AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 418

“Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Bakı şəhəri, 24 oktyabr 2016-cı il

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, №4, maddə 791) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və ikinci abzasda “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki” sözləri “Dövlət və bələdiyyə tərəfindən yaradılan” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi” üzrə:

2.1. adında “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki” sözləri “Dövlət və bələdiyyə tərəfindən yaradılan” sözləri ilə əvəz edilsin;

2.2. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.1. Bu Nümunəvi Nizamnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə, 46-cı maddəsinin altıncı hissəsinə və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələrinin fəaliyyətini tənzimləmək üçün onların nizamnamələrinin hazırlanması və dövlət qeydiyyatından keçirilməsi məqsədi ilə hazırlanmışdır.”;

2.3. 1.2-ci bənddə “Dövlət tibb müəssisəsi” sözləri “Dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri” sözləri ilə əvəz edilsin, həmin bəndə “Məcəlləsini,” sözündən sonra “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu,” sözləri əlavə edilsin;

2.4. aşağıdakı məzmunda 1.2-1-ci, 1.2-2-ci və 1.2-3-cü bəndlər əlavə edilsin:

“1.2-1. Bu Nümunəvi Nizamnamə müəssisə üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur.

1.2-2. Müəssisə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra publik hüquqi şəxs statusunu əldə edir.

1.2-3. Müəssisə dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla, mülki vəzifələr daşıyır və onun hüquq qabiliyyətinə isə onun ləğvinin başa çatdığı an xitam verilir.”;

2.5. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. Müəssisə publik hüquqi şəxsdir və müstəqil balansa, istifadəsində olan, müvafiq olaraq, dövlət və ya bələdiyyə əmlakına, xəzinə və bank hesablarına, üzərində öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara ­malikdir.”;

2.6. 1.4-cü bənddə “Azərbaycan Respublikasının dövlət büdcəsi (Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət müəssisələrinə münasibətdə Naxçıvan Muxtar Respublikasının büdcəsi)” sözləri “, müvafiq olaraq, Azərbaycan Respublikasının dövlət büdcəsi və ya yerli büdcə (Naxçıvan Muxtar Respublikasında yerləşən müəssisəyə münasibətdə, müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının büdcəsi və ya yerli büdcə)” sözləri ilə əvəz edilsin;

2.7. aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:

“1.5. Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlət adından yaradılan müəssisənin nizamnaməsini və ona edilən dəyişiklikləri tabe olduğu orqanın təklifi əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi təsdiq edir. Bələdiyyə adından yaradılan müəssisənin nizamnaməsini və onda edilən dəyişiklikləri aidiyyəti bələdiyyə təsdiq edir.”;

2.8. aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilsin:

“1.6. Müəssisə öz fəaliyyəti barədə ictimaiyyəti “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məlumatlandırır.”;

2.9. aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:

“1.7. Müəssisə ____ ünvanda yerləşir.”;

2.10. 2-ci hissənin adında “fəaliyyət istiqaməti” sözləri “fəaliyyətinin məqsədi və istiqamətləri” sözləri ilə əvəz edilsin;

2.11. 2.1-ci bənd 2.2-ci bənd hesab edilsin və aşağıdakı məzmunda 2.1-ci bənd əlavə edilsin:

“2.1. Müəssisənin fəaliyyətinin əsas məqsədi xidmət göstərdiyi əhalinin sağlamlığının qorunması və bu sahədə hüquqlarının təmin edilməsindən ibarətdir.”;

2.12. 3.1.1-ci yarımbəndə “pulsuz” sözündən əvvəl “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda” sözləri əlavə edilsin;

2.13. 3.1.8-ci yarımbəndə “təmin etmək” sözlərindən sonra “(bələdiyyə adından yaradılan müəssisə isə bu cür hallarda onları aidiyyəti üzrə - göndərmək)” sözləri əlavə edilsin;

2.14. 3.1.9-cu yarımbənddən ikinci cümlə çıxarılsın;

2.15. 3.1.13-cü və 3.1.14-cü yarımbəndlər ləğv edilsin;

2.16. aşağıdakı məzmunda 3.2-ci bənd əlavə edilsin:

“3.2. Dövlət adından yaradılan tibb müəssisələri əlavə olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.2.1. tətbiqinə icazə verilməyən, lakin müəyyən edilmiş qaydada baxılmaqda olan diaqnostika və müalicə üsullarından, habelə dərman vasitələrindən Nazirliyin qərarı və pasiyentin yazılı razılığı ilə, eləcə də yetkinlik yaşına çatmayanların və fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin həyatı təhlükədə olduqda, onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə istifadə etmək;

3.2.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda, transplantasiya məqsədi ilə insan orqan və toxumalarını götürmək;

3.2.3. ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədi ilə patoloji-anatomik yarma aparmaq.”;

2.17. 4.1.1-ci yarımbəndə “növləri” sözündən əvvəl “dövlət adından yaradılan müəssisələrdə” sözləri əlavə edilsin;

2.18. aşağıdakı məzmunda 4.1.1-1-ci yarımbənd əlavə edilsin:

“4.1.1-1. bələdiyyə adından yaradılan müəssisələrdə pullu tibbi xidmət göstərmək (“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş pulsuz tibbi xidmət göstərmə halları istisna olmaqla)”;

2.19. 4.1.4-cü yarımbənddə “yerli özünüidarəetmə” sözləri “bələdiyyə” sözü ilə əvəz edilsin;

2.20. 5.1-ci bənddə “tabe olduğu orqanın rəhbəri” sözləri “dövlət adından yaradılan müəssisəyə münasibətdə tabe olduğu orqanın rəhbəri, bələdiyyə adından yaradılan müəssisəyə münasibətdə isə bələdiyyə (bundan sonra - tabe olduğu orqan)” sözləri ilə əvəz edilsin;

2.21. 5.2-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Müəssisənin fəaliyyətinə Nazirliyin tabeliyində olan müəssisələrə münasibətdə səhiyyə naziri, digərlərinə isə müvafiq olaraq, aidiyyəti icra hakimiyyəti orqanlarının rəhbərləri və ya bələdiyyə tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müəssisənin rəhbəri (baş həkim, baş direktor, rəis, müdir) və ya kollegial icra orqanı (bundan sonra-müəssisə rəhbəri) rəhbərlik edir.”;

2.22. 5.3-cü bəndə “rəhbərinin” sözündən sonra “(təkbaşçı icra orqanı olduqda)” sözləri əlavə edilsin;

2.23. 5.5.6-cı yarımbəndə “kollegiyasının” və “kollegiyanın” sözlərindən sonra “(bələdiyyə iclasının)” sözləri əlavə edilsin;

2.24. 5.5.7-ci yarımbənddən “kollegiyasının” sözü çıxarılsın;

2.25. 5.5.13-cü, 5.5.14-cü və 5.5.18-ci yarımbəndlərdə “dövlət büdcəsindən” sözləri “müvafiq olaraq, dövlət büdcəsindən və ya yerli büdcədən” sözləri ilə əvəz edilsin;

2.26. 5.7-ci bəndin birinci cümləsində “rəhbərindən (sədrindən), müavinlərdən” sözləri “rəhbərliyindən” sözü ilə, ikinci cümləsində “tabeliyində olan” sözləri “tabe olduğu” sözləri ilə əvəz edilsin;

2.27. aşağıdakı məzmunda 5.12-ci bənd əlavə edilsin:

“5.12. Müəssisənin fəaliyyətinə nəzarət tabe olduğu orqan, həmçinin bu Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş qaydada müəssisə rəhbəri və Tibbi Şura tərəfindən həyata keçirilir.”;

2.28. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:

 

“6. Müəssisənin nizamnamə fondu və əmlakı

6.1. Müəssisənin nizamnamə fondu tabe olduğu orqan tərəfindən verilmiş əmlak hesabına formalaşır.

6.2. Müəssisənin əmlakı nizamnamə fondundan, ona tabe olduğu orqan tərəfindən verilmiş digər əmlakdan, müvafiq olaraq, dövlət büdcəsindən və ya yerli büdcədən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən və qrantlardan formalaşır.

6.3. Müəssisə əmlakı üzərində sahiblik və istifadə hüququnu yalnız məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə tabe olduğu orqanla razılaşdırmaqla həyata keçirir.

6.4. Müəssisənin tabe olduğu orqan müəssisənin öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı zərər üçün müəssisəyə verdiyi əmlakın dəyəri həddində risk daşıyır.”;

2.29. aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin:

“7. Müəssisənin yenidən təşkili və ləğvi

Müəssisənin ləğvi və yenidən təşkili ilə bağlı məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”;

2.30. 7-ci hissənin mətnindən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

“Qeyd. Bu Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında