Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 252     Bakı şəhəri, 6 iyun 2018-ci il
 
“Azərbaycan Respublikasının Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyasının Əsasnaməsi”nin təsdiq edilməsi barədə
 
“Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası ­Preziden-tinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan ­Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikasının Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyasının Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 iyun tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyasının

ƏSASNAMƏSİ

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanının (bundan sonra - Fərman) 5.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyasının (bundan sonra - Komissiya) fəaliyyətini tənzimləyir.

1.2. Komissiya Azərbaycan Respublikasının hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədi ilə dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirən kollegial orqandır.

1.3. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, habelə bu Əsasnaməni rəhbər tutur.

1.4. Komissiya Azərbaycan Respublikasının hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqində Fərmanın 1.1-1.8-ci bəndlərində göstərilmiş beynəlxalq prinsipləri əsas götürür.

1.5. Komissiya bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları ilə və digər təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.

2. Komissiyanın vəzifələri

2.1. Komissiyanın həyata keçirdiyi əsas vəzifələr aşağıdakılardır:

2.1.1. Azərbaycan Respublikasının hasilat sənayesində şəffaflığın (bundan sonra - HSŞ) təmin edilməsi məqsədi ilə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək;

2.1.2. bu Əsasnamənin 1.4-cü bəndində istinad olunan beynəlxalq prinsiplərə Azərbaycan Respublikasında riayət olunmasına nəzarət etmək;

2.1.3. HSŞ sahəsində dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək;

2.1.4. Azərbaycan Respublikasında təbii ehtiyatların istismarı ilə əlaqədar dövlətin bütün daxilolmaları və Azərbaycan Respublikasının hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlətə ödənişləri barədə hesabatların hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq standartlara uyğun təqdim olunması formasını və müddətlərini müəyyən etmək;

2.1.5. HSŞ-nin tətbiqində dövlət orqanları, hasilat sənayesində fəaliyyət göstərən şirkətlər, beynəlxalq təşkilatlar, maliyyə qurumları, investorlar və qeyri-hökumət təşkilatları da daxil olmaqla, bütün maraqlı tərəflərin iştirakını təmin etmək;

2.1.6. ölkənin maliyyə şəffaflıq standartlarının şamil edildiyi hasilat sənayesində fəaliyyət göstərən bütün şirkətləri müəyyən etmək və onların HSŞ hesabatlılığında iştirakını təmin etmək;

2.1.7. hesabatların toplanılması və yoxlanılması üçün müstəqil, ixtisaslaşmış audit şirkətinin seçilməsini təmin etmək;

2.1.8. Komissiyanın ümumiləşdirilmiş hesabatının formasını müəyyən etmək, toplanılmış məlumatlar əsasında həmin hesabatı tərtib etmək və mütəmadi şəkildə ictimaiyyətə açıqlanmasını həyata keçirmək;

2.1.9. hesabatlılığın təşkil olunmasının bütün mərhələlərində qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlər ilə əməkdaşlıq etmək;

2.1.10. Azərbaycan Respublikasında hasilat sənayesində şəffaflıq və hesabatlılığın təmin edilməsi məqsədi ilə ictimai maarifləndirmənin həyata keçirilməsi üçün müvafiq tədbirlər görmək;

2.1.11. ən azı rübdə bir dəfə bütün maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyətinin, hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin və ekspertlərin iştirakı ilə məşvərət xarakterli görüşlər keçirmək.

3. Komissiyanın hüquqları

3.1. Komissiya öz vəzifələrini yerinə yetirmək məqsədi ilə aşağıdakı əsas hüquqlara malikdir:

3.1.1. HSŞ məsələləri üzrə qərarların, tapşırıqların və tövsiyələrin hazırlanmasında dövlət orqanları ilə əməkdaşlıq etmək;

3.1.2. hesabatlılığın təmin edilməsi məqsədi ilə aidiyyəti dövlət orqanlarından və şirkətlərindən, həmçinin Azərbaycan Respublikasının hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərdən təbii ehtiyatların istismarı ilə əlaqədar hesabatları və digər zəruri məlumatları istəmək və almaq;

3.1.3. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə HSŞ-nin tətbiqi ilə bağlı zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.1.4. HSŞ məsələlərinin həlli ilə bağlı aidiyyəti dövlət orqanları qarşısında vəsatət qaldırmaq;

3.1.5. Komissiyanın illik fəaliyyət planını tərtib və təsdiq etmək;

3.1.6. konkret məsələlərin həlli üçün, lazım olduğu təqdirdə, işçi qruplarını yaratmaq;

3.1.7. Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları və şirkətlərini, Azərbaycan Respublikasının hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətləri, qeyri-hökumət təşkilatlarını, müstəqil ekspertləri və mütəxəssisləri, habelə digər şəxsləri öz fəaliyyətinə cəlb etmək;

3.1.8. maraqlı tərəflərin iştirakı ilə HSŞ-nin tətbiqi və bu sahədə işlərin əlaqələndirilməsi məsələlərinə həsr edilmiş sessiya, konfrans, seminar, təlim, dəyirmi masa və digər kütləvi-mədəni tədbirlər təşkil etmək;

3.1.9. ictimaiyyətin Komissiyanın fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədi ilə Komissiyanın internet səhifəsini yaratmaq və mütəmadi yeniləmək;

3.1.10. şəffaflığın və hesabatlılığın təmin edilməsi və səmərəliliyin artırılması üçün beynəlxalq təşkilatlarla və xarici ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, xarici dövlətlərlə təcrübə mübadiləsi aparmaq;

3.1.11. HSŞ-nin təmin edilməsinə dair normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.

4. Komissiyanın fəaliyyətinin təşkili

4.1. Komissiya ictimai əsaslarla fəaliyyət göstərir.

4.2. Komissiyanın tərkibini Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.

4.3. Komissiyanın fəaliyyətinə rəhbərliyi Komissiyanın sədri həyata keçirir.

4.4. Komissiyanın fəaliyyətinin təşkili və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar Komissiyanın sədri aşağıdakıları həyata keçirir:

4.4.1. Komissiyanın iclaslarının gündəliyinə çıxarılan məsələləri müəyyənləşdirir;

4.4.2. Komissiyanın iclaslarında sədrlik edir;

4.4.3. Komissiyanın qərarlarını imzalayır;

4.4.4. Komissiyanı təmsil edir;

4.4.5. Komissiyanın qərarlarının icrası ilə əlaqədar müvafiq orqan və təşkilatlara müraciət edir;

4.4.6. Komissiyanın Katibliyinin fəaliyyətinə rəhbərlik edir.

4.5. Komissiya üzvləri aşağıdakı hüquqlara malikdir:

4.5.1. iclasda səs vermək hüququ ilə iştirak etmək;

  4.5.2. iclasın keçirilməsi və iclasda baxılan məsələlər barədə əvvəlcədən məlumatlandırılmaq;

4.5.3. iclasın gündəliyinə çıxarılan məsələlərlə tanış olmaq;

  4.5.4. lazımi arayış və məlumatlar əldə etmək;

4.5.5. sənədlərin layihələri ilə tanış olmaq, onlara dair rəy və təkliflər bildirmək;

4.5.6. iclasda məruzə və çıxışlar etmək, müzakirələrdə iştirak etmək.

4.6. Komissiyanın üzvləri aşağıdakılara riayət etməlidirlər:

4.6.1. üzrlü səbəblər istisna olmaqla, Komissiyanın bütün iclaslarında iştirak etmək;

4.6.2. Komissiyada Komissiya sədrinin iş bölgüsü əsasında fəaliyyət göstərmək;

4.6.3. bu Əsasnamənin müddəalarına əməl etmək.

4.7. Komissiyanın cari fəaliyyətinin təşkili, işinin əlaqələndirilməsi, qərarlarının icrasına nəzarət və Komissiyanın iclasları arasındakı dövrdə HSŞ-nin tətbiqi üzrə bütün fəaliyyətin idarə edilməsi Komissiyanın Katibliyi funksiyası həvalə olunmuş Azərbaycan Respublikası Dövlət  Neft Fondunun müvafiq struktur bölməsi vasitəsilə həyata keçirilir.

4.8. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qərarlar onun iclaslarında qəbul edilir. Komissiyanın qərarları sədr də daxil olmaqla, iclasda iştirak edən üzvlərin üçdə iki səs çoxluğu ilə qəbul edilir.

4.9. Komissiyanın iclasları təsdiq edilmiş illik fəaliyyət planı əsasında, ildə iki dəfədən az olmayaraq keçirilir. Əlavə iclaslar Komissiyanın sədri və yaxud üzvlərinin üçdə birinin tələbi ilə çağırıla bilər.

4.10. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən iclasın keçirilməsinə ən azı 3 (üç) gün qalmış Komissiyanın üzvlərinə bildirişin göndərilməsi yolu ilə çağırılır.

  4.11. Komissiyanın iclasları, sədr də daxil olmaqla, onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir.

4.12. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə, bir qayda olaraq, Komissiyanın Katibliyi məruzə edir. Komissiyanın sədri Komissiyanın üzvləri arasından məruzəçi təyin edə bilər. Məruzəçi zəruri sənəd və materialları toplayır, məsələyə hərtərəfli, tam və obyektiv baxılması üçün lazımi tədbirləri görür, məsələ üzrə məruzə hazırlayır.

  4.13. Səsvermədə hər bir Komissiya üzvü bir səsə malik olmaqla, şəxsən və açıq səs verir.

4.14. Komissiyanın üzvü ona birbaşa və şəxsən maraqlı olan və ya onun qərəzsizliyinə olan etimada xələl gətirə biləcək hər hansı hallar olduqda, o, həmin məsələ ilə bağlı səsvermədə iştirak edə bilməz. Belə hallar olduqda, Komissiyanın üzvü Komissiyaya öz maraqlarını dərhal bildirməlidir.

4.15. Komissiyanın üzvü Komissiyanın iclasında şəxsən iştirak edə bilmədikdə, iclasa telekonfrans vasitəsilə qoşula və ya müzakirə edilən məsələlər barədə fikrini yazılı surətdə təqdim edə bilər.

  4.16. Komissiyanın iclasları və iclaslarda qəbul edilən qərarlar Komissiyanın sədrinin imzaladığı protokolla rəsmiləşdirilir. Komissiyanın hər hansı bir üzvü qəbul edilən qərarla razı olmadıqda, onun xüsusi rəyi iclasın protokoluna əlavə edilir.

4.17. Komissiyanın iclaslarına müşahidəçi kimi iştirak etməyə dövlət orqanlarının və qurumlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının, HSŞ-nin tətbiqində maraqlı tərəflərin, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər də dəvət edilə bilərlər.

4.18. Aşağıdakı hallarda Komissiyanın iclası təxirə salına və ya başlanılmış iclas başqa vaxta keçirilə bilər:

4.18.1. Komissiyanın üzvlərinin sayında yetərsay olmadıqda;

4.18.2. məsələnin hərtərəfli, tam və obyektiv baxılmasına maraqlı subyektin, ekspertin və ya şəxslərin iştirakını təmin etmək mümkün olmadıqda;

4.18.3. iclasda baxılan məsələlərin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədə biləcək digər hallar olduqda.

Qeyd. Bu Əsasnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6.1-ci bəndinə uyğun edilə bilər.
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında