Moskvada “Azərbaycanlılar” etnoloji külliyyatı nəşr edilib

“Nauka” nəşriyyatı tərəfindən çoxcildli “Xalqlar və mədəniyyətlər” etnoloji külliyyatının “Azərbaycanlılar” adlı növbəti cildi çapdan çıxıb. 1400 tirajla nəşr edilmiş yeni cild qədim və zəngin etnik mədəniyyətə, adət-ənənəyə malik olan azərbaycanlılar barədə əhatəli etnoloji tədqiqat əsəridir. Rusiya Elmlər Akademiyasının (REA) Etnologiya və Antropologiya İnstitutunun əməkdaşlarının iştirakı ilə azərbaycanlı etnoloq və tarixçi mütəxəssislər tərəfindən nəşrə hazırlanmış bu cild azərbaycanlı etnikliyinin əsas tarixi, coğrafi və mədəni aspektləri, maddi mədəniyyətin özünəməxsus etnik komponentləri, ənənəvi təsərrüfat fəaliyyəti, xalq adətləri, mərasimləri, folkloru daxil olmaqla, orijinal ənənəvi-məişət mədəniyyəti barədə məlumatları əks etdirir.

Kitabın məsul redaktorları AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Etnososioloji tədqiqatlar şöbəsinin rəhbəri, antropologiya üzrə elmlər doktoru, professor Əliağa Məmmədli və REA Etnologiya və Antropologiya İnstitutunun Qafqaz şöbəsinin baş elmi əməkdaşı, tarix elmləri namizədi Lyubov Solovyovadır.  

www.science.az saytının məlumatında deyilir ki, “Azərbaycanlılar” cildi ilə tanış olan rusdilli oxucular müasir “azərbaycanlı” etnoniminin formalaşmasının əsas mərhələləri, xalqın irqi təsnifatda yeri, Azərbaycan etnosunun formalaşmasında mühüm rol oynamış əsas etnoqrafik qruplar, Azərbaycanın özünəməxsus xüsusiyyətlərə malik tarixi-etnoqrafik zonaları barədə maraqlı məlumatlar əldə edəcəklər. Etnoloji nəşrdə azərbaycanlıların ənənəvi əkinçi mədəniyyətinin xüsusiyyətləri, yüzilliklər boyu təşəkkül tapan təsərrüfat təcrübəsi şərh edilib. Bundan başqa, Azərbaycan etnoloqları tərəfindən təhlil edilmiş maldarlıq, təsərrüfat fəaliyyəti, sənətkarlıq istehsalı ilə bağlı məsələlər oxucuların diqqətinə çatdırılıb.

Nəşrdə, həmçinin azərbaycanlılar arasında İslamın qəbuluna qədər yayılmış ənənəvi xalq inancları, dinlər və Azərbaycandakı İslam dininin xüsusiyyətləri barədə məlumat yer alıb. Cild zəngin fotomateriallar və xəritələrlə illüstrasiya olunub.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında