Xanım jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırılıblar

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Kaspi” qəzetinin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım jurnalistlər arasında keçirdiyi “Azərbaycanın maarifçi qadınları” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi başa çatıb.

martın 7-də müsabiqənin yekunlarına həsr olunan tədbir və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov əsrlər boyu Azərbaycan qadınının cəmiyyətimizin mənəvi dəyərlərinin formalaşmasında və inkişafında rolundan danışıb, bütün xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. İlk dəfə xanım jurnalistlər arasında keçirilən müsabiqədən bəhs edən icraçı direktor bildirib ki, ötən il dekabrın 8-də elan olunan müsabiqəyə fevralın 8-də yekun vurulub. Təşkilat Komitəsinə 26 yazı daxil olub. Bu yazılarda Azərbaycanın tanınmış maarifçi xanımlarının həyat yolu və fəaliyyəti geniş işıqlandırılıb. Yazıların hamısı ilə tanış olduğunu diqqətə çatdıran O.Səmədov vurğulayıb ki, müsabiqəyə təqdim olunan yazıların yer aldığı “Azərbaycanın maarifçi qadınları” toplusu gələcək araşdırmalar üçün dəyərli mənbə rolunu oynayacaq.  

O.Səmədov toplunun bölgələrdə təqdimat mərasimlərinin keçirilməsini təklif edib, Bilik Fondunun tarixdə böyük işlərə imza atmış xanımlar haqqında cəmiyyətə ətraflı bilgilər verməyə hazır olduğunu söyləyib. Fondun icraçı direktoru “Azərbaycanın maarifçi qadınları” toplusunun müxtəlif dillərə tərcümə olunmasının vacibliyini vurğulayıb.  

“Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetininin təsisçisi Sona Vəliyeva müsabiqədə iştirak edən xanım jurnalistlərə minnətdarlığını bildirib, onların yazılarının həm keçmiş, həm indiki, həm də gələcək nəsillər arasında maarifləndirmə körpüsü olduğunu söyləyib.

Müsabiqəyə qatılan hər bir xanım jurnalistin qalib olduğunu diqqətə çatdıran Sona Vəliyeva əsas mükafatlara layiq görülənlərə yeni-yeni uğurlar arzulayıb. “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri müsabiqəyə təqdim olunan yazılardan ibarət toplunun Bilik Fondu tərəfindən nəşr edildiyini xatırladıb.

Bildirilib ki, “Azərbaycanın maarifçi qadınları” toplusunda akademik Zərifə Əliyeva, şərqşünas alim Aida İmanquliyeva, Pəri Topçubaşova, Hənifə Məlikova, Şəfiqə Əfəndizadə, Sara Aşurbəyli, Sona Tağıyeva, Məryəm Bayraməlibəyova və digər tanınmış xanımlar barəsində maraqlı yazılar əksini tapıb.

Digər çıxış edənlər də Azərbaycanın maarifçi xanımlarının cəmiyyətdəki danılmaz rolunun daha geniş işıqlandırılmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, belə müsabiqələrin mütəmadi keçirilməsi maarifçi qadınlarımızın fəaliyyətinə işıq tutar.

Sonda müsabiqənin qalibləri mükafatlandırılıblar.  

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında