Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin NÜMUNƏVİ NİZAMNAMƏSİ

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir
 
1. Ümumi müddəalar
 
1.1.  Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxs (bundan sonra – Qurum) Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi sahədə (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərir. Qurum Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirir.
1.2.  Qurum öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, həmin Qurumun Nizamnaməsini, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3.  Qurum öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4.  Qurum ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Qurum həmin Qurumun Nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.5.  Qurumun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.6.  Qanuna uyğun olaraq, Qurumun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Qurum məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.7.  “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətlər göstərən (hüquqi hərəkətləri həyata keçirən) Qurumun əməkdaşları Azərbaycan Respublikası ­Prezidentinin müəyyən etdiyi halda dövlət qulluqçularına bərabər tutulurlar.
1.8.  Qurum _________ şəhərində (rayonunda) yerləşir.
 
2. Qurumun fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri
 
2.1. Qurumun fəaliyyətinin məqsədi müvafiq sahədə fəaliyyət göstərməkdir.
2.2. Qurumun fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2.1. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək, tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;
2.2.2. müvafiq sahənin inkişafını təmin etmək;
2.2.3. Qurumun Nizamnaməsində müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.
 
3. Qurumun vəzifələri və hüquqları
 
3.1. Qurumun Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Qurumun vəzifələri aşağıdakılardır:
3.1.1.  müvafiq sahədə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.2.  “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən olunmuş hallarda normativ xarakterli akt qəbul etmək;
3.1.3.  Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Qurumun səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək; 
3.1.4.  qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər vermək, müvafiq məsələlərə münasibət bildirmək;
3.1.5.  müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;
3.1.6.  dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;
3.1.7.  müvafiq sahədə elektron xidmətləri “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
3.1.8.  Qurumun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək; 
3.1.9.  kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Qurum əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.10.  öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.11.  Quruma ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.12.  dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək; 
3.1.13.  Qurumun informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.14.  strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.15.  qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.16.  müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
3.1.17.  Qurumun Nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Qurumun aşağıdakı hüquqları vardır:
3.2.1.  müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;
3.2.2.  müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
3.2.3.  beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.2.4.  Quruma müvafiq sahədə qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək səlahiyyəti verildiyi halda yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək; 
3.2.5.  “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi (hüquqi hərəkətləri həyata keçirdiyi) halda həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən edildiyi hallarda digər ödənişlər tutmaq;
3.2.6.  tutduğu dövlət rüsumunun Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hissəsini əldə etmək; 
3.2.7.  fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.8.  dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.9.  fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.10.  müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
3.2.11.  fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək; 
3.2.12.  əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.13.  Qurumun Nizamnaməsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı nəzərdə tutulduğu halda təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
3.2.14.  xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.15.  Qurumun Nizamnaməsi ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
 
4. Qurumun idarə olunması
 
4.1. Qurum öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Qurumun təsisçisi “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərinin (onların bir hissəsinin) həyata keçirilməsini müəyyən etdiyi digər orqana (quruma) verə bilər.
4.3. Qurumun Nizamnaməsində aşağıdakı idarəetmə formalarından biri müəyyənləşdirə bilər:
4.3.1. Müşahidə (Direktorlar) Şurası və təkbaşçı icra orqanı (direktor, Baş direktor, İcraçı direktor);
4.3.2. Müşahidə (Direktorlar) Şurası və İdarə Heyəti;
4.3.3. İdarə Heyəti.
4.4. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Qurumun Nizamnaməsində idarəetmə orqanlarının (Müşahidə (Direktorlar) Şurası, icra orqanı) səlahiyyətlərinin Azərbaycan Respublikasının Prezidenti və (və ya) digər dövlət orqanı (qurumu) ilə razılaşdırmaqla həyata keçirilməsi nəzərdə tutula bilər.
4.5. Qurumun Müşahidə (Direktorlar) Şurası (bundan sonra – Şura) Quruma ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
4.6. Şura üzvlərinin sayını təsisçi müəyyən edir. Şura üzvlərini təsisçi vəzifəyə təyin və vəzifədən azad edir.
4.7. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
4.8. Şura qərar qəbul etməkdə müstəqildir (bu Nümunəvi Nizamnamənin 4.4-cü bəndi nəzərə alınmaqla).
4.9. Şuranın vəzifələri aşağıdakılardır:
4.9.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün təsisçiyə təkliflər vermək və sənədlər (o cümlədən Qurumun maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.9.2.  Qurumun inkişaf istiqamətlərini (təsisçi Şuraya bu səlahiyyəti verdiyi halda), strateji məqsəd və planlarını müəyyən etmək;
4.9.3.  Qurumun fəaliyyətinə nəzarət etmək;
4.9.4.  icra orqanının üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək (bu Nümunəvi Nizamnamənin 4.18-ci və 4.28-ci bəndlərində nəzərdə tutulmuş hallarda);
4.9.5.  Qurumun strukturunu və işçilərinin say həddini təsdiq etmək (təsisçi Şuraya bu səlahiyyəti verdiyi halda), əməkhaqqı fondunu və işçilərin əməkhaqlarını təsdiq etmək, Qurumun əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək; 
4.9.6. təsisçinin razılığı ilə Qurumun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Qurumun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
4.9.7. normativ xarakterli aktları təsdiq etmək;
4.9.8. Qurumun maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;
4.9.9. Qurumun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
4.9.10. icra orqanının fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq; 
4.9.11. Şura üzvlərinin və icra orqanının müraciətlərinə baxmaq və qərar qəbul etmək; 
4.9.12. Qurumun fəaliyyətinə dair illik hesabatı dinləmək; 
4.9.13. Qurumun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
4.9.14. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
4.9.15. Qurumda daxili audit bölməsi yaradıldığı halda həmin bölmənin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
4.9.16. təsisçinin razılığı ilə Qurumun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Qurumun aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.9.17. Qurumun Nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
4.10. Şuranın sədri Qurumun Nizamnaməsində müəyyən olunmuş müddətdə Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya icra orqanının rəhbəri çıxış edir. Şuranın iclasları Şura üzvlərinin hamısı iştirak etdikdə səlahiyyətlidir (bu Nümunəvi Nizamnamənin 4.13-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla). Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. 
4.11. Şuranın üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.12. Şuranın iclasında icra orqanının rəhbəri də iştirak edə bilər.
4.13. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. 
4.14. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.15. Şuranın sədri:
4.15.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;
4.15.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;
4.15.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya icra orqanı rəhbərinin xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
4.15.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür. 
4.16. Şuranın üzvləri:
4.16.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
4.16.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;
4.16.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
4.16.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;
4.16.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.17.  Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
4.18.  Bu Nümunəvi Nizamnamənin 4.3.2-ci yarımbəndində nəzərdə tutulmuş idarəetmə forması seçildiyi halda İdarə Heyəti Qurumun fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. Bu halda İdarə Heyətinin üzvlərini (sədr də daxil olmaqla) Şura (Azərbaycan Respublikasının Prezidenti başqa qayda nəzərdə tutmadıqda) vəzifəyə təyin və vəzifədən azad edir.
4.19.  Bu Nümunəvi Nizamnamənin 4.3.3-cü yarımbəndində nəzərdə tutulmuş idarəetmə forması seçildiyi halda İdarə Heyəti Quruma ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Bu halda İdarə Heyətinin üzvlərini (sədr də daxil olmaqla) təsisçi vəzifəyə təyin və vəzifədən azad edir.
4.20.  İdarə Heyəti üzvlərinin sayını təsisçi müəyyən edir. 
4.21.  İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir. 
4.22.  Bu Nümunəvi Nizamnamənin 4.3.2-ci yarımbəndində nəzərdə tutulmuş idarəetmə forması seçildiyi halda İdarə Heyətinin vəzifələri aşağıdakılardır: 
4.22.1. Qurumun fəaliyyətini təşkil etmək;
4.22.2. Qurumun Nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;
4.22.3. Şuranın qərarlarını icra etmək;
4.22.4. aidiyyəti şəxslə dəyəri Qurumun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.22.5. Qurumun strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
4.22.6. bu Nümunəvi Nizamnamənin 3.1.11-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
4.22.7. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;
4.22.8. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək; 
4.22.9. bu Nümunəvi Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
4.22.10. Şuranın və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.
4.23. Bu Nümunəvi Nizamnamənin 4.3.3-cü yarımbəndində nəzərdə tutulmuş idarəetmə forması seçildiyi halda İdarə Heyəti bu Nümunəvi Nizamnamənin 4.9.1– 4.9.3-cü, 4.9.5-ci, 4.9.6-cı, 4.9.8-ci, 4.9.9-cu, 4.9.12 – 4.9.16-cı, 4.22.1-ci, 4.22.4 – 4.22.6-cı və 4.22.8 – 4.22.10-cu yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri yerinə yetirir.
4.24.  İdarə Heyətinin iclası Qurumun Nizamnaməsində müəyyən olunmuş müddətlərdə çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü və ya Şura çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu, bu Nümunəvi Nizamnamənin 4.3.3-cü yarımbəndində nəzərdə tutulmuş idarəetmə forması seçildiyi halda isə İdarə Heyəti üzvlərinin hamısı iştirak etdikdə səlahiyyətlidir (bu Nümunəvi Nizamnamənin 4.13-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla). İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir. İdarə Heyətinin iclasına münasibətdə bu Nümunəvi Nizamnamənin 4.11-ci, 4.13-cü və 4.14-cü bəndlərində nəzərdə tutulmuş müddəalar tətbiq edilir.
4.25.  Bu Nümunəvi Nizamnamənin 4.3.2-ci və 4.3.3-cü yarımbəndlərində nəzərdə tutulmuş idarəetmə forması seçildiyi halda İdarə Heyətinin sədri:
4.25.1. Qurumun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
4.25.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
4.25.3. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün və ya Şuranın təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.25.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
4.25.5. Qurumun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
4.25.6. Qurumun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.25.7. Qurumun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.25.8. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Qurumun Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;
4.25.9. Qurum işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir; 
4.25.10. Qurumun Nizamnaməsində müəyyən edilmiş hallar istisna olmaqla, Qurumun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;
4.25.11. Qurumun əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.25.12. Qurumun Nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Qurumun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.25.13. Qurumun fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;
4.25.14. Qurumun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.25.15. Qurumda kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.25.16. Qurumda müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.
4.26. İdarə Heyətinin üzvləri:
4.26.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
4.26.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.26.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
4.26.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;
4.26.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.27.  İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
4.28.  Bu Nümunəvi Nizamnamənin 4.3.1-ci yarımbəndində nəzərdə tutulmuş idarəetmə forması seçildiyi halda təkbaşçı icra orqanı (direktor, Baş direktor, İcraçı direktor) Qurumun fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. Bu halda təkbaşçı icra orqanının rəhbərini (direktoru, Baş direktoru, İcraçı direktoru) və onun müavinini (müavinlərini) Şura (Azərbaycan Respublikasının Prezidenti başqa qayda nəzərdə tutmadıqda) vəzifəyə təyin və vəzifədən azad edir.
4.29.  Təkbaşçı icra orqanı rəhbərinin müavinlərinin sayını təsisçi müəyyən edir. 
4.30.  Təkbaşçı icra orqanının rəhbəri müvəqqəti olmadıqda onu müvafiq əmrlə onun müavinlərindən biri əvəz edir.
4.31.  Təkbaşçı icra orqanının rəhbəri və onun müavini adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
4.32.  Bu Nümunəvi Nizamnamənin 4.3.1-ci yarımbəndində nəzərdə tutulmuş idarəetmə forması seçildiyi halda təkbaşçı icra orqanının rəhbəri bu Nümunəvi Nizamnamənin 4.22.1 – 4.22.7-ci, 4.22.9-cu, 4.22.10-cu, 4.25.1-ci və 4.25.5 – 4.25.16-cı yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri yerinə yetirir.
 
5. Qurumun nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
 
5.1.  Qurumun nizamnamə fondunun məbləği (məbləğ göstərilməklə) manatdır. 
5.2.  Qurumun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
5.3.  Qurum öz əmlakından yalnız Nizamnaməsində müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Qurum balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4.  Qurum qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Qurumun, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
5.5.  Qurum “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi (hüquqi hərəkətləri həyata keçirdiyi) halda həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən edildiyi hallarda digər ödənişlər tutur. 
5.6.  Qurumun tutduğu dövlət rüsumunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hissəsi Qurumun fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə onun hesabına köçürülür. 
5.7.  Qurumun məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aiddir (və ya aid deyildir).
Qeyd: Tənzimlənən qiymətlərə (tariflərə) aid olduğu halda Qurumun Nizamnaməsində bunun qanuni əsası (əsasları) göstərilməlidir.
 
6. Qurumun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
 
6.1.  Qurumun fəaliyyətinə nəzarəti təsisçi, həmçinin bu Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş qaydada Qurumun idarəetmə orqanları həyata keçirirlər.
6.2.  Qurumun fəaliyyətinə dair illik hesabat təsisçiyə təqdim edilir.
 
7. Qurumda uçot və hesabat
 
7.1.  Qurum “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2.  Qurum “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.
7.3.  Qurum idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4.  Qurum öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
 
8. Qurumun ləğvi və yenidən təşkili
 
Qurumun ləğvini və yenidən təşkilini təsisçi həyata keçirir. 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında