Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 51

Bakı şəhəri, 13 fevral 2017-ci il

“Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının  normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası”nın təsdiq edilməsi barədə

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 1.3.4-1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com  saytlarında tanış  ola bilərsiniz.

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 13 fevral

tarixli 51 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktlarının hazırlanması                      və qəbul edilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli       384 nömrəli Fərmanının 1.3.4-1-ci yarımbəndinin icrası məqsədi              ilə hazırlanmışdır və Azərbaycan Respublikasının Maliyyə Bazar-larına Nəzarət Palatasının (bundan sonra - Palata) normativ xarakterli aktlarının, o cümlədən iqtisadi tənzimləmə (prudensial) normativlərinin hazırlanması və qəbul edilməsi qaydasını müəyyən edir. 

1.2. Palatanın normativ xarakterli aktı Palata tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydasını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan müəyyən formalı rəsmi sənəddir.

1.3. Palatanın normativ xarakterli aktları qərar formasında qəbul edilir.

1.4. Palatanın normativ xarakterli aktları “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanu-nunun (bundan sonra - Konstitusiya Qanunu) 4.3-cü maddəsinə uyğun olaraq, normativ hüquqi akt əsasında qəbul edilməli və onun müvafiq normasına istinad etməlidir. 

1.5. Konstitusiya Qanununun 4.4-cü maddəsinə uyğun olaraq, Palatanın normativ xarakterli aktları Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil etməməlidir.

1.6. Konstitusiya Qanununun  4.2-ci maddəsinə uyğun olaraq, Palatanın normativ xarakterli aktları onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz.

 

2. Palatanın normativ xarakterli aktlarının hazırlanması

 

2.1. Palatanın normativ xarakterli aktları Konstitusiya Qanu-nunun 50-ci maddəsinin tələblərinə uyğun olaraq hazırlanır.

2.2. Palata normativ xarakterli aktın layihəsini aidiyyəti struktur bölmələrinin iştirakı ilə müstəqil surətdə hazırlaya, habelə layihələrin hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış işçi qruplarına tapşırıq verə bilər.

2.3. Konstitusiya Qanununun 45.3-cü maddəsinə əsasən normativ xarakterli aktın layihəsi Palatanın hüquq xidmətinin mütləq iştirakı ilə hazırlanır.

2.4. Konstitusiya Qanununun  46.1-ci maddəsinə uyğun olaraq, Palatanın normativ xarakterli aktının layihəsinin razılaşdırılması müvafiq qanunvericiliyə əsasən məcburi olduqda, habelə normativ xarakterli aktda digər dövlət qurumları ilə bağlı müddəalar olduqda, layihə həmin dövlət qurumları ilə razılaşdırılmalıdır.

 

3. Palatanın normativ xarakterli aktlarının qəbul edilməsi

 

3.1. Palatanın normativ xarakterli aktları Direktorlar Şurası tərəfindən qəbul edilir və Direktorlar Şurasının sədri tərəfindən imzalanır.

3.2. Palatanın normativ xarakterli aktları Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə (bundan sonra - Dövlət Reyestri) daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən 3 (üç) gün keçənədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir.

3.3. Palatanın normativ xarakterli aktları, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. 

3.4. Zəruri hallarda, o cümlədən yeni hüquqi aktın qəbul edilməsi ilə əlaqədar Palata qüvvədə olan normativ xarakterli aktlarında müvafiq dəyişikliklər edir. Normativ xarakterli aktlarının yeni qəbul edilmiş hüquqi akta uyğunlaşdırılması zərurəti olmadıqda, Palata Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müvafiq məlumat verir.

 

4. Yekun müddəalar

 

4.1. Palatanın normativ xarakterli aktlarının rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi ilə bağlı digər məsələlər Konstitusiya Qanununa uyğun olaraq tənzimlənir. 

4.2. Bu Qaydanın 4.1-ci bəndində qeyd edilənlər, Palatanın normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi ilə bağlı digər məsələlər, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nə uyğun olaraq tənzimlənir.

 

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

_______________________

 

         №-li nüsxə

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında