Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 524

Bakı şəhəri, 26 dekabr 2016-cı il

 

“Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi barədə

 

“Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının  2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar  tarixli 727 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 
QƏRARA  ALIR:

“Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin uçotunun aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri 

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com  saytlarında tanış  ola bilərsiniz.

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı il 26 dekabr

tarixli 524 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram

göstərilən şəxslərin uçotunun aparılması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 350-ci maddəsinin birinci cümləsinə əsasən hazırlanmışdır və dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin uçotunun aparılmasını müəyyən edir.

1.2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin uçotu onların hərbi xidmət keçdiyi dövlət orqanlarının və hərbi hissələrin qərargahlarında, ehtiyatda və ya istefada olanlar sırasından hərbi ehtiram göstərilən digər şəxslərin uçotu isə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində aparılır.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. qaytarılmaz itkilər (qaytarılmaz döyüş itkiləri və qaytarılmaz qeyri-döyüş itkiləri) – hərbi xidmət dövründə həlak olmuş, fövqəladə hadisə zamanı vəfat etmiş, məhkəmə qaydasında itkin düşmüş və ya ölmüş elan olunmuş və əsir düşmüş, habelə aldığı xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində stasionar müalicə müddətində vəfat etmiş hərbi qulluqçular (toplanışa çağırılmış hərbi vəzifəlilər);

2.1.2. qaytarılmaz döyüş itkiləri - döyüş şəraitində döyüş tapşırığının və ya döyüş fəaliyyətlərinin hərtərəfli təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, itkin və əsir düşmüş, habelə aldığı xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində stasionar müalicə müddətində vəfat etmiş şəxslər;

2.1.3. qaytarılmaz qeyri-döyüş itkiləri - xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan bədbəxt hadisə zamanı həlak olmuş və ya müalicə müəssisələrində xəstəlikdən vəfat etmiş şəxslər;

2.1.4. daimi heyət – hərbi hissənin (müəssisə, idarə və təşkilatın) komandanlığı və təşkilati-ştat əmri ilə təsdiq edilmiş vəzifələrdə həqiqi hərbi xidmət keçən hərbi qulluqçular;

2.1.5. dəyişən heyət – hərbi hissədə (müəssisədə və təşkilatda) müddətli həqiqi hərbi xidmət keçən, həmçinin müvəqqəti olaraq hərbi hissə komandirinin (müəssisə, idarə və təşkilat rəisinin) sərəncamına verilən (ezam edilən, müalicə müəssisələrində müalicə olunan) hərbi qulluqçular.

 

3. Hərbi ehtiram göstərilən şəxslərin uçotunun aparılması

 

3.1. Müharibə və dinc dövrlərdə hərbi qulluqçuların (toplanışa çağırılmış hərbi vəzifəlilərin) hərbi xidmət keçdiyi dövlət orqanlarının, hərbi hissələrin (müəssisə, idarə və təşkilatların) qərargahlarında hərbi qulluqçuların qaytarılmaz döyüş və qeyri-döyüş itkilərinin fərdi uçotu “Qaytarılmaz itkilərin adlı siyahısı” (1 nömrəli əlavə) üzrə aparılır.

3.2. Hərbi hissələrdə (müəssisə, idarə və təşkilatlarda) “Qaytarılmaz itkilərin adlı siyahısı” nizami hissə üzrə əmrlər əsasında, vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların (toplanışa çağırılmış hərbi vəzifəlilərin) hər birini döyüş və qeyri-döyüş itkilərinə ayırmaqla, üç nüsxədə tərtib olunur. Adlı siyahı qaytarılmaz itkilərin say uçotu barədə məlumatlar üzrə yoxlanılır və müəyyən olunmuş qaydada iki nüsxədə komanda üzrə yuxarı qərargaha göndərilir. Adlı siyahının üçüncü nüsxəsi hərbi hissənin (müəssisə, idarə və təşkilatın) qaytarılmaz itkilərinin uçotu üçün nəzərdə tutulan işə tikilir.

3.3. Zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları heyətindən olan qaytarılmaz itkilərin fərdi uçotu, həmçinin şəxsi heyət üzrə əmrə əsasən aparılır.

3.4. Hərbi qulluqçuların (toplanışa çağırılmış hərbi vəzifəlilərin) hərbi xidmət keçdiyi dövlət orqanları, hərbi hissələr (müəssisə, idarə və təşkilatlar)  qaytarılmaz itkilər barədə dərhal vəfat edənlərin (həlak olanların), itkin və əsir düşmüşlərin ailə üzvlərinin (yaxın qohumlarının) yaşadığı yer üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə bildiriş (2 nömrəli əlavə) göndərir.

3.5. “Qaytarılmaz itkilərin adlı siyahısı”na daxil edilmiş itkin düşmüş və əsirlikdə olan hərbi qulluqçunun (toplanışa çağırılmış hərbi vəzifəlinin) sağ olması məlum olduqda (aşkar edildikdə) və ya onun müalicə müəssisələrində müalicədə olduğu aydınlaşdıqda, həmin gün hərbi hissə komandirinin (müəssisə, idarə və təşkilat rəislərinin) nizami hissə üzrə əmrində bu barədə müvafiq qeydlər aparılır və dərhal yuxarı qərargaha, həmçinin bildirişin göndərildiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə məlumat verilir.

3.6. Hərbi qulluqçuların (toplanışa çağırılmış hərbi vəzifəlilərin) hərbi xidmət keçdiyi dövlət orqanlarının və onun struktur bölmələrinin (müəssisənin, idarənin, təşkilatların və hərbi hissələrin) əsgər, çavuş heyətindən olan qaytarılmaz itkilərinin fərdi uçotu şəxsi heyətin uçotu bölməsində, zabit, gizir və miçmanlar heyətindən olan qaytarılmaz itkilərinin fərdi uçotu isə kadrlar bölməsində aparılır.

3.7. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qərar-gahlarında qaytarılmaz itkilərinin fərdi uçotu bu Qaydanın 3.2-ci bəndinə uyğun olaraq aparılır və bunun üçün nəzərdə tutulmuş işə tikilir.

3.8. Hərbi müalicə müəssisələrində (hospitallarda, əlahiddə tibb taborlarında, həmçinin müharibə dövründə əlavə olaraq yaradılan səyyar müalicə-təxliyə müəssisələrində) qaytarılmaz itkilərin uçotu adlı siyahı üzrə aparılır. Bu zaman dəyişən heyət sırasından olanların uçotu müəssisənin tibb hissəsində, daimi heyət sırasından olanların uçotu isə hərbi hissələrin (müəssisə, idarə və təşkilatın) qərargahı üçün müəyyən edilmiş qaydada müalicə müəssisəsinin inzibati-təsərrüfat hissəsində aparılır. Ştata  görə tibb hissəsi və ya inzibati-təsərrüfat hissəsi nəzərdə tutulmayan hallarda qaytarılmaz itkilərin uçotu müalicə müəssisəsinin rəisi tərəfindən təyin olunmuş şəxsə həvalə edilir.

3.9. Müalicə müəssisəsində vəfat etmiş hərbi qulluqçular (toplanışa çağırılmış hərbi vəzifəlilər) həmin gün müəssisə rəisinin nizami hissə üzrə əmri ilə müəssisənin dəyişən heyətinin siyahısından çıxarılır. Həmin əmr əsasında “Qaytarılmaz itkilərin adlı siyahısı” tərtib olunur və vəfat edənlərin ailə üzvlərinin (yaxın qohumlarının) yaşadığı yer üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun bildiriş göndərilir.

3.10. Qaytarılmaz itkilərin ümumi uçotu zabit, gizirlər və miçmanlar üçün Azərbaycan Respublikası Silahli Qüvvələrinin idarəetmə orqanlarının, Azərbaycan Respublikası Müdafiə Nazirli-yinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin kadrlar idarəsində, əsgər, matros, çavuşlar üçün isə təşkilat-səfərbərlik (komplektləşdirmə) idarəsində, şöbə və bölməsində vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların uçot kartları üzrə aparılır.

 

4. Yekun müddəalar

 

4.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri üzrə dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin ümumi uçotu, həmçinin hərbi qulluqçuların (toplanışa çağırılmış hərbi vəzifəlilərin) hərbi xidmət keçdiyi dövlət orqanlarından və hərbi hissələrdən daxil olmuş bildirişlər əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində aparılır.

4.2. Ehtiyatda və istefada olanlar sırasından hərbi ehtiram göstərilən şəxslərin uçotu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş qaydada aparılır.

 

__________________

 

 

“Dəfn mərasiminin təşkili və keçirilməsi

zamanı hərbi ehtiram göstərilən şəxslərin

uçotunun aparılması Qaydası”na

2 nömrəli əlavə

 

Hərbi hissənin ştampı

 

AR SHXÇDX-nin_______________rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) rəisinə

 ____________ şəhəri

 

B İ L D İ R İ Ş

 

Xahiş edirəm___________________________________________

                         (ailəsinin və ya qohumlarının dəqiq ünvanı)

 

______________________________ünvanında yaşayan vətəndaş

 

______________________________________________________

 

bildirəsiniz ki, onun ______________________________________

(qohumluğu)

______________________________________________________

(vəzifəsi, hərbi rütbəsi, soyadı, adı, atasının adı, doğulduğu il)

______________________________________________________

______________________________________________________

(hadisənin qısa təfərrüatı)

 

M.Y.

Hərbi hissənin komandiri

(müalicə müəssisəsinin rəisi) _______________________

                                                                 (hərbi rütbəsi, imzası, adı və soyadı)

 

Qərargah rəisi

(tibb hissəsinin rəisi) ______________________________

                                                               (hərbi rütbəsi, imzası, adı və soyadı)

 

______ №-li BİLDİRİŞİN KÖTÜYÜ

 

______________________________________________________

(həlak olmuş, vəfat etmiş, itkin düşmüş, əsir götürülmüş)

_________________________________________haqqında bildiriş

(hərbi rütbəsi, soyadı, adı və atasının adı)

20__ il “___”_________ tarixində SHXÇDX-nin ___________rayon (şəhər) idarəsinə (şöbəsinə, bölməsinə) göndərilmişdir.

 

_________________________________________________

(vəzifəsi, hərbi rütbəsi, imzası)

______________________________________________________

(kəsmə xətti)

 

____________

          №-li nüsxə

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında