“Pazırık xalısı. Rəmzlər dünyası” kitabının təqdimatı olub

Azərbaycan Xalça Muzeyində xalçaçı rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynovun müəllifi olduğu “Pazırık xalısı. Rəmzlər dünyası” adlı kitabının təqdimatı keçirilib. Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunub.

Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalqımızın yaratdığı digər mədəni irs nümunələri kimi xalçaçılıq sənətinin inkişafı, eləcə də Azərbaycan xalçalarının dünyada tanıdılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncamın icrası milli xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsi yolunda böyük addım olacaq.

Vurğulanıb ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri sayəsində 2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Mədəniyyət və turizm  naziri Əbülfəs Qarayev çıxışında deyib: “Qədim tarixə malik Azərbaycan xalçaçılıq sənəti bu gün də öz ənənələrini davam etdirərək gələcək nəsillərə ötürülür. Xalçaçılıq dekorativ-tətbiqi sənətin ən geniş yayılmış növlərindən biri kimi tarixən Azərbaycan xalqının həyatında, məişətində çox mühüm yer tutub. Hər bir xalça toxunduğu yerin təbiəti, onu ərsəyə gətirən insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Elə ona görə də xalçaçılığın inkişafı tarixi, mədəni və maddi irsin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Nazir qeyd edib ki, yeni çap olunan kitabda da yer alan və 2500 il tarixi olan Pazırık xalçası türk xalqlarının yaratdığı bir sənət nümunəsi kimi digər xalqlara güclü təsir edib. Kitabın əhəmiyyətini yüksək dəyərləndirən nazir bildirib ki, belə kitablar ingilis, fransız, eləcə də digər dillərə tərcümə olunaraq dünya ölkələrinə yayılmalıdır.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək kitabın türk dünyasının xalça sənətinin öyrənilməsində qiymətli mənbə olduğunu deyib: “Pazırık xalçasının yaşı 2500 ilə bərabərdir və 1949-cu ildən tədqiq olunur. Müəllif bu tədqiqatda müxtəlif yanaşmaları nəzərə alaraq, bu xalının məhz türk xalqlarına məxsus olduğunu sübut edir. Bu kitab milli mədəni dəyərlərimizə, maddi irsimizə sahiblənmək istəyənlərə tutarlı bir cavabdır. Kitabda muzeyin bir neçə eksponatı da yer alır”.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov qeyd edib ki, böyük tarixə və zəngin mədəniyyətə sahib türk xalqlarının yaratdığı sənət nümunələrindən biri də xalçaçılıq sənətidir. Digər xalqlar zaman-zaman mədəni irs nümunələrimizə sahib çıxmağa çalışıblar. Bu mənada xalçaçılıq sənətimizdə bu cür hücumlardan yan keçməyib. Ona görə də bütün mədəni, mənəvi irsimizə həssaslıqla yanaşıb, onu araşdırıb, öyrənib dünyaya tanıtmalıyıq.

Akademik Teymur Bünyadov, Xalq rəssamları Ömər Eldarov və Ağəli İbrahimov çıxış edərək kitabın Azərbaycan xalçaçılıq sənətinin tarixi üçün qiymətli bir elmi əsər olduğunu diqqətə çatdırıblar.

Sonda bütün iştirakçılara minnətdarlığını bildirən tədqiqatçı, xalçaçı rəssam Məmmədhüseyn Hüseynov müəllifi olduğu kitabda Dağlıq Altayın Pazırık vadisindəki kurqanlardan birində aşkarlanmış dünyanın ən qədim xalısı hesab edilən Pazırık xalısı ilə bağlı aparılmış tədqiqatdan bəhs olunduğunu qeyd edib. Vurğulayıb ki, dörd hissədən ibarət bu kitabda Pazırık xalısının tarixiliyi, kompozisiya quruluşu, bədii cəhətləri və rəmzləşmiş mahiyyəti ilə bağlı məsələləri araşdırıb. Son səhifələrdə türk, rus və ingilis dillərində xülasə verilib. Kitabda türk xalqlarının xalça sənəti nümunələrindəki naxış və motivlərlə Pazırık xalısı elementlərinin arasındakı oxşar xüsusiyyətlərin incələnməsi müşahidə edilir.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında