Əsl adı Sofiya idi

Sofa Bəsirzadə – 100

Amma hamı onu Sofa kimi tanıyırdı. Soy adı Vəzirova olsa da, Bəsirzadə kimi məşhurlaşmışdı. Sofa xanım Bəsirzadə milli teatr və kino sənətimizin inkişafında xüsusi xidmətləri olan aktrisalarımızdandır. O, səhnədə bir-iki cümləsi olan personajlar da, xarakterik dramatik rol da yaradıb, baş qəhrəman obrazlarında da bacarığını sınayıb. Əsas olan bu idi ki, aktrisanın daxili imkanlarının zənginliyi bu rolları özününküləşdirmək imkanı verirdi. Sofa xanım teatr səhnəsində 60 ildən çox çalışıb. Səhnə görkəminin təravəti həmişə göz oxşayıb, çevik plastikası sevdirib onu. Çox işləməyi xoşlayardı. Eyni gündə həm filmə çəkilir, həm də səhnədə çıxış edirdi. Bir sözlə, öz peşəsindən həzz alırdı.

Sofiya Bəsirzadə (Vəzirova) 1918-ci il fevral ayının 28-də Kazan quberniyasının köhnə Çukan kəndində doğulmuşdu. İki yaşında olanda ailəsi Bakıya qayıtmış və o, Bakıdakı 3 saylı məktəbdə ibtidai təhsil almış, sonra 134 saylı məktəbdə orta təhsilə yiyələnmişdir. Yuxarı siniflərdə oxuyanda dram dərnəyinə üzv olmuşdu.

O, 1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olmuş, həmin ilin noyabrından başlayaraq, AMDT-nın tamaşalarında kütləvi səhnələrdə, epizodik rollarda səhnəyə çıxmışdı. 1938-ci il sentyabr ayının 1-də, üçüncü kursda oxuyarkən, tələbə-aktrisa AMDT-nın aktyor truppasına qəbul edilmişdir.

Teatrda yüzdən çox obraz yaratmışdı. Hamısı da bir-birinə bənzəməyən, müxtəlif xarakterli rollar idi. Onun qəhrəmanları bəzən sakit təbiətli, bəzən məğrur və öz əqidəsinə sədaqətli, bəzən isə mənfi xarakterli qadınlar olurdu. Rollarını sadalamaqla qurtaran deyil. Amma bir neçəsini xatırlatmaq istərdik. Nisə xanım (“Lənkəran xanının vəziri”), Sevər, Gülgün, Tanya, Gülsabah, Gülnisə (“Oqtay Eloğlu”, “Od gəlini”, “Yaşar”, “Dönüş” və “Solğun çiçəklər”), Nina, Rübabə (“Şeyx Sənan” və “Səyavuş”), Məryəm, Tamara, Tatyana (“Fərhad və Şirin”, “Vaqif” və “İnsan”), Səadət (“Müsibəti-Fəxrəddin”), Xanın qızı, Pəri cadu (“Köhnə dudman” və “Pəri cadu”) kimi rolları o dövrün ən sevilən səhnə qəhrəmanlarından idi.

Onun qəhrəmanları arasında Anna Dmitriyevna (“Canlı meyit”), Fedra, Esrelya (“Dəlilər”, “Sevilya ulduzu”), Peyanira (“Mehmanxana sahibəsi”) və s. xarici ölkə yazıçı və dramaturqlarının əsərlərindən rollar da var.

Sofa xanım bu obrazların daxili dünyasını aça bilir, cəmiyyətdə qadının rolunu qəhrəmanları vasitəsilə təqdim edirdi.

Sofa Bəsirzadə 10-dan artıq bədii filmə çəkilmişdi. Onun kino qəhrəmanları da müxtəlif xarakterli qəhrəmanlardır. Məsələn, “Şərikli çörək” filmində Roza rolunda oynayır. Müharibə dövründə Bakının məhəllələrinin birində yaşayan bu qadın filmin ağrılı motivinə bir yüngüllük gətirir. Həyətdə toyuq saxlayır, bu barədə xəbər tutan “upravdom” Paşa Balayeviçlə Rozanın qarşılaşdığı epizoddakı maraqlı dialoq filmə bir komizm gətirir. “Upravdom”un “Gələrsən kontora, danışarıq” deyə ona müraciət etməsi epizodu indi dillərdə dolaşan məşhur ifadədir.

“Yol əhvalatı” filmində isə Sofa xanım oğlanın nənəsi Sona obrazını yaradıb. Bu komediya filmində onun qəhrəmanı yaşlı qadın olsa da, çevikdir. “Anlamaq istəyirəm”, “Avqust gələndə”, “Bizim Cəbiş müəllim”, “Dədə Qorqud”, “İstintaq davam edir”, “Dəli Kür”, “Qara daşlar”, “Romeo mənim qonşumdur” və bir neçə filmlərində də o, maraqlı qadın rolları yaratmışdır.

Sofa xanımın milli teatr və kino sənətimizin inkişafında xüsusi xidmətləri olmuşdur. Onun əziz xatirəsi heç zaman unudulmayacaq.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında