Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 276

Bakı şəhəri, 25 iyun 2018-ci il

“Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 …………nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2016, № 10, maddə 1719) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası” üzrə:

1.1. 2.1-ci bəndə “ərizə ilə” sözlərindən sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq, birbaşa və ya “bir pəncərə” prinsipi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi vasitəsilə” sözləri əlavə edilsin;

1.2. 2.2.5-ci və 2.2.6-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.2.5. faktiki ixrac olunan qeyri-neft məhsullarına görə ödənilən vəsaitin malın idxal olunduğu xarici dövlətdəki idxalatçısı tərəfindən ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına xarici valyutada köçürülməsini təsdiq edən müvəkkil bank və ya kredit təşkilatının məktubu (məktubda vəsaitin köçürülmə və mədaxil tarixi, vəsaiti ödəyən və vəsait ödənilən hüquqi və ya fiziki şəxsin adı, vəsaitin məbləği, vəsaitin aid olduğu müqavilə, gömrük bəyannaməsi və invoys, müvəkkil bank və ya kredit təşkilatının səlahiyyətli şəxsinin adı və soyadı göstərilir və məktub həmin səlahiyyətli şəxsin imzası və müvəkkil bank və ya kredit təşkilatının möhürü ilə təsdiq olunur);

2.2.6. üzərində Azərbaycan Respublikasının gömrük orqanının ixrac olunan malın gömrük ərazisindən çıxarılması və təyinat ölkəsi də daxil olmaqla, xarici ölkələrin gömrük orqanının malın həmin ölkənin gömrük ərazisinə daxil olması ilə bağlı qeydləri olan növündən asılı olaraq nəqliyyat sənədinin surəti.”;

1.3. 2.3-cü və 2.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizənin qeydiyyata alındığı tarixdən 2 (iki) iş günü müddətində ərizə və ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizə və ona əlavə edilmiş sənədlər həmin bəndlərin tələblərinə cavab vermədikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizə və ona əlavə olunmuş sənədlərdəki çatışmazlıqların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir.

2.4. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman ixrac təşviqinin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət ixrac təşviqinin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.”;

1.4. aşağıdakı məzmunda 2.4-1-ci, 2.4-2-ci, 2.4-3-cü və 2.4-4-cü bəndlər əlavə edilsin:

“2.4-1. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizəni baxılmamış saxlayır və bu barədə məlumatı 2 (iki) iş günü ərzində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

2.4-2. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra ixrac təşviqinin alınması üçün yenidən ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edə bilər.

2.4-3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında bu Qaydaya uyğun olaraq ixrac təşviqinin verilməsindən imtina üçün əsaslar olmadıqda, ərizənin qeydiyyata alındığı tarixdən 10 (on) iş günündən gec olmayaraq 2 (iki) nüsxədə ixrac təşviqinin ödənilməsi haqqında bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada “MƏKTUB-SƏRƏNCAM” tərtib edilir və bir nüsxəsi ixracatçıya, digər nüsxəsi isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur.

2.4-4. İxrac təşviqinin verilməsindən imtina bu Qaydada nəzərdə tutulmuş imtina hallarına istinad edilməklə, əsaslandırılmalıdır. Ərizəçi ixrac təşviqinin verilməsindən imtinadan inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.”;

1.5. 2.5.2-ci yarımbənddə “bu Qaydanın 2.2-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə və təqdim olunmuş sənədlərdə” sözləri “Ərizədə və ona əlavə olunmuş sənədlərdə” sözləri ilə əvəz edilsin;

1.6. aşağıdakı məzmunda 2.9-1-ci, 2.9-2-ci və 2.9-3-cü bəndlər əlavə edilsin:

“2.9-1. Faktiki ixrac olunan qeyri-neft məhsullarına görə ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülən vəsait həmin məhsullar üzrə ixrac gömrük bəyannaməsində göstərilən gömrük dəyərindən çox olduqda, bu məhsulların ixracına görə ixrac təşviqinin baza məbləği ixrac gömrük bəyannaməsində göstərilən gömrük dəyərinin 3 (üç) faizini təşkil edir.

2.9-2. Müraciətə əlavə olunmuş iki və daha çox gömrük bəyannaməsi əsasında ixrac olunan qeyri-neft məhsullarına görə ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülən vəsait müvafiq gömrük bəyannamələrində göstərilən gömrük dəyərinin cəmindən az olduqda, belə bəyannamələr üzrə ixrac təşviqi daxil olan vəsaitin bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan sənədlər əsasında həmin gömrük bəyannamələri üzrə bölgüsünü konkretləşdirməklə hesablanır. Bu zaman bəyannamələr və ya onların bəziləri üzrə vəsaitin bölgüsünü konkretləşdirmək mümkün olmadıqda, həmin bəyannamələr üzrə ixrac təşviqi bu bəyannamələr sırasından daha əvvəlki tarixli gömrük bəyannaməsindən başlayaraq ardıcıllıq əsasında və daxil olan vəsaitin bəyannamələr üzrə bölgüsü konkretləşdirilməyən hissəsi çərçivəsində hesablanır və ödənilir.

2.9-3. Müraciətə əlavə olunmuş gömrük bəyannaməsi əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixrac təşviqi şamil olunan qeyri-neft məhsullarının XİFMN üzrə siyahısında nəzərdə tutulmuş məhsul (məhsullar) ilə yanaşı adıçəkilən siyahıda nəzərdə tutulmamış məhsul (məhsullar) da ixrac edildikdə və bu zaman gömrük bəyannaməsində nəzərdə tutulan məhsullara görə ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülən vəsait bu məhsullar üzrə ixrac gömrük bəyannaməsində göstərilən ümumi gömrük dəyərindən az olduqda, belə bəyannamə üzrə ixrac təşviqinin baza məbləği aşağıdakı düstur əsasında hesablanmış məbləğin 3 (üç) faizini təşkil edir:

M = (V / D0) x D1

Burada:

M – hesablanmış məbləğ;

V - ixrac olunan qeyri-neft məhsullarına görə ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülən vəsait;

D0 – ixrac olunmuş məhsulların gömrük bəyannaməsində göstərilən ümumi gömrük dəyəri;

D1 – həmin bəyannamə əsasında ixrac olunmuş yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixrac təşviqi şamil olunan qeyri-neft məhsullarının XİFMN üzrə siyahısında nəzərdə tutulmuş məhsulun (məhsulların) gömrük dəyəri.”;

1.7. 3.1.14-cü yarımbənddən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”;

1.8. Qaydaya 1 nömrəli əlavə üzrə:

1.8.1. _____________________ manat məbləğində” sözləri çıxarılsın;             (rəqəmlə və yazı ilə)                                                          

1.8.2. cədvəldə “İxrac təşviqinin məbləği (manatla)” sözləri “Məhsullara dair mənşə sertifikatının (sertifikatlarının) nömrəsi (nömrələri)” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı” üzrə:

2.1. “0409 00 000 0” mal alt yarımmövqeyinə aid sətirdən əvvəl aşağıdakı məzmunda sətir əlavə edilsin:

 

0407

Quş yumurtası

 

 

2.2. “0409 00 000 0” mal alt yarımmövqeyinə aid sətirdən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

 

0802 22

Qabığı təmizlənmiş meşə fındığı

 

 

2.3. “0810 90 750 1” mal alt yarımmövqeyinə aid sətirdən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

 

1509 90

Digər zeytun yağı və onun fraksiyaları

 

 

2.4. “2205” mal mövqeyinə aid sətirdən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

 

2206

Üzüm şərabları istisna olmaqla, digər meyvə çaxırları, o cümlədən nar çaxırı

 

  

2.5. cədvəlin sonuna aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

3. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar” üzrə:

3.1. “0409 00 000 0” mal alt yarımmövqeyinə aid sətirdən əvvəl aşağıdakı məzmunda sətir əlavə edilsin:

 

0407

Quş yumurtası

1,5

 

 

3.2. “0409 00 000 0” mal alt yarımmövqeyinə aid sətirdən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

 

0802 22

Qabığı təmizlənmiş meşə fındığı

1,0

 

 

3.3. “0810 90 7501” mal alt yarımmövqeyinə aid sətirdən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

 

1509 90

Digər zeytun yağı və onun fraksiyaları

1,5

 

 

3.4. “2205” mal mövqeyinə aid sətirdən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

 

2206

Üzüm şərabları istisna olmaqla, digər meyvə çaxırları, o cümlədən nar çaxırı

2,0

 

 

3.5. cədvəlin sonuna aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

Qeyd. Bu Əmsallarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

 

Azərbaycan Respublikasının

                       Baş naziri Novruz Məmmədov


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında