Görkəmli memar, böyük alim

Tanınmış memar, görkəmli alim və pedaqoq Tələt Mehdi oğlu Dadaşov 1923-cü il martın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Tələt ordu sıralarına çağırılır. Böyük Vətən müharibəsi illərində cəbhədə gənc Tələt ağrılı-acılı günlərə mətinliklə sinə gərir, qəhrəmanlıqla döyüşür, orden və medallarla təltif edilir.

Faşist Almaniyası üzərində qələbədən sonra təhsilini davam etdirmək, seçdiyi sənətə yiyələnmək üçün Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olur. Ali təhsil ocağını müvəffəqiyyətlə bitirib yaradıcılıq fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda elmi işçi kimi başlayan Tələt Dadaşov institutda çalışdığı müddətdə Bakının memarlığı, Azərbaycanda şəhər məktəblərinin layihələndirilməsi və tikintisi, sinif otaqlarının təbii işıqlandırılması ilə bağlı elmi məqalələr, kitablar dərc etdirmişdir.

Həmin illərdə T.Dadaşovun çoxşaxəli yaradıcılıq fəaliyyətini səciyyələndirən əsas cizgilər elmi-yaradıcılıq maraqları dairəsinin genişliyi və araşdırdığı şəhərsalma-memarlıq problemlərinin aktuallığıdır.

Gənc memar 1958-ci ildə Moskva şəhərində aspiranturada təhsilini uğurla başa vurmuş və “Azərbaycan şəraitində şəhər məktəblərinin memarlığı” mövzusunda müvəffəqiyyətlə dissertasiya müdafiə edərək memarlıq namizədi alimlik dərəcəsi almışdır.

Tələt Dadaşovun istedadı 1961-cı ildən sonra “Azərdövlətlayihə” institutunda emalatxana rəhbəri vəzifəsində çalışdığı illərdə özünü daha qabarıq büruzə vermişdir. Azərbaycan memarlıq məktəbinin zəngin ənənələrinə sadiq qalan ustad memar respublikanın müxtəlif regionları üçün bir sıra layihələr hazırlamışdır. Onun layihələri əsasında Bakı şəhərində gözəl orta təhsil məktəbləri tikilib. Onların sırasında eksperimental layihə əsasında inşa olunmuş 13 saylı orta məktəbi xüsusi qeyd etmək lazımdır. Həmin məktəbin tikintisi 1965-ci ildə başa çatmış və şagirdlərin istifadəsinə verilmişdir. Layihə üzərində çalışan gənc memar məktəblərdə sinif otaqlarının insolyasiyası probleminə, yəni siniflərə günəş şüalarının normalara uyğun şəkildə daxil olmasına xüsusi diqqət yetirmiş, bu gün də aktual olan problemlərin həlli üçün ən müasir tələbləri diqqət mərkəzində saxlamış, məktəb binasında idman zalı, yeməkxana və digər otaqların yeni konfiqurasiyasını tətbiq etmişdir. Sinif otaqlarının iki coğrafi cəhətə səmtlənməsi (ikitərəfli işıqlanması) şagirdlərin sağlamlığı üçün zəruri olan təbii işıqlanmanın normaya uyğunluğunu təmin etmişdir.

Yuxarıda qeyd etdiyimiz 13 saylı məktəbin tikintisindən 8 il sonra, 1973-cü ildə qeyd olunan layihə Moskva şəhərində keçirilən ümumittifaq müsabiqəsində “Ən yaxşı məktəb layihəsi” nominasiyasında qızıl medala layiq görülmüşdür.

Elmi-nəzəri nailiyyətlərlə təcrübə arasındakı optimal uyğunluğun tapılması T.Dadaşova özünün yaradıcılıq və elmi maraqlar dairəsini genişləndirmək üçün böyük imkanlar yaratmışdır. Bu, həmin illərdə onun dərc etdirdiyi çoxsaylı elmi nəşrlərdə və elmi konfranslardakı çıxışlarında da özünü göstərir.

Tələt Dadaşov öz fəaliyyətində insanın harmonik inkişafı üçün ətraf mühit amillərini yaradıcılıqla nəzərə alırdı. Geniş erudisiya və yaradıcılıq prinsipiallığı T.Dadaşovu fərqləndirən üstün cəhətlərdən idi. O, hər zaman tərəqqiyə yönəlik obrazlı təfəkkürü ilə fərqlənirdi. Memar kimi istənilən lokal məsələni, istər şəhərsalma, konstruktiv, istərsə də bədii-estetik aspektdə orijinallıqla həll edirdi. Daim yenilikləri izləyir, reallıqdan ayrılmadan gələcəyə baxır, müasir estetik və texniki tələblər əsasında ən yaxşı variantı, optimal layihə həllini tapırdı. Layihələrində klassik memarlığın ənənəvi üsullarından və Azərbaycan milli memarlığının səciyyəvi elementlərindən bacarıqla istifadə edirdi.

Tələt Dadaşov görkəmli mütəxəssis, memarlıq və şəhərsalma sahəsində böyük təcrübə sahibi kimi pedaqoji fəaliyyətlə də ciddi məşğul olurdu. 1964-cü ildən başlayaraq
1978-ci ilədək Azərbaycan Politexnik İnstitutunda, sonra isə İnşaat və Memarlıq Universitetində memarlıq kompozisiyası kafedrasına rəhbərlik etmişdir. Kafedra müdiri olaraq T.Dadaşov memarlıq təhsilinin inkişafı işinə xeyli əmək sərf etmiş, elmi və yaradıcılıq fəaliyyətini pedaqoji fəaliyyətlə bacarıqla əlaqələndirmişdir. O, gənc memarların, dizaynerlərin hazırlanmasına, ali təhsil müəssisəsinin tədris-laboratoriyalarının və elmi bazasının yaradılmasına böyük əmək sərf etmişdir. Azərbaycan Elmlər Akademiyasının İctimai Elmlər bölməsinin elmi katibi kimi Tələt Dadaşovun fəaliyyəti təqdirəlayiq olmuşdur.

Ömrünün son günlərinədək memar T.Dadaşov Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətini davam etdirmiş, eyni zamanda, universitetin Elmi Şurasının elmi katibi vəzifəsində çalışmışdır. Təhsil ocağında onu sıradan olmayan bir şəxsiyyət, bütün mənalı ömrünü sevdiyi sənətə –memarlığa həsr etmiş məğrur və şərəfli bir insan kimi xatırlayırlar.

Çoxşaxəli yaradıcılıqla, elmi-pedaqoji fəaliyyətlə yanaşı, Tələt müəllim həm də böyük ictimai iş aparırdı. O, dəfələrlə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. Ən yaxşı layihələr üzrə müxtəlif respublika müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur.           

Memarlıq elminin inkişafındakı xidmətlərinə görə Tələt Dadaşov Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyası yarandığı gündən, birincilər sırasında akademiyanın müxbir üzvü seçilmişdir.

Müəyyən kompozisiyanı, bədii obrazı, onun optimal təqdimat formasını axtarıb tapmaq üçün memara günlər, aylar, bəzən də illər lazım gəlir. Memarlıq sahəsində zirvələr fəth etmiş sənətkarın zəhməti müqabilində aldığı zövq dünyaya dəyər. Tələt Mehdi oğlu Dadaşov Azərbaycan memarlıq elmində dərin iz qoymuşdur.

Ləyaqətli insan, görkəmli alim, istedadlı memar və pedaqoq Tələt Dadaşovun xatirəsi onun çoxsaylı tələbələrinin və həmkarlarının qəlbində daim yaşayacaqdır.

Elbay Qasımzadə,
Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü,
Əməkdar memar, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında