“Qarabağdan, Kərkükdən Çanaqqalaya”

Bakıda Avrasiya Türk Şairləri və Sənətçiləri Federasiyasının 15-ci toplantısı keçirilib

Dost gəlişi bayram olur, – deyirlər. Dili dilimizdən, dini dinimizdən, qanı qanımızdan olan türk qardaşlarımızın uzaq yollar, məsafələr aşıb, qardaş məmləkətin baş kəndi – Bakıya təşrif buyurmaları bu dəfə bəlkə də onqat bayram təsiri yaşatdı.

Bu günlərdə Bakı, Gəncə, Quba, İsmayıllı, Qəbələ, Şəkidə, bir sözlə, tanınmış türk şair və sənətçilərin qədəm basdığı çox yerdə heyrətamiz coşqu və ovqat dolu unudulmaz anlar yaşandı! Qəlbləri sözlü, nəğməli, can bir qəlb dostlar bir-biri ilə həsrətində olduqları canlı ünsiyyətdən doya bilmirdilər.

Əziz oxucular, sizi çox nigaran qoymayıb, mətləbə keçirəm: Bu günlərdə mənzil-qərargahı Antalyada yerləşən Avrasiya Türk Şairləri və Sənətçiləri Federasiyasını (ASKEF) təmsil edən 43 şair və rəssam türk xalqlarının əbədi birliyinə dərin ümid və sevgi hissləri ilə Bakıya təşrif buyurub.

Qeyd edək ki, ASKEF türk dünyasında ilk sənət qurumu hesab olunur. Qurumun yönəldiciləri türk qardaşlarımız arasında “Dil və könül birliyi”nə qovuşmaq arzusu ilə baş­ladıqları bu mühüm missiyanı qərarlı surətdə davam etdirmək zəmindədir.

Bu məqamda ASKEF-in başqanı, görkəmli şair, publisist Savaş Ünalın izahını dinləmək yerinə düşər:

– ASKEF öz rəhbər yönətmənləri, 17 ölkədə fəaliyyət göstərən dərnəkləri və üzvləri ilə bərabər böyük bir ailədir. Bu günə qədər onun xəttilə 14 dəfə uluslararası sənət toplantısı keçirilib. 15-ci toplantının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının bir əsrlik şərəfli yubi­leyi ərəfəsində Bakıda keçirilməsi əlamətdar hadisədir. Biz müstəqil Azərbaycanın paytaxtı gözəl Bakının artıq bütün türk dünyasının mədəni mərkəzinə çevrilməsinin fərqindəyik və bundan hədsiz qürur duyuruq.

Yeri gəlmişkən, ölkəmiz artıq 5-ci dəfədir ki, ASKEF-in illik toplan­tısına ev sahibliyi edir. Qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri, Azərbaycan Yazıçılar Birli­yinin (AYB) “Güney Azərbaycanı” şöbəsinin müdiri, tanınmış şair və publisist Sayman Aruz dedi ki, qardaş türk dövlətləri arasında uzun onillər boyu, hətta az qala, quşların üzərindən ötə bilmədiyi tikanlı sərhədlərin mövcud olduğu dönəmlərdə belə, türk xalqları öz müştərək folkloru, ədəbiyyatı, musiqi­si ilə öz aralarında qırılmaz körpülər yaradıblar. Biz əminik ki, budəfəki toplantı türk xalqları arasındakı bu bağlılığı daha da gücləndirəcək.

Beləliklə, bir həftə əvvəl Türkiyə, İraq, Kiprin müxtəlif şəhər və bölgələrindən Antalyada toplaşan, yolboyu başqa türk məmləkətlərindən də onlara qoşulan şair və sənətçilər qarşısında Türkiyə və Azərbaycan bayraqları dalğalanan, üzərində isə “İki dövlət, bir millət” şüarı yazılmış “Mersedes” avtobusla Antalyadan yola çıxdılar. Türkiyəli görkəmli şair Qönçə xanım Aydəmir deyir ki, Qazaxda Azərbaycan torpağına qədəm basanda həyəcandan göz yaşlarını saxlaya bilməyib, dönə-dönə əyilib azərbaycanlı qardaşla­rımızın müqəddəs torpağını öpərək sevincindən çox kövrəlib.

Qonaqlar sərhəddən birbaşa qədim Nizami yurdu – Gəncəyə gəliblər. Əlamətdar haldır ki, ASKEF-in 15-ci toplantısı nəinki türk dün­yasında, bütün müsəlman Şərqində ilk demokratik respublika sayılan Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı məhz Gəncə şəhəri olub. Gəncə ziyalıları qonaqları hərarətlə qarşılayıb, onlara cümhuriyyətin şanlı tarixi barədə geniş məlumat veriblər.

Sənətçilər dahi Nizaminin məqbərəsini dərin ehtiramla ziyarət ediblər, sonra şəhərin tarixi-mədəniyyət abidələri, gəzməli-görməli yerləri ilə tanış olublar. ASKEF-in rəhbəri Savaş bəy vurğuladı ki, bu milli ruhlu qədim şəhərdə aparılan abadlıq-quruculuq işlərinin vüsətindən hamı kimi, o da çox məmnun qalıb.

Qonaqlar martın 6-sı axşam Bakı­ya gəliblər. Səhərisi gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klu­bunda ASKEF-in Azərbaycan nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə Ankarada nəşr olunan “Qababağdan, Kərkükdən Çanaqqa­laya” şeir antologiyasının təqdimat mərasimi keçirilib.

Azərbaycanın Xalq şairi Fikrət Qoca qonaqları salamlayaraq dedi ki, dost üzünə bizim hər birimizin qəlbləri də, süfrələri də açıqdır.

ASKEF başqanı Savaş Ünal həmin tədbir iştirakçılarına bir daha qurumun məram və hədəflərini açıqlamağı özünə borc bildi. Sonra qeyd etdi ki, qurumun 15-ci toplantısı çərçivəsində bugünkü tədbirdə “Qa­rabağdan, Kərkükdən Çanaqqalaya” toplunu təqdim etmək arzusundayıq.

Məlumat üçün bildirək ki, bu, türkdilli poetik nümunələrdən top­lanmış sayca üçüncü antologiyadır. Ankarada nəfis şəkildə işıq üzü görən nəşrdə 8 ölkədən 188 şairin şeiri toplanıb. Burada ən çox azərbaycanlı şairlərin poetik nümunələrinə yer ayrılıb. Şeirlərin böyük bir qismi Qa­rabağa, Xocalı soyqırımı qurbanları­na, hazırki ağır durumda olan Kərkük sakinlərinin sıxıntılarına, Çanaqqala zəfərini qanı ilə yazan qəhrəmanlara və başqa tarixi mövzulara həsr olu­nub.

Tədbirdə minnətdarlıq hissilə qeyd olundu ki, antologiyaya daxil olan şeirlərin toplanaraq nəşrə hazırlanmasında ASKEF rəhbərinin yardımçısı Yəhya Azəroğlunun, baş redaktor Qönçə Aydəmirin, ASKEF-in Azərbaycan təmsilçiliyinin rəhbəri Salman Aruzun, müavini Sona İsmayılovanın, tanınmış şair Eldar İsmayılın və başqalarının böyük rolu olub.

Təqdimat mərasimində bir çox maraqlı çıxışlar oldu, dostluğu, qar­daşlığı, vətənpəvərliyi vəsf edən par­laq, bir-birindən gözəl və məzmunlu şeirlər, həzin şərqilər səsləndi.

ASKEF başqanının yardımçı­sı, görkəmli şair, publisist Yəhya Azəroğlu çıxışında özünün maraqlı həyat hekayətindən bəzi həyəcanlı anları yada salaraq dedi:

– Biz ailədə doqquz uşaq idik. İqdırda yaşayırdıq. Nazçıvandan ora Sovet illərində repressiyaların başlan­dığı 1930-cu illərin əvvəllərində köç­müşük. Amma, hər zaman rəhmətlik anam radionu açar, Azərbaycan mahnılarını dinlərdik. Bu şərqilər bizə Zəmzəm suyu qədər məhrəm təsir bağışlayırdı. Azərbaycan şərqilərinin təsiri ilə xəyallarımızda Bakıya, Azərbaycana qaranquşlarla birgə qanad açardıq...

Tədbirdə Sayman bəyin dilindən səslənən türkmən şairi Əli Yurdakulun misraları hamıya sonsuz bir coşqu bəxş etdi:

Bizə verdi əziz Mövlam hədiyyə,

Türkməneli, Azərbaycan, Türkiyə,

Uzun hava çağırdım deyə-deyə,

Çanaqqala, Qarabağla, Kərküküm”.

ASKEF-in fəal üzvlərindən biri, azərbaycanlı tanınmış şair Şöhlət Avşarın türk ellərinə xitabən qələmə alınmış misraları da onun öz gur səsində çox möhtəşəm səsləndi:

Sən Oğussan, Beyrəksən atın belində,

Sən Qorqudsan, müdriksən hikmət dilində,

Atillasan, Nadirsən qeyrət qəlbində,

Türk ölər, hicrət edər, fəqət qul olmaz!

Şair, öyrətmən, filosof Fırat Öçal isə Türkiyənin Bərqəma şəhərindəndir. Dedi ki, onun doğma şəhəri dünya tarixi mirasının ən yaxşı qorunub saxlandığı 999 şəhərdən biridir. Fırat bəy fəxrlə qeyd etdi ki, son illər Türkiyədə kitab satışları artıb. Onun fikrincə, türk xalqlarının övladlarının ən modern biliklərə mükəmməl yiyələnmələri hava, su kimi zəruridir. Ata-babalarımız öz şərafətli qılıncları ilə tarix yazıblarsa, çağdaş türk gəncləri savad və bilik sahibləri olmalıdırlar.

Yeri gəlmişkən, Fırat bəy Bakıya həyat yoldaşı Baksen Öçal ilə təşrif buyurub. Baksen xanım Türkiyənin istedadlı rəssamlarından biridir. ASKEF-in 15-ci toplantı­sı çərçivəsində təşkil olunan rəsm sərgilərində nümayiş etdirmək üçün rəsmlərini gətirib. Sərgi AYB-nin üçüncü mərtəbəsindəki geniş foyedə düzənlənmişdi. Buradakı rəsm və tab­lolara hər kəs dərin maraqla tamaşa edirdi.

Tədbirdə Türkiyənin Muğla şəhərindən təşrif buyurmuş şair və rəssam Minəl Aşq xanım ilə ünsiyyətdən də çox məmnun qaldım. Minəl xanım qeyd etdi ki, bu dəfə Bakıda onun üç tablosu nümayiş etdi­rilir. Tablolardan ikisini Azərbaycanın rəsm muzeylərinə hədiyyə etməyi düşünür. Bir rəsmini isə azərbaycanlı bir dostuna hədiyyə edəcək. O, Bakıda azərbaycanlı həmkarları, tanınmış rəssamlar Ramiz Murad Abbasov, İlqar Əkbərov və Nazilə Gültac ilə sıx yara­dıcılıq əlaqələrinin olduğunu bildirdi.

Minəl xanım, həmçinin nəql etdi ki, o, bir neçə il əvvəl Naxçıvanda ol­muş, burada görkəmli rəssam Bəhruz Kəngərliyə həsr olunmuş tədbirdə iştirak etmişdir. Onun sözlərinə görə, Naxçıvan şəhəri, bu qədim diyarın görkəmli şair və rəssamları, bütün qonaqpərvər insanları yaddaşında silinməz izlər qoymuşdur.

Ertəsi günü qonaqlar Azərbaycanın şimal bölgəsinə – Qu­baya gedərək burada insanları türk, müsəlman olduqları üçün 1918-ci ildə diri-diri torpağa basdıran erməni van­dallarından “yadigar qalan” kütləvi məzarlığı ziyarət etdilər. Qonaqlara məlumat verildi ki, daşnaklar Qubada 9 gün ərzində 16 min insanı – qadın, uşaq, qoca bilmədən vəhşicəsinə qətlə yetiriblər. Qubada kütləvi məzarlıq 2007-ci ildə adi bir təsadüf nəticəsində aşkar olunub. Burada bir-birinin üstünə qalanan 2 mindən çox insanın sümükləri aşkar edilib. 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Quba Soyqırımı Abidə Kompleksi yaradılıb.

İraqın Ərbil şəhərində fəaliyyət göstərən Türkmən Ədəbiyyatı və Ya­zarlar Birliyinin sədri Əsət Ərbil də abidə kompleksini ziyarət edənlərin arasında idi. Əsət bəy Qüzey İraq parlamentinin 4 il millət vəkili olub. Azərbaycana dəfələrlə gəlib. AYB-nin üzvüdür. Lakin Quba Soyqırımı Abidə Kompleksini ilk dəfədir ki, ziyarət edirdi. Əsət bəy dedi ki, bu abidə təkcə Azərbaycanda deyil, bütün türk dünyasında soyqırımına məruz qalmış günahsız insanlara ucaldılan möhtəşəm abidədir. Təəssüf ki, türkün bu gün də çox yerdə başı qalmaqalda­dır. Türkün düşmənləri çoxdur.

Qubadan Bakıya dönəndə av­tobusda Yəhya Azəroğlu ilə yanaşı əyləşmişdim. Yəhya bəy dedi ki, onun əvvəllər də türk birliyinin bir həqiqət olacağına dərin inancı olub. Hətta gənclik illərində yazdığı şeirlərinin birinin məzmunu belədir ki, o, bu birliyi görməsə belə, gözlərini dünya­ya onun röyaları içində qapadacaq. İndi Allaha şükür ki, bu yenilməz birlik yaranır, gündən-günə güclənir, möhkəmlənir.

Yəhya bəy sonra dərin əminliklə bildirdi: “Bundan sonra dünyada heç bir qüvvə türk xalqlarını bir-birindən ayrı sala bilməz. Bu xalqların dostluğu, qardaşlığı əbədidir, dünya durduqca var olacaq!”

Yəhya bəy sözünə bir qədər ara verib yenidən dilləndi:

– Hər zaman bir yerdə olmağımız gərək. Əlbəttə, uzun onillər boyu ayrı, fərqli mədəniyyətlər işərisində ya­şamışıq. O üzdən bir sıra sıxıntıların olması təbiidir. Bu yöndə ziyalıların öndə olması vacibdir. ASKEF-in də əsas məramı məhz budur!

Məlumat üçün bildirək ki, Türkiyəyə yola düşməzdən əvvəl qonaqlar digər turizm bölgələrimizi – İsmayıllı, Qəbələ və Şəki şəhərlərini ziyarət ediblər. ASKEF-in nümayəndə heyətini Gürcüstan sərhədinə qədər müşayiət edən ASKEF-in Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Sona İsmayılova dedi ki, qonaqlar bu yerlərin qənirsiz gözəlliklərinə heyran qaldılar.

Bəli, biz türk igidlərinin Qara­bağda, Kərkükdə yeni Çanaqqala zəfərləri gözləyirik. İki il əvvəl Azərbaycan Ordusunun şanlı Aprel döyüşləri sübut etdi ki, böyük zəfərə aparan yol yaxındadır. Bu yol bütün türk xalqlarının birliyindən keçir. Bü­tün türk elləri, böyüklü-kiçikli bütün türk dövlətləri bunu arzulayır! Şairlər, sənətçilər yeni zəfərlərin vəsf arzusu ilə alışıb-yanırlar. Allah köməyinizdə olsun, türk elləri!

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında