlara               -3 otaq;

4.1.4. ailə tərkibi 6 nəfər və 6 nəfərdən çox olanlara    -4 otaq.

 

 

__________________

 

 

 

 

“Məcburi köçkünlərin müvəqqəti

yerləşdirilməsi fondunun yaşayış

sahələrinin verilməsi Qaydası”na

 

2 nömrəli əlavə

 

 

Azərbaycan Respublikasının  Qaçqınların və

Məcburi Köçkünlərin İşləri üzrə Dövlət 

Komitəsinə

                                                                   

 

                               _________ ünvanda müvəqqəti məskunlaşmış      

                               _____________   rayonundan məcburi köçkün               

                               ______________________________ tərəfindən

 

 

 

                                                       Ə R İ Z Ə

 

Xahiş edirəm yaşayış şəraitimi (müvəqqəti məskunlaşma yerində faktiki yaşayış vəziyyəti qeyd edilməklə ) nəzərə alaraq,  məni Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan mənzil fondundan evlə təmin edəsiniz.

 

Qoşma: məcburi köçkün vəsiqəsinin surəti, müvəqqəti məskunlaşdığı  yaşayış yeri və ailə tərkibi barədə məlumat

 

                     İmza:                  ______________

 

 

                    Tarix:                  ______________

 

_______________________

 

          №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında