Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 44                                                                                    

Bakı şəhəri, 8 fevral 2017-ci il

“Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul  tarixli 933 nömrəli  Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

“Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 8 fevral

tarixli 44 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin səkkizinci hissəsinə əsasən hazırlanmışdır və avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca müvafiq olaraq təhkim və ya qorunma (mühafizə) zolaqlarında yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərinə (bundan sonra - mühəndisi kommunikasiyalar) daxil olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələrini və qurğularını istismar edən qurumların işləri ilə uzlaşdırılması qaydasını müəyyən edir.  

1.2. Avtomobil yollarının mühəndisi kommunikasiyalarla kəsişməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərə və digər normativ-hüquqi aktlara uyğun olaraq müəyyən edilir.

1.3. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işləri aparılarkən, mühəndisi kommunikasiyaların dəyişdirilməsi, köçürülməsi, yenidən qurulması avtomobil yollarının və mühəndisi kommunikasiyaların mülkiyyətçilərinin, yerli icra hakimiyyəti orqanlarının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin razılığı ilə qüvvədə olan normativ və layihə-smeta sənədləri əsasında həyata keçirilir.

1.4. Avtomobil yollarının və mühəndisi kommunikasiyaların  mülkiyyətçiləri tərəfindən verilmiş texniki şərtlərin tələbləri məcburi xarakter daşıyır.

1.5. Mühəndisi kommunikasiyaların dəyişdirilməsi, yenidən qurulması və ya təmiri (fövqəladə hadisələr, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi zərurəti ilə əlaqədar hallar istisna olmaqla) işləri avtomobil yollarının mülkiy-yətçilərinin (sahiblərinin) və digər  mühəndisi kommunikasiyaları istismar edən qurumların verdikləri texniki şərtlərə əsasən hazırlanmış layihə-smeta sənədlərinə uyğun həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.8-ci maddəsində nəzərdə tutulmuş, habelə avtomobil yolları və yol qurğuları mülkiyyətçilərinin kommunikasiyaların çəkilməsi ilə bağlı verdikləri icazə halları istisna olmaqla, bu işlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun müəyyən edilmiş qaydada müvafiq yerli icra hakimiyyəti orqanlarının  icazəsi əsasında yerinə yetirilir. Tikinti layihəsində nəzərdə tutulmuş işlərin görülməsi üçün avtomobil yollarının mülkiyyətçilərindən (sahiblərindən) və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən razılığı tikintiyə icazə verən orqan alır.

1.6. Dövlət avtomobil yollarında aparılan tikinti, yenidənqurma və təmir işləri ilə əlaqədar (fövqəladə hadisələr, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi zərurəti ilə əlaqədar hallar istisna olmaqla) yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən qəbul edilir.

 

2.  Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin mühəndisi kommunikasiyaları istismar edən qurumlarla uzlaşdırılması

 

2.1. Avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) tərəfindən tikinti, yenidənqurma və təmir işləri aparılacaq avtomobil yollarının siyahısı tərtib edilərək, növbəti təqvim ilinin başlanılmasına ən azı 2 (iki) ay qalmış aidiyyəti mühəndisi kommunikasiyaların  mülkiy-yətçilərinə təqdim edilir. Mühəndisi kommunikasiyaların mülkiy-yətçiləri həmin siyahılara daxilolma tarixindən etibarən 10 (on) gün müddətində baxır və bu Qaydanın 2.6-cı bəndində göstərilən müddətləri nəzərə almaqla, 2.3-cü bəndində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məsələlərinə dair rəylərini avtomobil yollarının mülkiyyətçilərinə (sahiblərinə) bildirirlər.

2.2. Fövqəladə hadisələr, habelə qəza hallarında avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) tərəfindən bu barədə mühəndisi kommunikasiyaların mülkiyyətçilərinə, yerli icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə faksla və ya elektron imza ilə təsdiq edilməklə, elektron poçt vasitəsilə məlumat (bildiriş) verilir və mühəndisi kommunikasiyaların mülkiyyətçiləri tərəfindən dərhal baxılır və razılaşdırılır.

2.3. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin layihələndirilməsi zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərə əsasən mühəndisi kommunikasiyaların mövcud yolun altından kənarlaşdırılaraq ayırıcı zolağa və ya piyada səkilərinə köçürülməsi, yerli şərait buna imkan vermədiyi halda yolun altında tikilən tunel və ya düzbucaqşəkilli dəmir-beton qurğu-kanal daxilində müvafiq qaydada yerləşdirilməsi, bu tədbirlər maliyyə və texniki cəhətdən səmərəli olmadıqda isə aidiyyəti təşkilatlarla razılaşdırılmaqla, digər alternativ variantlar nəzərdə tutulmalıdır.

2.4. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işləri aparılarkən, mövcud mühəndisi kommunikasiyalarda tələb olunan işlər mülkiyyətçilər tərəfindən verilmiş texniki şərtlərə uyğun yerinə yetirilir.  

2.5. Mövcud mühəndisi kommunikasiyalarda tələb olunan işlər avtomobil yollarının və mühəndisi kommunikasiyaların mülkiyyətçiləri tərəfindən razılaşdırılmış müddətdə tam başa çatdırıldıqdan sonra avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işləri aparılır.

2.6. Ümumi istifadədə olan avtomobil yollarında bu Qaydanın 2.2-ci bəndində göstərilən fövqəladə hadisələr, habelə qəza hallarının aradan qaldırılması istisna olmaqla, tikilmiş, yenidən qurulmuş və təmir edilmiş avtomobil yollarının örtüklərinin qazılmasına tikinti normalarında nəzərdə tutulmuş təmirlərarası müddətlərdə yol verilmir.

2.7. Avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) tərəfindən avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin aparılması mühəndisi kommunikasiyaların dəyişdirilməsinə, köçürülməsinə, yenidən qurulmasına və ya təmirinə zərurət yaratdıqda və həmin işlərin görülməsi mühəndisi kommunikasiyaların mülkiyyətçilərinin investisiya proqramına daxil edilmədikdə, bu işlər avtomobil yollarının mülkiyyətçilərinə (sahiblərinə) dövlət büdcəsindən və ya qanunvericiliyə zidd olmayan digər mənbələrdən ayrılan vəsait hesabına həyata keçirilməlidir.

2.8. Mühəndisi kommunikasiyalarda fövqəladə hadisələr, habelə qəza halları baş verdikdə,  təmir  işləri onları istismar edən qurumların vəsaiti hesabına həyata keçirilir. Bu tədbirlər həyata keçirildikdən sonra yeni mühəndisi kommunikasiyalar onun mülkiyyətçisinin balansına verilir.

2.9. Avtomobil yollarının mühəndisi kommunikasiyalarla kəsişməsi zamanı tikinti, yenidənqurma və təmir işləri aşağıdakılar təmin edilməklə aparılmalıdır:

2.9.1. şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə riayət olunması;

2.9.2. mühəndisi kommunikasiyaların normal işinin təmin olunması;

2.9.3. piyadaların və nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi. Bu mümkün olmadıqda, alternativ marşrutları təmin etmək şərtilə piyadaların və nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti olaraq, tam və ya qismən dayandırılması.

2.10. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin icrası zamanı aidiyyəti təşkilatlar tərəfindən verilmiş texniki şərtlər əsasında hazırlanan layihə-smeta sənədlərinə uyğun yağış kanalizasiya sistemlərinin inşası, təkmilləşdirilməsi, bərpası və ya yenidən qurulması nəzərdə tutulmalıdır.

 

3. Mühəndisi kommunikasiyaların dəyişdirilməsi, köçürülməsi, yenidən qurulması və ya təmiri işlərinin avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) ilə uzlaşdırılması

 

3.1. Mülkiyyətçilər tərəfindən dəyişdirmə, köçürmə, yenidənqurma və ya təmir işləri aparılacaq mühəndisi kommunikasiyaların siyahısı tərtib edilərək, növbəti təqvim ilinin başlanılmasına ən azı 2 (iki) ay qalmış yerli icra hakimiyyəti orqanlarına,  aidiyyəti avtomobil yollarının mülkiyyətçilərinə (sahiblərinə) təqdim edilir. Avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) həmin siyahılara daxilolma tarixindən etibarən 10 (on) gün müddətində baxır və rəylərini mühəndisi kommunikasiyaların mülkiyyətçilərinə bildirirlər.  

3.2. Fövqəladə hadisələr, habelə qəza hallarında mühəndisi kommunikasiyaların mülkiyyətçiləri tərəfindən bu barədə avtomobil yollarının mülkiyyətçilərinə (sahiblərinə), yerli icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə  faksla və ya elektron imza ilə təsdiq edilməklə, elektron poçt vasitəsilə məlumat (bildiriş) verilir və qəzanın aradan qaldırılması işlərinə başlanılır. Növbəti iş günü qəzanın aradan qaldırılması işlərinin yekunlaşdırıldığı və ya həmin işlərin tamamlanması üçün müddətin uzadılması avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) ilə razılaşdırılır.

3.3. Avtomobil yollarının altında yerləşən mövcud mühəndisi kommunikasiyaların dəyişdirilməsi, köçürülməsi, yenidən qurulması və ya təmiri aparıldıqda, avtomobil yollarının və ya yolun müəyyən hissələrinin əsaslı təmiri və ya yenidən qurulması tələb olunarsa, bu işlər mühəndisi kommunikasiyaların mülkiyyətçilərinə dövlət büdcəsindən və ya qanunvericiliyə zidd olmayan digər mənbələrdən ayrılan vəsait hesabına yerinə yetirilir.

3.4. Mühəndisi kommunikasiyaların “M” və “R” indeksli  respublika əhəmiyyətli  dövlət avtomobil yolları ilə kəsişməsi mütləq qapalı (xəndəksiz qazma) üsulla, düzbucaq altında, yol örtüyünün səthindən ən azı 2,0 metr dərinlikdə qoyulmuş mühafizə borusunun içərisindən keçirilməklə yerinə yetirilməlidir. Yeni yükqəbuledici körpü keçidinin tikilməsi  tələb olunan  hallar istisna olmaqla, mühafizə borusunun uzunluğu “M” və “R” indeksli avtomobil yollarında 60 metrdən (yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən hər tərəfə 30 metr), yerli əhəmiyyətli avtomobil yollarında 25 metrdən (yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən hər tərəfə 12,5 metr) az olmamalıdır.

3.5. Mühəndisi kommunikasiyaların avtomobil yolları ilə kəsişməsi zamanı görüləcək işlər aşağıdakılar təmin edilməklə aparılmalıdır:

3.5.1. qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə riayət olunması;

3.5.2. piyadaların və nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi. Bu mümkün olmadıqda, alternativ marşrutları təmin etmək şərtilə piyadaların və nəqliyyat vasitələrinin  hərəkətinin müvəqqəti olaraq tam və ya qismən dayandırılması;

3.5.3. atmosfer və qrunt sularının yığılmasının və torpaq yatağına keçməsinin qarşısını almaq məqsədi ilə müvafiq tədbirlərin (drenaj xəttinin çəkilməsi, işlər başa çatdırılana kimi müvəqqəti su nasosunun quraşdırılması, suötürücü boruların tikilməsi və s.) görülməsi.

 

_______________________

         №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında