Quba, Qusar və Xızı-Xaçmaz turizm zonalarının yaradılması istiqamətində işlər davam edir

Məlum olduğu kimi, mövcud inzibati ərazi vahidləri daxilində turizm xidməti infrastrukturunun və turizm növlərinin davamlı inkişafı, turizm ehtiyatlarının səmərəli istifadə olunması, mövsümiliyin azalması, bölgədə turizm günlərinin sayının artırılması, yerli səviyyədə effektiv idarəetmənin təşkili istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir.

Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin təklifi əsasında “Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2016-cı il tarixli 286 nömrəli qərarı təsdiq olunub. Sözügedən qərar Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”yə uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin Ekologiya və Təbii Sərvətlər, Ədliyyə nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq qəbul edilib. Qərara əsasən, Xızı rayonunun 7969,22 hektar, Siyəzən rayonunun 14365,44 hektar, Şabran rayonunun 25833,78 hektar, Xaçmaz rayonunun 33832,40 hektar inzibati ərazilərində Xızı-Xaçmaz, Quba rayonunun 3729,43 hektar inzibati ərazisində Quba turizm və rekreasiya zonası, Qusar rayonunun 14546,55 hektar inzibati ərazisində isə Qusar turizm və rekreasiya zonası yaradılıb.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının 2017-2018-ci illər üzrə Fəaliyyət Planı” hazırlanıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2017-ci il tarixli 292s nömrəli sərəncamı ilə təsdiq olunub. Fəaliyyət Planına uyğun olaraq, 2017-ci ildə Quba və Xızı-Xaçmaz turizm və rekreasiya zonalarının idarəetmə şurası yaradılıb (2016-cı ildə Qusar). Bu şuralarda yerli icra hakimiyyəti və aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri və özəl sektor təmsil olunur.

Biznes mühitinin yaxşılaşdırılması, yeni müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye istehsalının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq, investisiya təşviqi mexanizmi yaradılıb. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.

İnvestisiya təşviqi sənədi 7 il müddətinə gəlir və mənfəət vergisindən 50 faiz, əmlak və torpaq vergisindən, müvafiq avadanlıqların idxalının gömrük rüsumlarından və ƏDV-dən azad olunmasına imkan verir. Bu isə turizm infrastrukturunun qurulmasında sahibkarlarda əlavə stimul yaradır.

2017-ci il üçün Mədəniyyət və Turizm Nazirliyinə ayrılmış büdcə vəsaiti həcminə uyğun olaraq Quba, Qusar və Xızı-Xaçmaz turizm və rekreasiya zonalarının Baş inkişaf planlarının hazırlanması məqsədilə keçirilmiş müsabiqədə qalib olmuş şirkətlərlə müqavilə imzalanıb. Aidiyyəti qurumlarla razılaşdırılmaqla turizm və rekreasiya zonalarının Baş inkişaf planları hazırlanır. Baş inkişaf planlarının hazırlanmasını həyata keçirən icraçı şirkətlər tərəfindən layihə çərçivəsində aparılan marketinq araşdırmaları və klasterlərin yaradılması üçün seçilmiş ərazilərin təqdimatları da gerçəkləşdirilib.

Qeyd olunan Baş inkişaf planlarında zonaların inkişaf strategiyaları, infrastrukturun qurulması, investisiyaların cəlb olunması, turizm klasterlərinin yaradılması ilə bağlı məsələlər yer alacaq. Sonrakı mərhələdə Baş inkişaf planlarının icrası üçün illik planlar tərtib olunacaq.

Mehdi MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında