Novruz bayramı ilə əlaqədar paytaxtımızda möhtəşəm ümumxalq şənliyi keçiriləcək

Xalqımız hər il olduğu kimi, bu il də Novruz bayramını böyük təntənə ilə qeyd etməyə hazırlaşır. Bayram öncəsi, martın 19-da  Dənizkənarı Milli Parkda keçiriləcək ümumxalq Novruz şöləni yenə rəngli görüntülərlə hər kəsə xoş ovqat bəxş edəcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi ənənəvi bayram tədbiri də çal-çağırlı, bölgələrimizin bar-bərəkətli Novruz sovqatı, el sənətkarlığı nümunələri, zəngin milli mətbəximizin təqdimatı ilə yadda qalacaq.

Martın 16-da ümumxalq Novruz şənliyinin məşqi keçirildi. Məşq prosesinə müxtəlif mədəniyyət müəssisələri, incəsənət kollektivləri və ifaçılar qatılmışdı.

Hazırlıq prosesini yaxından izləyən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev builki bayram tədbiri haqqında jurnalistlərə müsahibə verdi.

Əvvəlcə xalqımıza bayram təbriklərini çatdıran nazir müavini bildirdi ki, Novruz bayramına həsr olunan şənliyin yüksək səviyyədə baş tutması üçün bütün lazımi işlər görülüb, aparıcı musiqi kollektivləri cəlb olunub, onların hazırlıq səviyyəsi yoxlanılıb: “Hər il Azərbaycanda Novruz bayramı dövlət səviyyəsində geniş şəkildə qeyd olunur. Bu il də bu ənənə davam edəcək, xalqımızın ən əziz bayramı - Novruz təntənəli şəkildə qeyd olunacaq. Hazırda Qız qalasının yanından başlayıb Dənizkənarı Milli Park boyunca davam edəcək şənliyin son məşqləri gedir. Bayrama hazırlıq yüksək səviyyədə davam edir. Bu il də Novruz bayramına həsr edilən bu möhtəşəm tədbir həm yerli sakinlərin, həm də xarici turistlərin marağına səbəb olacaq”.

Ədalət Vəliyev qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Fəvvarələr meydanında bayram günlərində səhər saat 11-dən axşam 7-dək həm regionlardan gələn bədii özfəaliyyət kollektivlərinin, həm də Bakıda fəaliyyət göstərən professional kollektivlərin iştirakı ilə konsert proqramları təqdim olunacaq.

Diqqətə çatdırıldı ki, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi də Novruz şənliyinin təşkil olunmasında yaxından iştirak edir.

Vurğulandı ki, Novruz şənliyində bu il Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinə həsr olunmuş xüsusi stendlər də nümayiş etdiriləcək.

Sonda Ədalət Vəliyev bayram şənliyinin yüksək səviyyədə keçirilməsi, məşq prosesində nəzərə çarpan nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

Qeyd edək ki, Novruz şənliyi çərçivəsində ölkəmizin bütün regionlarını əhatə edən və ənənəvi olaraq nümayiş olunan yarmarkada bayram sovqatları, mədəni irs, sənaye məhsulları, mətbəx nümunələri, xalq tətbiqi sənəti örnəkləri sərgilənəcək.

 

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında