№ 192
Bakı şəhəri, 1 may 2018-ci il
“Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsulları”nın təsdiq edilməsi barədə
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsulları” təsdiq edilsin (əlavə olunur).
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 1 may
tarixli 192 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün
ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin
əsas istiqamətləri və üsulları
1. Ümumi müddəa
1.1. Bu Sənəd “Tütün məmulatlarının istifadəsinin məhdud-laşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətlərini və üsullarını müəyyən edir.
2. Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri
2.1. Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri aşağıdakılardır:
2.1.1. tütündən istifadənin insan sağlamlığına zərərli təsiri barədə təbliğat aparılması;
2.1.2. əhali arasında tütündən istifadəyə neqativ münasibətin formalaşdırılması;
2.1.3. sağlam həyat tərzi sürməyin üstünlüklərinin əhali arasında təbliği, belə seçim edən şəxslərin sayının artırılması, onların həvəsləndirilməsi və bu seçimin digər insanlara nümunə olaraq göstərilməsi;
2.1.4. sağlam həyat tərzinə, ziyanlı vərdişlərdən asılılığın profilaktikasına yönəldilmiş məlumatlandırıcı-maarifləndirici və təbliğat tədbirlərinin tədrisi;
2.1.5. tütündən istifadənin nəticələrindən qorunma ilə bağlı tibbi xarakterli və digər biliklərin əhali arasında yayılması;
2.1.6. tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın müalicəsinə marağın artırılması.
3. Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin üsulları
3.1. Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin aşağıdakı üsulları müəyyən edilir:
3.1.1. tütün məmulatlarının zərərli təsiri ilə bağlı mövzuların tədris proqramlarına daxil edilməsi;
3.1.2. tütündən istifadənin dayandırılması, tütündən istifadəyə mənfi münasibətin formalaşdırılması məqsədi ilə əhali üçün nəzərdə tutulmuş müvafiq konsultativ (məsləhət) xidmətin təşkili və “Qaynar xətt”in yaradılması;
3.1.3. kütləvi informasiya vasitələrində, o cümlədən internet informasiya ehtiyatında tütündən istifadənin zərəri ilə bağlı təbliğat xarakterli məlumatların yayılması;
3.1.4. tütün əleyhinə sosial reklamların yayımlanması;
3.1.5. mobil rabitə abonentlərinə məlumatlandırıcı xəbərdarlıq mesajlarının göndərilməsi;
3.1.6. tütün əleyhinə təbliğat xarakterli və maarifləndirici kütləvi aksiya və tədbirlərin (xüsusilə, 31 may - Ümumdünya Tütünlə mübarizə günü) keçirilməsi;
3.1.7. tütün məmulatlarının qutuları üzərində tütündən istifadədən çəkindirici xəbərdarlıqların yerləşdirilməsi.
_____________________
№-li nüsxə
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.