“Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi açılacaq

Azərbaycan Milli İncəsənət Muzeyində “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi açılacaq. Sərgi martın 5-də tamaşaçıların ixtiyarında olacaq. Bu barədə muzeydən məlumat veriblər.

Sərgidə  muzeyin fondundan 18 minə yaxın bədii sənət əsəri nümayiş olunacaq. Milli İncəsənət Muzeyinin yapon incəsənəti kolleksiyası  xronoloji çərçivəsi XVIII-XX əsrləri əhatə edən 200-ə yaxın muzey əşyasını özündə birləşdirir. Hazırda muzey, yapon fəlsəfəsinin gözəllik və təbiiliyini özündə ehtiva edən “Gündoğan ölkə”nin əsaslı dekorativ tətbiqi sənət kolleksiyasına sahibdir.

Sərgidə təqdim olunan yapon dekorativ tətbiqi sənət abidələri arasında bədii keramika toplusu xüsusi diqqət cəlb edir. Sərginin ekspozisiyasında dünyada nüfuz qazanmış, XVIII-XX əsrlər Yaponiyanın məşhur keramika mərkəzlərinin nümunələri təqdim edilir. Parlaq rəsmləri olan çeşidli qab və boşqablar, qızılı və fiqurlu işləməli iri həcmli təntənəli dekorativ güldanlar, zərif dekorlu kiçik güldanlar, qıf şəklində yan tutacağı olan ənənəvi çaydanlar, nazik divarlı fincan və nəlbəkilər, naxışlı piyalələr, ustaca zərif miniatürlərlə bəzədilmiş çay dəstləri, gözoxşayan ətir qabları, çox nadir və orijinal formalı təraş qabları bu qəbildəndir.

Sərgi tamaşaçıları məftunedici rəng çalarları ilə sevilən mənzərə tematikasında ustalıqla işlənmiş ecazkar yapon tikmə nümunələri ilə tanış edir.

“Gündoğan ölkə”nin zərif, sirli və füsunkar incəsənətinə olan tükənməz maraq əsasında onilliklərlə formalaşan Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındakı yapon incəsənəti bədii nümunələrinin təqdim olunduğu hazırki sərgi bütün təlaşı onun hüdudlarından kənara qoyur. Zahirən sadə görünən, lakin yapon sənətkarlarının gözündə zəriflik simvolu olan bu gözəllik əsrarəngiz ab-havaya qərq olunan sanki kiçik bir dünyadır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında