Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir
 
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun (bundan sonra — Fond) vəsaitindən istifadənin mexanizmini və şərtlərini müəyyən edir.
1.2. Fondun vəsaiti Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
1.3. Güzəştli kredit sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən təyinatlı və ünvanlı vəsaitdir. Bu vəsaitlərin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi (4%-dək) istisna olmaqla, ayrılmış güzəştli kreditlər müvəkkil kredit təşkilatlarının aktivi hesab edilmir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında vəsaitdən istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında bağlanacaq müqavilədə məcburi şərtlərin olmasını tələb edə bilər. 
1.4. Fondun Müşahidə Şurasının müəyyən etdiyi meyarlara uyğun olan bütün banklar və bank olmayan kredit təşkilatları müvəkkil kredit təşkilatı kimi güzəştli kreditlərin verilməsində iştirak edə bilər. 
1.5. Vəsaitin müvəkkil kredit təşkilatları arasında səmərəli bölgüsünü təmin etmək məqsədilə hər il fevral ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri barədə Fonda müvafiq məlumat təqdim edir.
1.6. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fondun vəsaitinin yerləşdirilməsinə cəlb edilmiş müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəricilərində il ərzində baş verən dəyişikliklər barədə məlumatı mütəmadi olaraq Fonda təqdim edir.
1.7. Qaytarılan güzəştli kredit vəsaiti və güzəştli kreditlər üzrə daxilolmalar (faiz, cərimə və sair), həmin daxilolmaların Fondun saxlanma xərclərinə ayrılan hissəsi istisna olmaqla, Fondun hesabında saxlanılır və yenidən bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş məqsədlərlə istifadə olunur.
2. Fondun vəsaitindən istifadə istiqamətləri
 Fondun vəsaiti ölkənin sosial-iqtisadi inkişafı istiqamətləri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin aktları ilə, eləcə də Fondun Müşahidə Şurasının qərarı ilə müəyyən edilmiş prioritet sahələr, xüsusilə qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. 
3. Müvəkkil kredit təşkilatları vasitəsilə kreditlərin verilməsi
3.1. Hər bir müvəkkil kredit təşkilatı üçün ilin əvvəlində bu Qaydanın 3.2-ci bəndinə uyğun olaraq Fondun Müşahidə Şurası limit müəyyən edir. Limit istifadə edildikdən sonra müvəkkil kredit təşkilatlarının müraciəti əsasında Fondun Müşahidə Şurasının qərarı ilə onlara sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə əlavə limit müəyyən edilə bilər.
3.2. Müvəkkil bankların Fonddan cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığı onların məcmu kapitalının, bank olmayan kredit təşkilatlarının isə nizamnamə kapitalının 100 faizinədək ola bilər. 
3.3. Müvəkkil kredit təşkilatlarının müraciəti əsasında ilin əvvəlində limit üzrə müəyyən edilmiş vəsait maliyyə ilinin başa çatmasına 3 (üç) ay qalanadək, müvəkkil kredit təşkilatlarının müraciəti əsasında sonradan açılmış limitlər isə ilin sonuna 1 (bir) ay qalanadək tam istifadə olunmazsa, vəsaitin istifadə olunmayan hissəsinə limit müəyyən edilən tarixdən etibarən müvafiq olaraq oktyabr ayının 1-dək və ya dekabr ayının 1-dək hər təqvim günü üçün 0,02 faiz cərimə hesablanır və istifadə olunmamış vəsait Fondun Müşahidə Şurasının qərarı ilə digər müvəkkil kredit təşkilatlarına ayrılır. 
3.4. Müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsait üzrə əsas borc və hesablanmış faizləri Fondla bağladıqları müqaviləyə uyğun olaraq hər ay üzrə növbəti ayın 3 (üç) bank günündən gec olmayaraq Fonda ödəməlidirlər.
3.5. Müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəlikləri, onların sahibkarlıq subyektlərinə münasibətindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə ödəməlidirlər. Müvəkkil kredit təşkilatları 1 (bir) ay ərzində öhdəliklərini icra etmədikdə, Fond öz vəsaitinin qaytarılması üçün tədbirlər görür.
3.6. Müvəkkil kredit təşkilatının lisenziyası ləğv edildikdə və bununla əlaqədar ləğvetmə proseduruna məruz qaldıqda Fondun İdarə Heyəti sədrinin müraciəti əsasında ləğvediciyə nəzarət edən məhkəmə orqanı Fondun vəsaiti hesabına maliyyələşdirilən kredit portfelini ləğvetməyə məruz qalmış bankdan (və ya bank olmayan kredit təşkilatından) digər müvəkkil banka (və ya bank olmayan kredit təşkilatına) keçirir. Bu zaman həmin kredit portfelinin təminatı kimi kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqlar yeni müvəkkil kredit təşkilatına ötürülür. 
4. Kreditlərin sahibkarlıq subyektlərinə ayrılması və onlardan istifadə
4.1. Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri, ilkin olaraq, müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı 10 (on) bank günündən gec olmayaraq öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarları əsasında investisiya layihələrini təhlil edərək layihənin maliyyələşdirilməsi və ya maliyyələşdirmədən imtina barədə qərarını sahibkara bildirir. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Fond investisiya layihəsinin tam və hərtərəfli ekspertizası üçün əlavə məlumat və sənədlər tələb edə bilər. 
4.2. Fond 10 (on) bank günü müddətində Fondun vəsaitləri hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və kiçikhəcmli kreditlər istisna olmaqla, müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir. 
4.3. Fond, ekspertizanın nəticəsindən asılı olaraq, müraciətlərin təmin olunması və ya ondan imtina edilməsinə dair İdarə Heyətinin qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir. 
4.5. Sahibkarlıq subyekti ilə kreditləşməyə dair bütün sənədləşmə yekunlaşdıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərir. Fond 3 (üç) bank günü ərzində vəsaitin müvəkkil kredit təşkilatına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Fonda və sahibkarlıq subyektinə məlumat verir.
4.6. Fondun güzəştli kreditlərindən istifadə etmək üçün müraciət etmiş bütün sahibkarlıq subyektləri haqqında müvəkkil kredit təşkilatı hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) bank günündən gec olmayaraq Fonda məlumat verməlidir. Təqdim olunacaq məlumatın formasını Fond müəyyənləşdirir. Zəruri hallarda Fond bu məlumatları müəyyən edilmiş müddətdən əvvəl tələb edə bilər.
5. Kreditlərin hədləri
5.1. Sahibkarlıq subyektlərinə Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit verilə bilər: 
5.1.2. 5 000 manatdan 50 000 manatadək – kiçikhəcmli kreditlər;
5.1.3. 50 001 manatdan 1 000 000 manatadək – ortahəcmli kreditlər;
5.1.4. 1 000 001 manatdan 10 000 000 manatadək – böyükhəcmli kreditlər.
5.2. Hər bir sahibkarlıq subyektinin Fondun vəsaiti hesabına aldığı güzəştli kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10 000 000 manatdan artıq ola bilməz.
6. Kreditlərin müddəti və faizləri
6.1. Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:
6.1.1. kiçikhəcmli kreditlər üçün - 3 (üç) ilədək;
6.1.2. ortahəcmli kreditlər üçün - 5 (beş) ilədək;
6.1.3. böyükhəcmli kreditlər üçün - 10 (on) ilədək.
6.2. Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilir.
6.3. Fondun digər mənbələrdən cəlb etdiyi vəsaitlərə həmin mənbələrlə bağlanılan müqavilələrdə nəzərdə tutulmuş faizlər nəzərə alınmaqla, bu Qaydanın 6.2-ci bəndi tətbiq edilir.
7. Güzəşt müddəti
Kreditlərdən istifadə üzrə güzəşt müddəti, kredit verilmiş hər bir sahibkarlıq subyekti üçün fəaliyyətinin xarakterindən asılı olaraq, nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edə bilər. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər. Müvəkkil kredit təşkilatı sahibkarlıq subyekti üçün müəyyən etdiyi güzəşt müddəti barədə Fonda məlumat verməlidir.
8. Sahibkarlıq subyektlərinin krediti geri qaytarması
8.1. Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını hər ayın son iş gününədək ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə hər ayın son iş gününədək hesablanıb ödənilir. Sahibkarlıq subyektlərinin vaxtından əvvəl ödədikləri faizləri və ya əsas borcu müvəkkil kredit təşkilatı 3 (üç) bank günündən gec olmayaraq Fondun hesabına köçürməlidir. Müvəkkil kredit təşkilatları həmin vəsaitin Fondun hesabına köçürülməsini gecikdirdikdə, onlar bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq cərimə ödəməlidirlər. Gecikdirmə 30 (otuz) bank günündən çox olarsa, Fondun Müşahidə Şurası müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandıra və ya onu müvəkkil kredit təşkilatları sırasından çıxara bilər. 
8.2. Fond, sahibkarlıq subyektlərinin əsas borcu və faizləri müvəkkil kredit təşkilatına ödəməsi tarixi ilə müvəkkil kredit təşkilatı tərəfindən Fonda köçürülməsi tarixinin üzləşməsini apara və ya bunun üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edə bilər. Belə müraciət daxil olduğu təqdirdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası müvəkkil kredit təşkilatında yoxlama aparan zaman bu məsələni də araşdırır və Fonda məlumat verir.
8.3. Sahibkarlıq subyektlərinin krediti geri qaytarmaması və ya gecikdirməsi müvəkkil kredit təşkilatını Fond qarşısındakı öhdəliklərdən azad etmir.
8.4. Müvəkkil kredit təşkilatının lisenziyası ləğv olunduqda, eləcə də məcburi ləğv və ya iflas prosesi zamanı güzəştli kreditlərin qaytarılması bu Qaydanın 8.1-ci bəndinə uyğun olaraq, bu məqsədlə təyin olunmuş səlahiyyətli orqan tərəfindən həyata keçirilməlidir. 
9. Layihənin monitorinqi
9.1. Müvəkkil kredit təşkilatları Fondun müəyyən etdiyi qaydada ildə azı iki dəfə hər bir sahibkarlıq subyektinin Fondun vəsaitindən investisiya layihəsi üzrə istifadə etməsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturunu və formasını Fond müəyyən edir. Müvəkkil kredit təşkilatı apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin və hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) bank günü ərzində məhz bu layihə üzrə əsas kredit və faiz borcunu bütövlükdə Fondun hesabına köçürməlidir.
9.2. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər. Fondun apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, Fondun yazılı tələbinə əsasən, həmin sahibkarlıq subyektinə verilmiş güzəştli kredit və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, 10 (on) bank günü ərzində bütövlükdə Fondun hesabına köçürülür. Fondun tələbindən sonra müvəkkil kredit təşkilatı vəsaitin köçürülməsini gecikdirərsə, bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq cərimə ödəyirlər. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) təqvim gününü keçdiyi təqdirdə, Fond gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.
9.3. Fond tərəfindən müəyyən edilmiş monitorinqin keçirilmə qaydasını müvəkkil kredit təşkilatı 3 (üç) dəfə və daha çox pozduqda, həmin müvəkkil kredit təşkilatı üçün Fondun müəyyən etdiyi əsas və əlavə limitlər ləğv edilə və ya o, müvəkkil kredit təşkilatları sırasından çıxarıla bilər.
10. Yekun müddəa
Bu Qaydanın 3.6-cı və 8.4-cü bəndləri bu Qayda təsdiq olunduğu günədək lisenziyası ləğv olunmuş, məcburi ləğv və ya iflas prosesində olan kredit təşkilatları ilə münasibətlərə də şamil edilir.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında