Bu gün onların da bayramıdır

Şəhidlər xiyabanında düşüncələr

Küçədə bir canlanma var, əllərdə çiçəklər, hədiyyələr... İsti və sevgi dolu baxışlarından oxunur fərəhləri.

Kimini həyat yoldaşı, kimini nişanlısı, kimini qardaşı, dostu-tanışı təbrik edir. Bəli, bu gün onların – ailələrə səadət bəxş edən fədakar qadınların, cəmiyyətə nümunəvi övlad bəxş edən anaların, bacıların bayramıdır. Bütün dünyada qeyd olunan 8 Mart--Beynəlxalq Qadınlar Günü ölkəmizdə də bayram edilir. Necə deyərlər, bu bayramdan Azərbaycan qadınına da pay düşür.

Azərbaycan qadını tarixən nəcibliyi, gözəlliyi ilə yanaşı, isməti-namusu, vəfası, sədaqəti, yeri gəldikcə qəhrəmanlığı ilə də seçilib. Azərbaycan qadını Tomrisin simasında cəsur sərkərdə, Burla Xatunun simasında sədaqətli həyat yoldaşı, Sara Xatunun simasında uğurlu diplomat, Xurşudbanu Natəvanın simasında nəcib ana və xeyriyyəçi xanımdır. Bu siyahını xeyli uzatmaq da olar.Demək istədiyim budur ki, tarixin bütün dövrlərində Azərbaycan qadını üzərinə düşən bütün əsas missiyaları zərif çiyinlərində şərəflə daşıya bilib. Azərbaycanın müstəqilliyini qazandığı ilk illərdə olduğu kimi.

Bu gün həm də məzar daşlarından boylanan o zərif baxış sahiblərinin bayramıdır. Bu bayramda xatırlanmaq, yad edilmək həm də onların haqqıdır...

Fərizə Allahverdiyeva. Xiyabanın girişindəcə bura gələnlər sənin ülvi hisslərinə, sevginə sadiqliyinə baş əyir. Sən İlhamsız yaşaya bilmədin, bacı. İkinizin də itkisi qohumları göynətsə də, sən İlhamla olan sevgini 20 Yanvar gecəsi ədəbiləşdirdin. Azərbaycan gəncinə sevməyi də, sevilməyi də, onun uğrunda ölməyi də öyrətdin. Əfsanəvi sevgilər ancaq dastanlarda olur, – deyirdilər. Ancaq sevgiyə inanmayanlar da indi sizi böyük sayğı ilə xatırlayırlar...

Salatın Əsgərova. Peşəsinə, qələminə və Vətəninə sadiq bir xanım. Azərbaycanın ilk şəhid qadın jurnalisti. Sən Qarabağda erməni silahlılarının törətdiyi vəhşiliklərə biganə yanaşa bilmirdin. Həm jurnalist, həm də vətəndaş kimi. Hər dəfə böyük cəsarətlə cəbhəyə yollanırdın xəbər dalınca. “Molodyoj Azerbaydjana” qəzetinin oxucuları məhz sənin imzanla oxuyurdu cəbhədən reportajları. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında sənin əyləşdiyin maşını erməni silahlıları atəşə tutdu...Bir zərif ürək dayandı... Amma sənin Vətənə olan sevgini, peşənə məhəbbətini məhv edə bilmədi. Bu gün sən yenə də jurnalistika fakültəsinin tələbələri, gənc jurnalistlər, həmkarların tərəfindən yenə də xatırlanırsan. Balaca qoyub getdiyin Ceyhun da böyüyüb, indi onun imzası da jurnalistikamızda tanınır. Bayramın mübarək, əziz həmkarım!

Qaratel Hacımahmudova. Sənin də ömrünü yarımçıq qoydu lənətə gəlmiş müharibə. İçindəki yurd sevgisi səni də çətin qanlı günlərdə ­rahat qoymadı. Doğulduğun Aşağı Əskipara kəndinin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşuldun. “Aslanın erkəyi-dişisi olmaz”, – deyib onlarla bir səngərdə döyüşdün. Yeri gəldikcə, həm yemək bişirdin, həm də silah götürüb, səngərdə mübarizə apardın. Başqa qadınlar isti ocağında olduğu halda, sən alovun içinə atıldın. Bilirdinmi bunun sonunda ölüm var, sınaq var?! Bilməmiş deyildin. Sənin üçün Vətənin hər qarışını, xüsusilə də doğulduğun kəndi qorumaq bütün dəyərlərdən qat-qat ucada idi. Elə olmasaydı, düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyin zəhəri içib, canına qıymazdın.

Gültəkin Əsgərova. Qürurluyam. Mən də sənin təhsil aldığın 200 saylı məktəbin məzunuyam. Müəllimlərimiz tədbirlərdə həmişə səndən danışıb bizə. Büstünün önünə tər çiçəklər qoyanda sənin kimi bir cəsur olmağı arzulamışıq nə zamansa. Sən də balaca Əminəni Rəfiqə anaya əmanət etdin. Qarabağda od-alovun içinə gedəndə neçə-neçə döyüşçümüzün yaralarına məlhəm oldun. Çünki sən həm də həkimlik peşəsini seçəndə and içmişdin. Rəfiqə anaya məktubda yazırdın:“Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər!” Elə bu missiya uğrunda da canını fəda etdin. 1992-ci il 19 iyulda Aranzəmin uğrunda gedən döyüşlər zamanı ağ xalatlı xilaskar xanım kimi gözlərini əbəbi yumdun... Bugün həkim olmaq arzusunda olan gənclərimiz üçün sən əsl nümunə və qəhrəmansan.

Xiyabanda Xocalıdan olan 5 yaşlı qızın da məzarı var. Görəsən sənin adın nə idi? Kimin ciyərparası idin?! Sonuncu dəfə səni kim təbrik eləmişdi? Yəqin doğmaların ad günlərini də keçiriblər, hədiyyə də alıblar.. İndi isə hədiyyən al qan rəngli güllərdir...

Sizin hər biriniz zaman və taleyin ağır sınaqlarından şərəflə çıxdınız. İndi fiziki olaraq aramızda olmasanız da, öz cəsarətiniz və Vətənə bağlılığınızla həmişə gələcək xanımlara örnəksiniz. Çünki siz bir qəhrəmansınız. Azərbaycan gənci gücləndikcə, Vətənə bağlandıqca, onlar arasında da Gültəkinlər, Salatınlar, Qaratellər yetişəcək. 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında