Sən bütün ehtiramlara layiqsən, Azərbaycan qadını!

 

 

 

 

 

 

 

 

 

 

 

 


Mən dünyanın çox yerini gəzmişəm, qadınlarını görmüşəm. Fikrim belədir ki, Azərbaycan qadını bütün dünyadakı qadınlardan gözəldir. Bunu sizə xoş gəlməsi üçün demirəm. Bu, mənim həqiqi fikrimdir və mən bütün dünya qadınlarını görəndən sonra bu fikrə gəlmişəm. Ona görə də mən Azərbaycan kişilərinə məsləhət verirəm: qadınları qiymətləndirin, qadınları sevin.

Ulu öndər Heydər Əliyevin
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli gecədəki nitqindən

 Bakı şəhəri, 6 mart 1999-cu il

 



Ədəbiyyatımızda daim gözəlliyin və zərifliyin mücəssəməsi, sədaqətin və ülviliyin rəmzi kimi vəsf olunan dərin mənəviyyatlı Azərbaycan qadını, həmçinin güclü iradəsi, vətənpərvərliyi və fədakarlığı ilə seçilərək yurdun mübarizə salnaməsində silinməz izlər qoymuşdur. Keçmişimizin mürəkkəb sosial-siyasi dəyişikliklərə məruz qaldığı müəyyən dövrlərdə o, həmişə təmkinlilik nümayiş etdirməklə cəmiyyətin sarsılmaz mənəvi dayağı olduğunu sübuta yetirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikindən

Bakı şəhəri, 6 mart 2018-ci il

 



Ən qədim xalqlardan olan azərbaycanlıların tarixi dünyanın müasir etnoqrafları tərəfindən öyrənildikcə, xüsusilə qabardılmalı mənəvi keyfiyyətlərimizə maraq və ehtiram daha da artır. Əcnəbilər Azərbaycan xalqının min illər boyu yaşatdığı mübarizə əzmini, dövlətçilik təcrübəsini, zəngin mədəniyyət və ədəbiyyatını, qonaqpərvərliyini və ən nəhayət, qadınlarımızın cəmiyyət həyatında nümunə göstərilə biləcək fəallığını, ailədəki sədaqətini, diplomatiyada, hərbdə, idarəetmədə qazandığı uğurları yada salır, bu faktların ehtirama layiq olduğunu yazırlar.

Tanrının xalqımıza bəxş etdiyi səadətdir ki, Azərbaycan qadını bu gün də həmin keyfiyyətlərin hamısını, həm də ən ali səviyyədə yaşadır. Bu gün Azərbaycan qadınının rəmzinə çevrilmiş Mehriban xanım Əliyeva BMT Təhlükəsizlik Şurasına sədrlik etmiş bir ölkənin, regionun lider dövlətinin Birinci vitse-prezidentidir. Bu gün Azərbaycan qadını ölkəmizin parlamentinin vitse-spikeri, deputatı, naziri, səfiri, icra başçısı, elm, təhsil, səhiyyə strukturlarının rəhbəridir.

Bu gün Azərbaycan qadınlarının yaşlısı da, gənci də ölkəmizin inkişafına, dövlətimizin tərəqqisinə, xalqımızın sosial-rifah halının yaxşılaşdırılmasına xidmət edir. Gənc ictimai xadim, 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri, həmin ildən “Baku” jurnalının təsisçisi və baş redaktoru, 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti gənc Azərbaycan qadınlarının nümunəsi kimi qəbul edilir.

Xanımların cəmiyyət həyatındakı fəallığı və özünü yaxşı cəhətdən göstərmək qabiliyyəti həm xalqımızın milli keyfiyyətlərindən, həm də cəmiyyətin onlara göstərdiyi inam və etimaddan qaynaqlanır. Bu məntiqin təsdiqini dövlət başçımızın martın 6-da Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubunda da görürük: “Yüzüncü ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyətinin Şərq aləmində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verməsi məhz ictimai-siyasi fikir və mədəniyyət tariximizin görkəmli simalarının cəmiyyətin ahəngdar inkişafında, taleyüklü məsələlərin ədalətli həllində qadınların fəaliyyətini layiqincə qiymətləndirmələrinin nəticəsidir. Ötən müddət ərzində Azərbaycan xanımları maarifpərvər sələflərinin ənənələrini şərəf və ehtiramla davam etdirmiş, müasirləşmə yolunda çoxsaylı müvəffəqiyyətlər qazanmış və müstəqillik naminə ümumxalq hərəkatının ön sıralarında olmuşlar”.

Bu məqama ulu öndər Heydər Əliyevin çıxış və nitqlərində də tez-tez rast gəlirik: “Azərbaycan qadını azadlıq əldə edəndən sonra sürətlə özü də inkişaf etmiş və cəmiyyətin də inkişaf etməsinin səbəbkarı, böyük iştirakçısı olmuşdur. Ona görə də bu gün müstəqil Azərbaycanda qadınların problemi ondan ibarətdir ki, onlara daha da çox qayğı göstərmək lazımdır, onların qüvvəsindən daha da səmərəli istifadə etmək, onlara daha da çox hörmət etmək, cəmiyyətin minnətdarlığını bildirmək lazımdır”.

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan cəmiyyəti ulu öndərin həmin tövsiyə və tapşırıqlarına daim və yüksək səviyyədə əməl etmiş və nəticədə qadınlarımızın əldə etdiyi uğurlar qat-qat artmışdır. Bu gün ölkəmizdə səhiyyə və təhsil sahəsində işləyənlərin 50-60 faizini qadınlar təşkil edirsə, deməli, biz gender probleminin tamamilə həll edilməsinə nail olmuşuq.

Fakt ondan ibarətdir ki, milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak edərək, Vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Təhsil sahəsində isə qadınlarımızın fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Ölkəmizin çoxminli xanım müəllimləri öz səmərəli fəaliyyətləri ilə gənc nəslin yüksək səviyyəli, fəal mövqeli, xalqına, dövlətinə sadiq, müasir dünyada gedən proseslərdən baş çıxarmağı bacaran kamil vətəndaşlar kimi yetişməsi işinə böyük töhfələr verirlər.

Bu istiqamətdə dövlətin atdığı bəzi addımları da yada salaq. Belə ki, 1995-ci ilin iyun ayında ölkəmiz BMT-nin ”Qadınlara münasibətdə hər cür ayrı-seçkilyin ləğv edilməsi haqqında” Konvensiyasına qoşulub və öz üzərinə müvafiq öhdəliklər götürmüşdür. Bundan başqa, 1998-ci il sentyabrın 14-15-də, ulu öndərin təşəbbüsü ilə -- 26 illik fasilədən sonra Azərbaycan qadınlarının növbəti qurultayı keçirildi. İki gün davam edən qurultayda respublika qadınlarını iki mindən çox nümayəndə təmsil edirdi. Məhz həmin qurultay müstəqil Azərbaycan qadınlarının ictimai-siyasi həyatında dönüş mərhələsinin başlanğıcı oldu.

 Ulu öndər qurultaydakı çıxışında demişdi: “Hesab edirəm ki, bu qurultay XX əsrdə Azərbaycanın tarixində ən böyük tarixi hadisələrindən biridir. Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyublar. Siz bunun əsasını qoymusunuz, böyük iş görmüsünüz. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm”.

Ulu öndərin siyasi kursunun bütün istiqamətləri kimi gender siyasətini də yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin icrasını daha böyük nailiyyətlərlə təmin etmişdir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün ulu öndər tərəfindən 1998-ci ildə yaradılmış “Qadın problemləri üzrə Dövlət Komitəsi”nin səlahiyyətləri genişləndirilərək “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” yaradılmışdır. Bu qurum qeyd olunan istiqamətlərdə aparılan məqsədyönlü işlərin sürətlə həyata keçirilməsində müstəsna rol oynayır.

Bu gün Azərbaycan qadınlarının doğrudan da geniş ictimai-siyasi, elmi-texniki potensialı vardır. Ölkəmizin tərəqqisi yolunda birləşən qadınlarımızı məhz bir amal birləşdirir – dövlətimizin daha da inkişaf etdirilməsində, ölkədə sabitliyin, əmin-amanlığın qorunmasında, övladlarımızın xoşbəxt gələcəyinin təmin edilməsində fəal iştirak etmək. Bu müqəddəs amalın həyata keçirilməsində onlara uğurlar arzulayırıq.

Bayramın mübarək, Azərbaycan qadını! Yeni zəfərlərinin sədası bütün dünyada eşidilsin!

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında