Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 25

 Bakı şəhəri, 3 fevral 2017-ci il

“Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası”nın  təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkki-zinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Dövlət gerbi olan möhürdən istifadə etmək haqqında” Ümumazərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1935-ci il 20 fevral tarixli, “Möhür və ştamplar hazırlamaq və onlardan istifadə etmək haqqında” ASSR Xalq Komissarları Sovetinin 1935-ci il 6 noyabr tarixli, 1167 nömrəli, “Möhürlərin, çek kitabçalarının və rəsmi blankların dövlət və kooperativ təşkilatlarında və idarələrində saxlanması qaydası haqqında” Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1936-cı il 17 iyul tarixli 762 nömrəli və “Azərbaycan yazısının latın əlifbasından rus əlifbası qrafikasına keçməsi ilə əlaqədar olaraq, ştampların və möhürlərin dəyişdirilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1939-cu il 15 noyabr tarixli 5218 nömrəli qərarları  ləğv edilsin.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com  saytlarında tanış  ola bilərsiniz.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 3 fevral

tarixli 25 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Azərbaycan  Respublikası  Dövlət  gerbinin  təsviri olan möhürlərin  və  sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında  Əsasnamə”nin (bundan sonra – Əsasnamə) 7-ci maddəsinə əsasən hazırlanmışdır və Əsasnamənin 4-cü maddəsi ilə müəyyən olunmuş hallarda Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri ölçüsündən asılı olmayaraq, Əsasnamənin 2-ci maddəsində göstərilmiş və Əsasnaməyə əlavə olunmuş rəngli və ağ-qara təsvirə uyğun olmalıdır.

1.3. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi ilə bağlı sənədləşmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq işlərin nomenklaturuna daxil edilir.

1.4. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən elektron imza olduğu halda, dövlət orqanları tərəfindən həyata keçirilən yazışmalara bu Qayda  şamil edilmir.

 

2. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması

 

2.1. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin hazırlanması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) uyğun olaraq lisenziya verilmiş hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir.

2.2. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan sənəd blanklarının hazırlanması vergi ödəyicisi kimi uçota alınmış poliqrafiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir.

2.3. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması aşağıdakı sənədlər əlavə olunmaqla dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının, habelə dövlət orqanları tərəfindən yaradılan digər hüquqi şəxslərin (bundan sonra – təşkilatlar) sifarişi əsasında hazırlanır:

2.3.1. təşkilatların rəhbərlərinin imzası ilə təsdiq edilmiş möhürlərin və sənəd blanklarının eskizləri;

2.3.2. təşkilatların Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə etmək hüququnu təsdiqləyən qərarların, həmin təşkilatların əsasnamələrinin və ya nizamnamələrinin surətləri.

2.4. Əsasnamə ilə müəyyən olunmuş hallardan başqa, yalnız nizamnamələrinə və əsasnamələrinə görə Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ olan təşkilatların blanklarında Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə edilməsinə yol verilir.

 

3. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının istifadə olunması qaydası

 

3.1. Təşkilatlarda sənədlər blanklarda tərtib edilir.

3.2. Əsli təsdiq edilməli olan maliyyə sənədlərinə, arayışlara, vəsiqələrə, nizamnamələrə, əsasnamələrə, əmək kitabçalarına, sənədlərin məhv edilmək üçün ayrılması aktlarına, habelə hüquqi və inzibati aktlara imza qoyulmaqla yanaşı,  Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş möhür də vurulur.

3.3. Əgər sənəd təşkilatın blankında tərtib edilməmişdirsə, ona möhür vurulmalıdır. Möhür sənədin rəsmi və həqiqi olması üçün vurulur.

3.4. Möhür vəzifə adının və şəxsi imzanın üstünü tutmamalıdır. Bu mümkün olmadıqda isə möhür elə vurulmalıdır ki, vəzifə adı və şəxsi imza aydın tanınsın.

3.5. Blankların və möhürlərin istifadəsinə görə təşkilatların rəhbərlərinin əmrinə əsasən kargüzarlıq xidmətinin müvafiq vəzifəli şəxsləri məsuliyyət daşıyırlar.

 

4. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının saxlanılması

 

4.1. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürləri və sənəd blankları mütləq qaydada ayrıca kitabda uçota alınır və kargüzarlıq xidmətində saxlanılır. Təşkilatların rəhbərlərinin əmri ilə  Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının uçotuna, hazırlanmasına və saxlanılmasına məsul şəxslər təyin edilirlər.

4.2. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının uçotu kitablarının vərəqələri nömrələnir, tikilir, onların saxlanılmasına məsul olan şəxsin imzası ilə təsdiqlənir və möhürlənir.

4.3. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan sənəd blankları hər təqvim ilinin sonunadək təşkilatlarda saxlanılır.

4.4. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan hər bir blankın üzərində mətbəə üsulu ilə sıra nömrələri qoyulur. Nömrələr blankın digər rekvizitlərini onun üzərinə düşməsini istisna edən aşağı sağ və ya sol küncdə boş yerdə, yaxud blankın arxa tərəfində qoyulur.

4.5. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlər və sənəd blankları kənar şəxslərin girişi qadağan olan yerlərdə, xüsusi möhürlənən şkaflarda saxlanılır.

4.6. İldə bir dəfə Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan hər bir blankın saxlanılması, istifadə olunması və uçotunun aparılması yoxlanılır. Yoxlama təşkilatların rəhbərlərinin yaratdığı komissiya tərəfindən həyata keçirilir və bu barədə müvafiq kitabda qeyd edilir. Yoxlamanın nəticəsində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının saxlanılmasında hər-hansı pozuntu aşkarlansa, belə faktların araşdırılması məqsədi ilə xidməti yoxlama təyin edilir. Yoxlamanın nəticəsi müvafiq aktla rəsmiləşdirilir və təşkilatların rəhbərlərinin diqqətinə çatdırılır.

4.7. Təqsirli şəxslərə münasibətdə intizam tənbeh tədbirləri tətbiq olunur.

 

5. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının məhv edilməsi qaydası

 

5.1. Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan möhürlərin və yararsız vəziyyətə düşmüş, növbəti il üçün əhəmiyyətini itirən sənəd blanklarının məhv edilməsi təşkilatda yaradılan komissiya tərəfindən tərtib edilmiş akt əsasında bilavasitə təşkilatın özündə həyata keçirilir.

5.2. Möhürlərin və blankların məhv edilməsi barədə komissiya tərəfindən tərtib edilmiş akt onun bütün üzvləri tərəfindən imzalanır və təşkilat rəhbərinin əmri ilə təsdiqlənir. Akt təşkilatın iş nomenklaturuna uyğun qovluğa tikilir, səhifələri nömrələnir və müvafiq qeydiyyat kitabına daxil edilməklə, təşkilatda daimi saxlanılır.

 

____________________

 

 

          №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında