“Vətən səni unutmayacaq,bir gün bağrına basacaqdır”

Azərbaycan Xalq Cümhuriyyəti – 100

Bu dəyərli fikirlərin müəllifi ömrünün 43 ilini mühacirətdə keçirmiş və qərib ölkədə də əbədiyyətə qovuşaraq dəfn edilmiş, azadlıq mücahidi, böyük ədib Ceyhun bəy Hacıbəylinin yaxın dostlarından biri, doktor Əziz Alpautdur. Ə.Alpaut Ceyhun bəyin vəfatı ilə bağlı “Mücahid” (yanvar-fevral 1963-cü il) adlı məcmuədə yazırdı: “... Nur içində yatasan, sevimli ağabəyimiz! Vətən səni unutmayacaq, bir gün bağrına basacaqdır.”

Əziz Alpautun uzaqgörənliklə söylədiyi həmin gün gəlmişdir. Yazıçı, publisist, tərcüməçi, diplomat, ictimai xa­dim, mədəniyyətimizin xaricdəki yorulmaz təbliğatçısı Ceyhun bəy Hacıbəyli uzun ayrılıqdan sonra daim həsrətlə yaşadığı doğma Vətəninə ədəbi irsində dönərək, ağuşunda özünə həmişəlik məskən salmışdır.

Doğrudur, Ceyhun bəy sağlığında canından çox sevdiyi Azərbaycana qayıda bilmədi. Cismi də qürbətdə qaldı. Lakin onun zəngin irsi bu gün Vətəndədir. Və xalqı­mız buna görə böyük vətəndaş, dəyərli ziyalı Ramiz Abuta­lıbova minnətdardır. Məhz onun sayəsində Ceyhun bəyin arxivi Azərbaycana gətirilərək, tədqiqatçıların ixtiyarına ve­rildi. Hazırda C. Hacıbəylinin irsinin bütöv bir qismi Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, 649 saylı fondda mühafizə olunur.

Həqiqətən, Vətən bu böyük şəxsiyyəti bağrına basmışdır. İndi onun yubileyi Vətəndə, ölkə başçısının sərəncamı ilə rəsmi surətdə qeyd olunur, əsərləri nəşr edilir və s.

Bu günlərdə çox hörmət bəslədiyim ziyalılarımızdan biri, C. Hacıbəyli irsinin dəyərli tədqiqatçısı, tanınmış alim Abid Tahirli yenicə işıq üzü görmüş iki kitabı - Ceyhun Hacıbəylinin “Bir il xəyallarda... və bütöv bir ömür” memuarını, eləcə də “Ceyhun Hacıbəyli. Seçil­miş əsərləri “ni mənə hədiyyə etmişdir. Çox qiymətli olan bu kitablara görə Abid müəllimə dərin təşəkkürümü bildirirəm. Hər iki kitab tükənməz sevgi ilə nəfis şəkildə hazırlanıb nəşr olunmuşdur.

Qeyd etmək lazım­dır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə respublika Prezidentinin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə bu ili Azərbaycan Xalq Cümhuriyyəti ili elan etməsi, AXC-nin yaranış tarixində silinməz izləri olan Ceyhun bəy Hacıbəyli kimi şəxsiyyətlərin daha geniş təbliği baxımından bu nəşrlər olduq­ca əhəmiyyətlidir və yubileyə dəyərli ərməğandır.

Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası seriya­sından olan “Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri” Azərbaycan Milli Elmlər Akademiyasının Ni­zami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edil­mişdir. Cildin baş redaktoru, akademik İsa Həbibbəyli, məsul redaktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Nikpur Cabbarlı, tərtib edəni, ön sözün və qeydlərin müəllifi – filologiya elmləri doktoru Abid Tahirlidir.

367 səhifədən ibarət kitaba Ceyhun bəy Hacıbəylinin Parisdə, müxtəlif illərdə qələmə aldığı və xarici mətbuatda dərc etdirdiyi hekayələri, sinopsisləri – “Müəzzinin lənəti”, “ Baş tutmayan ziyarət”, “ Stalinin öpüşü və ya staxanovçu Fatimə”, “ Nejdanovun işi”, elmi araşdır­maları - “ Qarabağın dialekt və folkloru (Qafqaz Azərbaycanı)”, XIX əsrin azərbaycanlı tarixçisi Abbasqulu ağa Bakıxanov”, publisistik yazıları – “ Şamaxı Məhkəməsi, yaxud bir xainin mükafatı”, “ Əhməd Cavad faciəsi”, “ SSRİ-də ziyalılar”, “ İlk Azərbaycan operası necə yarandı”, “ Bir il xəyallarda... və bütöv bir ömür” memuarı, eləcə də Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haq­qında Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyevin 19 noyabr 2015-ci il tarixli sərəncamı və Abid Tahirlinin “Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yoluna bir nəzər” adlı maraqlı ön sözü salınmışdır.

Kitabda çap olunan C.Hacıbəylinin “ Şamaxı məhkəməsi, yaxud bir xainin mükafatı”, “Əhməd Cavad faciəsi” məqalələrindən başqa (onlar Azərbaycan türkcəsində qələmə alınmışdır –S. Q.) bütün yazıları fransız və rus dillərindən tərcümə edilmişdir. “Qaraba­ğın dialekt və folkloru (Qafqaz Azərbaycanı)” əsərini filologiya elmləri üzrə fəlsəfə doktoru Bay­ram Ağayev, “İlk Azərbaycan operası necə yarandı” məqaləsini rus dilindən Oktaedr Qəbələli, digər əsərləri Mirzəbala Əmrahov fransızcadan dilimizə çevirmişlər.

Ceyhun bəyin bütün yazıları, istər bədii əsərləri və publisistikası, istər elmi araşdırması, istərsə də memu­arı ictimai-siyasi və ideoloji cəhətdən çox dəyərlidir və bu gün də aktualdır. C. Hacıbəyli qələmindən çıxan bütün əsərlər maraqla oxunur və düşündürür. Sanki tariximizi vərəqləyir, Azərbaycanın başına gətirilən müsibətləri görür, faciəli situa­siyaların şahidi oluruq. Müəllif tərəfindən ürəkağrısı ilə qələmə alınmış bu yazıları oxucu da həyəcanla mütaliə edir və həmin acınacaqlı illəri yaşayır.

Azərbaycan mədəniyyətinin, tarixinin inkişafı və təbliği sahəsində də Ceyhun bəy yorul­madan fəaliyyət göstərmişdir. Məsələn, hələ Bakıda yaşa­dığı illərdə böyük qardaşı, dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin bütün Şərq aləmində ilk operası olan, bu il yaranmasının 110 illiyini qeyd etdiyimiz “Leyli və Məcnun” əsərinin ərsəyə gəlməsində iştirak etmişdir. Onu sonra­lar, Fransada yaşadığı illərdə fransızcaya çevirmişdir. Parisdə Ü.Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan “ operettasını fransız dilinə tərcümə edərək elə orada “Femina” Teatrında tamaşaya qoymuşdur. Mədəni irsimiz, ədəbiyyatımız, tarixi­miz və s. mövzularda müxtəlif səpkili məqalələr yazmışdır.

C. Hacıbəylinin “İlk Azərbaycan operası necə yarandı” adlı məqaləsi də Fran­sada yazılmışdır. Bizim üçün çox önəmli olan bu məqalədə müəllif qardaşı Üzeyir bəyin bu opera üzərində nə qədər gərgin çalışdığını dönə-dönə vurğula­yır. Özünün də operadakı işti­rakından bəhs edir. Əsərin ya­ranması, məşqlərin keçirilməsi, tamaşanın uğurlu alınması baxımından məqalədə maraqlı faktlarla rastlaşırıq. Lakin ahıl vaxtlarında, hafizəsinə arxala­naraq yazdığı üçün Ceyhun bəy burada bəzi unutqanlıqlara yol vermişdir. Məsələn, Məcnunun ilk ifaçısının adını Hüseyn­qulu yox, Məmmədhüseyn Sarablı, Leylinin birinci ifaçısı Əbbürrəhim Fərəcovun əvəzinə Əhməd Bədəlbəyli (qeyd edək ki, tərcüməçi “dvoyurodnıy brat” ifadəsini xalaoğlu yerinə əmioğlu kimi çevirmişdir -S.Q.) yazmışdır. Doğrudur, Əhməd bəy Ağdamski (Bədəlbəyli) operanın ikinci tamaşasın­dan etibarən Leyli obrazını yaratmışdır. Amma Leylinin ilk ifaçısı olmamışdır. Ope­ranın ilk dirijoru kimi Üzeyir bəy Hacıbəylini göstərmişdir. Halbuki, ilk tamaşada Üzeyir bəy orkestrdə birinci skripkanın partiyalarını çalmışdır. Əsərdə ilk dəfə böyük dramaturqumuz Əbdürrəhim bəy Haqverdiyev dirijor pultu arxasında durmuş­dur. Sonrakı tamaşalarda isə Ü. Hacıbəyli özü orkestri idarə etmişdir. Lakin bütün bunlara baxmayaraq, bu yazı Ceyhun bəyin qələmindən çıxdığı üçün çox qiymətlidir.

Böyük tədqiqatçının elmi araşdırması olan “Qarabağın dialekt və folkloru (Qafqaz Azərbaycanı)” əsəri də Qa­rabağın xalq yaradıcılığının tədqiqi və təbliği baxımından olduqca dəyərlidir. Bu əsəri Ceyhun bəy 1935-ci ildə Parisdə fransız dilində nəşr etdirmiş­dir. Araşdırma “Sözönü” və “Giriş” də daxil olmaqla otuz üç bölmədən ibarətdir: “Tapbaca”, “ Alliterasiya”, “Qafiyəli xalq deyimləri”, “ Xalq məzhəkələri”, “Uşaq kompozisiyaları”, “Qafiyə oyunları”, “Beşik nəğmələri”, “Ağılar”, “ Yerli şəxsiyyətlər haqqında məzəli və ya baməzə lətifələr”, “Ev heyvanlarının adları”, “Ailə üzvləri və qo­humlar”, “Müraciət formaları”, “Zarafatlar”, “Oyunlara giriş”, “Hekayətlərə giriş”, “Arvadlar haqqında”, “Mövsüm zarafatla­rı”, “Bir neçə şikəstə”, “Baya­tılar”, “Alqışlar”, “Qarğışlar və xüsusilə qadınlar arasında işlənən pis niyyətli arzular”, “Xüsusilə uşaqlara müraciətlə söylənən qarğışlar”, “Yalvarış­lar”, “Hədə-qorxu”, “And içmək, inandırmaq”, “Oxşatmalar”, “Tərifləmələr”, “Xasiyyətlər”, “Bir neçə səciyyəvi ifadə”. C.Hacıbəylinin bu araşdırması Qarabağın dialekt və folklorunu mənimsəmək üçün çox dəyərli mənbədir. Azərbaycan xalq ya­radıcılığının öyrənilməsində də mühüm əhəmiyyət kəsb edir.

C. Hacıbəylinin 235 səhifəlik “Bir il xəyallarda... və bütöv bir ömür” memua­rı tədqiqatçı Abid Tahirlinin “Xəyal və həqiqətlərin bədii-publisistik təcəssümü” sərlövhəli ön sözü ilə başlayır. Ədibin xatirələrini oxuyarkən müəllifin mühacirət həyatının nə qədər keşməkeşli, əzablı olduğu açıq-aydın görünür. Yuxularını ədəbi priyom kimi qələmə alan Ceyhun bəy, əslində, yaşadığı bütün bir ömrü vərəqləyir. O, yazır: “ ... Özüm-özümü inan­dırmağa çalışırdım ki, bu qəddar gerçəklik sadəcə bir xülyadır və mənim əsl həyatım yuxularda keçən həyatdır.” Daha sonra Ceyhun bəy qeyd edir: “ Mənim üçün “yuxu kultu”nda (yuxuya pərəstiş) qənaətə gəldiyim daha bir izahat var: ailəmizdə yuxu­ların oynadığı rol çox önəmli idi. Hətta, belə də demək olar ki, həyatımızın özü yuxulardan köçürülmüşdü.

1941-ci ildə, İkinci dünya müharibəsində Ceyhun bəyin təyyarəçi oğlu Ceyhun (Cey­çik) faciəli şəkildə həlak olur. Bu itkidən həssas qəlbli ata ciddi sarsıntı keçirir. Ömrünün sonuna kimi oğlunun yoxlu­ğu ilə barışa bilmir. O, “Bir il xəyallarda... və bütöv bir ömür” memuarını elə belə də başlayır: “Sonuncu Dünya müharibəsində taleyin vurduğu amansız zərbə beynimdə reallığı dumanlandır­dığı səbəbindən, mən yuxuların ağuşunda daha sakit bir sığına­caq tapmağa çalışırdım.”

Yadımdadır, Üzeyir bəyin baldızı oğlu, böyük sənətkarın şəxsi katibi, Üzeyir Hacıbəylinin ev-muzeyinin yaradıcısı və direktoru olmuş Ramazan Xəlilov danışırdı ki, 40-cı illərdə Fransadan Bakıya gələn bir xanım Ü.Hacıbəyliyə Ceyhun bəyin oğlu Ceyçikin itkisini çox pis keçirdiyini, özündə olmadı­ğını, depressiyaya düşdüyünü söyləmişdi. Bu xəbər Üzeyir bəyə ikiqat dərd olmuşdu. Bir tərəfdən qardaşının gənc oğlu­nun, sevimli Ceyçikin həlak ol­ması, digər tərəfdən də gözünün nuru qardaşının ağır vəziyyəti onun üçün faciə idi. Qayğıkeş insan olan Ü.Hacıbəyli gecə-gündüz Ceyhun bəyi düşünür və onu bu vəziyyətdən çıxar­mağın yollarını axtarırdı. Lakin məsafənin uzaqlığı onu çıxılmaz vəziyyətə düçar etmişdi. Əli qardaşına çatmırdı. Bu da onu çox üzürdü. Doğrudur, Ceyhun bəy Hacıbəyli kritik vəziyyətdən çıxdı. Lakin oğul itkisi onu ömrünün sonuna qədər müşayiət elədi.

Ceyhun bəy Hacıbəyli memuarında atasını, anasını, bacılarını, yaxınlarını xatırla­yır. Anası və ortancıl qardaşı Üzeyir bəyi isə tez-tez yadına salır. Anası Şirinbəyim xanı­mın vəfatı xəbərini Polşada, dostlarından eşitdiyini yazır: “Məni 30 il gözləyəndən sonra, bu bədbəxt müharibə başla­mazdan az əvvəl, 1939-cu ildə anam söndü”, – deyə qeyd edir. Böyük ədibin Bakıya gətirilən arxivindəki saralmış bir qəzet parçasına kövrəlmədən bax­maq mümkün deyil. Bu, anası Şirinbəyim Əliverdibəyli – Hacıbəylinin vəfat etdiyini bildirən elan və Üzeyir bəy Hacıbəyliyə verilən başsağ­lıqlarıdır. Onun bir kənarında əski əlifba ilə “ Kommunist”, 6 may 1939-cu il yazılmışdır. İlk baxışda kiçik görünən bu qəzet parçası Vətəninə, ailəsinə, doğ­malarına uzun illər həsrət qalan oğula böyük bir itkidən xəbər verirdi. Ceyhun bəy nənəsinin (onlar analarına “nənə” deyə müraciət edərdilər –S.Q.) ölüm xəbərini bildirən bu qəzet parçasını qürbətdə uzun illər ana həsrəti ilə qovrularaq saxlamışdı. Taleyin hökmünə bax ki, saralmış qəzet parçası illər sonra bu böyük şəxsiyyətin Fransadakı arxivindən bütün irsi ilə bərabər yenidən doğma məmləkətə dönmüş və Vətəndə özünə əbədi ünvan tapmışdır.

Ceyhun bəy Hacıbəyli vəfatından iki il əvvəl memu­arında yazırdı: “Ayrılığın qırx birinci ilini yaşayırsan. Sən onları bir daha görmədin və heç vaxt da görməyəcəksən: səninkilər – istər kişi, istər qadın – bir-bir yoxa çıxırlar...Və sən özün də...”.

C. Hacıbəylinin yaradıcılığı ilə tanış olarkən onun böyük qardaşı Üzeyir bəy Hacıbəyli kimi xalqına, millətinə, Vətəninə bağlı, qorxmaz, cəsarətli, qürurlu, həssas, ölkəsinin müstəqilliyi, istiqlalı uğrun­da daim çalışan və mübarizə aparan bir vətəndaş olduğunu görürük. Ceyhun bəyin yazıları başdan-başa mübariz ruhdadır. O, azad Azərbaycan uğrunda var qüvvəsi ilə çalışmış bir müca­hiddir. Yazıları ilə Azərbaycan Xalq Cümhuriyyətimizi işğal edən bolşeviklərə, qondarma sosializm cəmiyyətinə qarşı vuruşmuşdur. Onun Avropa­da tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz üçün etdikləri, gördüyü mühüm işlər, apardığı təbliğat, göstərdiyi fəaliyyət, birliyə təşəbbüs yazılarında aydın şəkildə sezilməkdədir. Bu da Ceyhun bəyin ömrünün sonuna qədər davam etmişdir. Hətta vəfatından üç gün əvvəl yaxın dostu, Azərbaycan Xalq Cümhuriyyətinin sabiq daxili işlər naziri Mustafa Vəkiloğluna 19 oktyabr 1962-ci il tarixli məktubunda belə yazırdı: “Pək, möhtərəm qardaşım Musta­fa bəy! Çox böyük təəssüflə sizə elan etməliyəm ki, sizləri ziyarət etmək mənə mümkün olmayacaq. Qəlb xəstəliyinə mübtəla oldum, hətta ayaq üstə qalmaq mənə yasaqdır. Çox gözlədim, bir yaxşılıq hasil olmadı. Müalicə edirlər, lakin qəlb xəstə olduğundan təkrar nə yapa bilərlər ki? Krizlər olur, çox fəna halda oluram. Bunu da söyləməliyəm ki, ilk əlamət tem­muzun (iyul – S.Q.) 8-də Paris Bloku iclasında baş verdi. İndi hərdən bir həmin qəlb sıxıntısı təkrar olur. Çox-çox təəssüf! Hər halda siz görüşlərinizi keçirin və mühacirətin bir yerə toplan­masına səy edin, bu mühümdür. Əllərinizi sıxaraq, hamınıza dərin sevgilərimi izhar edirəm. Ceyhun”.

Bu məktubu yazdıqdan üç gün sonra, 22 oktyabr 1962-ci ildə Ceyhun bəy 71 yaşında infarkdan Parisdə vəfat etmişdir.

Bildirmək istərdik ki, “Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri” kitabında Ceyhun bəyin vəfatı tarixi 2 oktyabr 1962-ci il kimi getmişdir. Görünür, texniki səhvdir. Yaxşı olar ki, dəyərli kitablarda belə yanlışlıqlara yol verilməsin. Çünki gələcək nəsillər bunları təkrar edəcək və məxəz kimi də bu kitabları göstərəcəklər.

Səadət QARABAĞLI,
üzeyirbəyşünas

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında